Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqı kənd təsərrüfatının bir qrup işçisini təltif edib

426

Kənd Təsərrüfatı Nazirliyində 1 noyabr – Kənd Təsərrüfatı İşçiləri Gününə həsr olunmuş təntənəli yığıncaq keçirilib.

Tədbirdə çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov peşə bayramı münasibətilə fermerləri təbrik edib. Nazir Məcnun Məmmədov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi və böyük zəhməti nəticəsində həm keçmiş sovetlər dönəmində, həm də müstəqillik dövründə ölkəmizdə bütün sahələrdə olduğu kimi aqrar sahədə də ciddi islahatlar aparılıb, kənd təsərrüfatının dayanıqlı inkişafı üçün möhkəm baza yaradılıb. Əsası Ümummilli Lider tərəfindən qoyulmuş və hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilən uğurlu aqrar siyasət nəticəsində kənd təsərrüfatı sahəsi dinamik inkişaf tempini qoruyub saxlayır.

Tədbirdə çıxış edən Nazirlər Kabineti Aparatının Aqrar və ekologiya şöbəsinin müdiri Lətif Qasımov qeyd edib ki, müasir Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə bütün sahələrdə olduğu kimi aqrar sahədə də ciddi uğurlar əldə edilib, hazırda kənd təsərrüfatında müsbət inkişaf dinamikası davam edir. Ölkədə aqrar məhsulların istehsalı və ixracı ildən-ilə artır, kənd təsərrüfatı qeyri-neft sektorunun inkişafında aparıcı sahəyə çevrilir.

Milli Məclisin aqrar siyasət komitəsinin sədri, Milli Məclisin deputatı Tahir Rzayev Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısında xidmətlərindən bəhs edib.
Daha sonra Kənd Təsərrüfatı Nazirliyinin bir qrup əməkdaşı xidmətdə fərqləndiyinə görə, Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı tərəfindən Fəxri Fərmanla təltif olunub.
Tədbirdə çıxış edən Nazirlik əməkdaşları və fermerlər göstərdiyi yüksək diqqət və qayğıya görə, aqrar sektorda çalışan insanlar adından Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.