Noyabrın 6-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən 8 Noyabr – Zəfər Günü münasibətilə Respublikanın rayonlarında yaşayan 4 200 aztəminatlı ailə, o cümlədən şəhid və qazi ailələri üçün ərzaqla dolu avtomobil karvanı yola salınıb.
Bundan başqa, noyabrın 3-də Naxçıvan Muxtar Respublikasında yaşayan həmin kateqoriyadan olan 1 250 ailəyə də bayram sovqatı verilib.
Bununla da AHİK-in 2020-ci ildən indiyə kimi yardım göstərdiyi ailələrin sayı 51 915-ə çatıb.
Qeyd edək ki, sahə həmkarlar ittifaqları və onların yerli təşkilatları da bu ərəfədə bütün bölgələr üzrə qeyd etdiyimiz kateqoriyadan olan ailələrə ərzaq yardımları göstərirlər.
Yola salınma mərasimində iştirak edən AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev jurnalistlərə bildirib ki, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələr daim həmkarlar ittifaqlarının diqqətindədir: “Bayramlarda, həmçinin dövlətimiz üçün əlamətdar olan digər günlərdə həmin ailələrə yardımlar göstəririk. Bundan başqa, həmkarlar ittifaqları şəhid ailələrinə də hər zaman dəstək olur. Düzdür, şəhid ailələri və qazilər dövlətimizin hərtərəfli himayəsi ilə əhatə olunur. Bizim onlara sovqat göndərməkdə məqsədimiz bayramlarını təbrik etmək, bayram süfrələrini bəzəməkdir. Hazırda 353 şəhid övladı AHİK-in himayəsindədir, 18 yaşına çatana qədər onlara maddi dəstək göstəriləcək. 2022-ci ildə və cari ilin ilk 6 ayı ərzində AHİK və üzv təşkilatları tərəfindən 2456 nəfər şəhid ailəsi üzvünə, qaziyə, müharibə veteranına pulsuz yollayış verilib”.
“Nəzərinizə çatdırım ki, dünyada Azərbaycan dövləti qədər şəhidlərinə ali dəyər verən, onların ailələrinə hərtərəfli kömək göstərən ölkə yoxdur. Əlbəttə, bu istiqamətdə dövlətimiz bir nümunədir. Qəhrəman övladlarımızın ailələri tam miqyasda evlərlə, mənzillərlə təmin olunurlar. Qazilərin məişət problemləri də davamlı olaraq öz həllini tapır. olunur. İndiyədək 13 900 şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilib. Müharibə əlillərinə 7 500-dən artıq minik avtomobili verilib. Şəhid ailəsinin üzvləri və müharibə iştirakçıları olan 19,2 min şəxsin məşğulluğu təmin edilib, o cümlədən 10,1 min şəxs özünüməşğulluq proqramına cəlb olunub. 1997-ci il avqustun 2-dək hərbi xidmətdə aldığı xəsarətlə bağlı əlilliyi olan 17 234 şəxs üzrə birdəfəlik ödəmə verilib. Onlara verilən sosial ödənişlər hər il artırılıb, müharibə veteranlarına aylıq təqaüd təyin edilib. Aydın görürük ki, dövlətimiz onlara lazım olan hər cür dəstəyi verir”, – AHİK sədri müsahibəsində deyib.