AHİK sədri Səttar Möhbalıyev Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festivalı və “Qərbi Azərbaycana qayıdışa gedən yol” konqresində iştirak edir

515

Noyabrın 23-də Naxçıvan şəhərində “Qərbi Azərbaycana qayıdış” adlı festival və “Qərbi Azərbaycana qayıdışa gedən yol” adlı konqres öz işinə başlayıb.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçirilən festival-konqresdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev də iştirak edir.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, önünə tər güllər düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.

Heydər Əliyev Muzeyində olan ziyarətçilərə görkəmli dövlət xadiminin zəngin, çoxşaxəli siyasi irsi və mənalı ömür yolundan bəhs edən eksponatlar barədə məlumat verilib.
Sonra Naxçıvan Dövlət Milli Dram Teatrında “Qərbi Azərbaycana qayıdış” festivalı və “Qərbi Azərbaycana qayıdışa gedən yol” konqresinin açılış tədbiri keçirilib.

Tədbirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda şəhid olanların əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Qərbi Azərbaycana məxsus folklor nümunələrindən ibarət kompozisiya və videoçarx nümayiş etdirilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin, elm və təhsil naziri Emin Əmrullayevin, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayevin, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərlinin, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, ADPU-nun prorektoru, professor Mahirə Hüseynovanın tədbirdə çıxışları dinlənilib.
Festival-konqres bədii hissə ilə davam edib.