AHİK sədri Səttar Möhbalıyev Naxçıvanda “Ağbulaq” istirahət mərkəzinə baxış keçirib

592

Noyabrın 1-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev və AHİK-ə üzv təşkilatların rəhbərləri Şahbuz rayonunun Ağbulaq kəndində yerləşən Konfederasiyaya məxsus “Ağbulaq” istirahət mərkəzinə baş çəkiblər.

Səttar Möhbalıyev mərkəzdə istirahət edənlərin qaldığı korpus otaqlarına, kotteclərə, həmçinin yeməkxanaya və mətbəxə baxış keçirib, turistlərin dincəlməsi üçün yaradılmış şəraitlə yaxından tanış olub, ərazini gəzib.

Məlumat verilib ki, istirahət mərkəzi dəniz səviyyəsindən 2000 metr yüksəklikdə yerləşir və 76 nəfərin qala biləcəyi 38 otaq fəaliyyət göstərir. Otaqlar peyk yayımlı TV, daxili xətli telefon, mini bar, kassa, vanna otağı (duş, duş kabini), WC, fenlə təchiz olunub. Ağbulaq İstirahət Mərkəzində kafe-bar, restoran-bar turistlərin istifadəsindədir. Bundan başqa, burada mini futbol-voleybol meydançası, uşaqlar üçün əyləncə parkı, market, poçt xidməti və başqa xidmətlər də mövcuddur.

AHİK sədri həmçinin istirahət mərkəzinin nəzdində olan Xizək mərkəzində də olub. Bildirilib ki, mərkəzdə ümumi uzunluğu 1600, eni isə 30 metr olan dağ-xizək enişi, kanat yolu, süni qaryaratma sistemləri, xizəksürmə məktəbi mövcuddur. Burada turistlər rahat şəkildə geyimləri və ləvazimatları – gödəkcə, snoubord, kirşə, xizək ayaqqabısı, xizək çubuğu, xizək, dəbilqə, eynək, əlcək və şalvarı ən ucuz qiymətə kirayə edə bilirlər. Mərkəzdə ixtisaslı təlimçilər müxtəlif hazırlıq səviyyəsi olan xizəkçilər üçün təlimlər keçir və təhlükəsizlik qaydalarını izah edirlər. Mərkəzin əsas infrastrukturu kanat yoludur. Uzunluğu 952 metr olan kanatın başlanğıc və son dayanacaq yeri arasındakı hündürlük fərqi 267 metrdir. Kanat yolunda hər biri 4 yerlik olmaqla 58 oturacaq quraşdırılıb. Kanat liftinin başlanğıcında və sonunda fəaliyyət göstərən kafelərdə qonaqlara tez hazırlanan qida və kofe, çay və digər içki çeşidləri təklif olunur.

AHİK sədri Səttar Möhbalıyev turistlərə göstərilən xidmət səviyyəsinin daha da artırılması ilə bağlı mərkəz rəhbərliyinə bir sıra tapşırıqlar verib.