AHİK-in nümayəndələri Özbəkistanda seminarda iştirak edib

421

Özbəkistanın paytaxtı Daşkənd şəhərində “Mərkəzi Asiyada həmkarlar ittifaqları tərəfindən təhsil yolu ilə işçilərin səlahiyyətlərinin artırılması: Gələcəyə baxış” mövzusunda seminar keçirilib.

Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının təşəbbüsü ilə Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən təşkil olunan tədbirdə Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Monqolustan, Moldova və Tacikistanın həmkarlar ittifaqlarının nümayəndələri iştirak ediblər.

Ölkəmiz tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Aparat rəhbərinin müavini Qara Ağayev və Təşkilat işləri və məlumat şöbəsinin mütəxəssisi Tural Süleymanov tərəfindən təmsil olunub.

Tədbirdə mövzuya uyğun olaraq, həmkarlar ittifaqı üzvlərinin təhsilə cəlb edilməsi, onların maarifləndirilməsi, kadr və fəalların iхtisasının artırılması və yenidən hazırlanması ilə bağlı çıxışlar olub, rəy və təkliflər səslənib.

Azərbaycan nümayəndə heyəti seminarda çıxış edərək bu istiqamətdə ölkəmizin təcrübəsini bölüşüb, həmkarlar ittifaqları kadrlarının hazırlanması, ixtisaslarının artırılması istiqamətində görülən işlərdən, həmçinin işçilərin hüquq və mənafelərinin müdafiəsi, əməyin təhlükəsizliyi və sağlamlığı, iqtisadiyyat və qlobal tendensiyalar, insan potensialının inkişafı mövzularında təşkil olunan kursların əhəmiyyətindən bəhs ediblər.