9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

565

Dövlətimizin Bayrağı varlığımızın, xalqımızın həmrəyliyinin rəmzidir, azadlıq məfkurəmizi, mənəvi dəyərlərimizi və ümumbəşəri ideyalarımızı nümayiş etdirir. 1918-ci ildə müdrik və qəhrəman xalqımız üçrəngli Bayrağını Vətənimizin göylərinə ucaldaraq gələcək nəsillərə böyük bir miras ötürdü. Bu bayraq bizi düşmənlərimizə qarşı öz ətrafında cəmlədi, xalqımızın milli-azadlıq yoluna parlaq çıraq tutdu. Yetmiş illik böyük həsrətdən sonra – 1990-cı il noyabrın 17-də bayrağımız Naxçıvanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə yenidən pərvazlandı. Ulu Öndərin dövlətimizin maraqlarına və xalqımızın mənafeyinə söykənən müdrik siyasətini bütün sahələrdə uğurla və sədaqətlə davam etdirən Prezident İlham Əliyev yüksək vətənpərvərliklə Azərbaycanın milli dövlət atributlarını həmişə uca tutur və konkret addımları ilə bu ruhu cəmiyyətə aşılayır. Məhz onun imzaladığı sərəncamla 9 noyabr tarixi Azərbaycanda Dövlət Bayrağı Günü kimi təsdiq edilib və hər ilin bu Günü xalqımız tərəfindən bayram əhval-ruhiyyəsi ilə qeyd olunur.

Fəxarətlə deyə bilərik ki, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Şərqi Zəngəzuru və Qarabağı işğaldan azad edərək 30 illik torpaq həsrətinə son qoydu. Artıq Dövlət Bayrağımızı Şuşada, Hadrutda, Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə əzəmətlə dalğalanır. İnanırıq ki, bundan sonra da bayrağımız həmişə uca olacaq və qürurla dalğalanacaq.

Bu əlamətdar Gün münasibətilə xalqımıza əbədi sülh və əmin-amanlıq, firavan həyat, işıqlı gələcək, yüksək rifah və bol-bol uğurlar arzulayırıq. Bayraq Gününüz mübarək!