Oktyabrın 17-də Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Zenit” Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyinin xidmət sahəsinə daxil olan müəssisə və təşkilatların Respublika Spartakiadasının açılış mərasimi keçirilib.
“Şağan” İdman Kompleksində baş tutan tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavinləri – Hikmət Osmanov və Musa Mirzəyev, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının sədri Binyamin Mənsimzadə, Bakı şəhər Gənclər və İdman Baş İdrəsinin şöbə müdiri Rəşad Nəsirov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Zemfira Meftahəddinova, həmçinin cəmiyyət və təşkilat sədrləri iştirak ediblər.
Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən, dövlət quruculuğu strategiyasından, xilaskarlıq missiyasından, idman sahəsinə diqqət və qayğısından danışıb, ölkəmizdə “Heydər Əliyev İli” çərçivəsində təşkil olunan yerli və beynəlxalq tədbirlərdən bəhs edib, həmçinin spartakiadada iştirak edən komandalara və idmançılara uğurlar arzulayıblar.
Sonda Müdafiə Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi və Metropoliten İşçiləri Həmkarlar İttifaqının komandaları arasında minifutbol üzrə yoldaşlıq oyunu keçirilib.
Qeyd edək ki, spartakiadada 7 respublika komitəsinin komandaları idmanın 10 növündə – minifutbol, voleybol, daşqaldırma, stolüstü tenis, kəndirdartma, üzgüçülük, şahmat, dama, nərd, güllə atıcılığı üzrə təmsil olunurlar.