İnkişaf və Zəfər rəmzi

574

2003-cü ilin 15 oktyabrı müstəqil Azərbaycanın yeni minillikdə ilk prezident seçkiləri günü, dövlətçilik tariximizdə isə şanlı eranın başlandığı zamandır. Həmin gün qədirbilən Azərbaycan xalqı tarixi seçim edərək işıqlı sabaha, tərəqqiyə, təhlükəsizliyə və gələcək zəfərlərə səs verdi. Xalq, onu zülmətdən, xaosdan, Azərbaycanı məhv olmaq təhlükəsindən qurtaran Ulu Öndər Heydər Əliyevin tarixi çağırışı ilə siyasi məktəbinin ən layiqli məzununa – cənab İlham Əliyevə yüksək etimad göstərdi. Xalqdan mandat alan cənab İlham Əliyev isə Azərbaycan tarixinin möhtəşəm epoxasının memarına çevrildi.
20 illik zaman kəsiyinə ona görə möhtəşəm era deyirik ki, cənab İlham Əliyev məhz bu qısa müddətdə düşünülmüş, uzaqgörən, humanist və tam müstəqil siyasəti, uğurlu xarici diplomatiyası, qabiliyyəti, əsl sərkərdə qətiyyəti ilə Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə, dünyanın isə ən etibarlı tərəfdaşına çevirdi. Əsl lider məhz belə əməllərlə tarixdə iz qoyur, adını əbədi yaşadır.
Bu gün qürurla, fəxarətlə deyə bilərik ki, məhz cənab İlham Əliyevin müdrik siyasəti ilə Azərbaycan cəmi 20 ildə bir çox dövlətin 100 ildə əldə edə bilmədiyi nailiyyətləri qazanıb və bu gün siyasi, iqtisadi və hərbi gücünə görə adı dünyanın qüdrətli ölkələri sırasında çəkilir.
Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan kimi cənab İlham Əliyev sərkərdə qətiyyəti ilə 200 illik terrorçu-separatçı erməni avantürasını məhv edib, “böyük Ermənistan” xülyasını tarixdən birdəfəlik silməklə Azərbaycan xalqının qəlbində əbədi heykəlini ucaldıb.

Tarixi seçim anı, xalqa müraciət, verilən vədlər

2003-cü ilin oktyabr ayı tarixi seçim zamanı idi. Xalqın xilaskar lideri Ulu Öndər Heydər Əliyevin səhhətində yaranan problem ona uğurlu missiyasını davam etdirməyə imkan vermirdi. Bu səbəbdən də oktyabrın 1-də Ümummilli Lider onu sevən, yürütdüyü siyəsətə hər zaman dəstək verən xalqa müraciət edərək öz namizədliyini siyasi varisi cənab İlham Əliyevin xeyrinə geri götürdüyünü bildirdi.
Ulu Öndər xalqı layiqli varisi İlham Əliyevi dəstəkləməyə çağıraraq dedi ki, o, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir: “Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Əlbəttə ki, xalq ölkədə və dünyada baş verən prosesləri aydın görür və yaxşı bilirdi ki, Heydər Əliyev yolu nicat yoludur və bu siyasəti yalnız onun layiqli varisi davam etdirə bilər.
2003-cü il oktyabrın 15-də keçirilmiş seçkilərdə xalq öz seçimini etdi və seçicilərin 76 faizdən çoxu cənab İlham Əliyevə səs verərək onu özünə yeni rəhbər seçdi. Bununla da Azərbaycan xalqı Heydər Əliyevin siyasi kursuna səs verdi. Bu, siyasi kursa sadiqliyini nümayiş etdirən xalqımızın Ümummilli Liderə sevgisinin və inamının göstəricisi idi. Xalq bir daha sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi.
Xalqdan etimad mandatını alan Prezident İlham Əliyev isə oktyabrın 31-də keçirilən andiçmə mərasimində söz verdi: “Oktyabrın 15-də Azərbaycan xalqı seçki məntəqələrinə gələrək Heydər Əliyev siyasətinə səs veribdir. Sülhə, əmin-amanlığa, tərəqqiyə, inkişafa, quruculuğa, sabitliyə səs veribdir. Bu siyasətə Azərbaycanda alternativ yoxdur. Heydər Əliyevin siyasəti Azərbaycana böyük uğurlar gətiribdir… Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ölkəmiz üçün ən ağır problemdir. Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır. Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir”.
Cənab İlham Əliyev yüksək kürsüdən bəyan etdi ki, Heydər Əliyev siyasətinə sadiq qalacaq, heç vaxt bu yoldan dönməyəcək və onun əsəri olan müasir Azərbaycanı gücləndirəcək, zənginləşdirəcək, hərtərəfli inkişaf etdirəcək və yeni qələbələrə doğru inamla addımlayacaq.
20 il öncə yaşanan proseslər bu gün sübut edir ki, qədirbilən Azərbaycan xalqı tarixi seçimində yanlışlığa yol verməyib. Çünki cənab İlham Əliyev verdiyi bütün vədləri həyata keçirdi. Prezidentin elə br sözü olmadı ki, gerçəkliyə çevrilməsin. Dünyanın siyasi xəritəsində bəlkə də kiçik bir nöqtə kimi görünən Azərbaycan 20 ildə nüfuzlu dövlətə çevrildi, beynəlxalq təşkilatlara üzv oldu və hətta bəzilərinə sədrlik də etdi.

İqtisadi müstəqillik, möhtəşəm uğurlar, rekord göstəricilər

Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi dövr ərzində bütün sahələr öz inkişafını tapdı. Həyata keçirilən genişmiqyaslı işlər, sistemli və ardıcıl tədbirlər, dərin islahatlar nəticəsində Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, təhlükəsiz ölkə, regionun siyasi, iqtisadi və mədəni mərkəzi, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, dünya kosmos ailəsinin üzvü, mühüm tranzit qovşağına çevrildi.
Əlbəttə ki, bütün bunların reallaşmasında, ilk növbədə, Ulu Öndər Heydər Əliyevin yeni neft strategiyasının böyük payı var. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycan iqtisadiyyatının gücləndirilməsini təmin etdi.
Prezident seçildikdən sonra cənab İlham Əliyev regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarını müəyyən edərək daxili inkişafı şərtləndirən mühüm addımlar atmağa başladı. Bu günədək ölkəmizdə regionların inkişafı ilə bağlı qəbul edilən 4 dövlət proqramı əsasında Azərbaycanın hər bir bölgəsində misilsiz quruculuq işləri, inkişaf siyasəti həyata keçirildi və demək olar ki, qısa zamanda regionların siması büsbütün dəyişdi. Əhalinin məşğulluğu üçün minlərlə yeni iş yeri açıldı.
İlk dövlət proqramının icrasına başlanarkən Azərbaycanın valyuta ehtiyatları cəmi 1,8 milyon dollar idi. Bu gün isə iqtisadi göstəricilərə nəzər yetirdikdə rekord göstəricilərə şahidlik edirik. Son 20 il ərzində, ümumi daxili məhsul dörd dəfə, dövlət büdcəsinin gəlirləri 30 dəfədən çox, xarici ticarət dövriyyəsi isə on dəfədən çox artıb. 20 ildə ölkəmizə 300 milyard ABŞ dolları həcmində sərmayə qoyulub. Müstəqilliyimizin əvvəlində üzləşdiyimiz böyük çağırışlardan biri məlum olan yoxsulluq idi. 20 il əvvəl yoxsulluq şəraitində yaşayan insanların sayı 50 faizə yaxın olsa da, hazırda ölkədə yoxsulluq 5,5 faiz təşkil edir. 20 ildə iqtisadiyyatımız 3,5 dəfə artıb. 2022-2023-cü illərdə strateji valyuta ehtiyatlarımız 14,5 faiz artaraq 67 milyard ABŞ dollarına çatdırılıb.
Məhz Prezident İlham Əliyevin qlobal miqyaslı təşəbbüsləri əsasında həyata keçirilən layihələrlə Azərbaycan Avropanın enerji xəritəsini dəyişib. Bir vaxtlar öz əhalisinin enerjiyə olan təlabatını idxalla ödəyən ölkəmiz bu gün dünyaya enerji ixrac edir və bu prosesdə ən etibarlı tərəfdaş statusu qazanıb.
“Şərq-Qərb”, “Şimal-Cənub” nəqliyyat dəhlizləri layihələrinin fəal iştirakçısı olaraq həm də “Cənub-Qərb” və “Şimal-Qərb” layihələri üzərində də iş aparan Azərbaycan bu gün Avrasiyada enerji körpüləri yaradır. Bu, bir həqiqətdir ki, Azərbaycan müstəqillik illərində öz enerji təhlükəsizliyinə sərmayə yatırıb, idxalçıdan ixracatçıya çevrilib. 1994-2020-ci illər ərzidə Azərbaycan “Əsrin müqaviləsi”, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, üç seqmentli – Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP qaz boru kəmərlərindən ibarət  “Cənub qaz dəhlizi” layihələrini reallığa çevirib.
Bu gün enerji və nəqliyyat marşrutlarının, o cümlədən boru kəmərlərinin xəritəsinə nəzər salsaq, orada Azərbaycanın dəst-xətini görə bilərik. Azərbaycan həm də beynəlxalq bazarlarda enerji təchizatçısıdır və Avropa İttifaqı tərəfindən etibarlı pan-Avropa təchizatçısı hesab edilir. Müstəqillik dövründə Azərbaycan həm də beynəlxalq ictimaiyyətin fəal üzvünə çevrilib.
Prezident İlham Əliyev hər zaman aydın, şəffaf və birmənalı, müstəqil siyasət yürüdüb. Beynəlxalq ictimaiyyətin fəal üzvü kimi Azərbaycan çoxsaylı siyasi, iqtisadi və regional inkişaf layihələrində iştirak edir. 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrlik etməsi, müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun və qüdrətinin göstəricisidir. Artıq dördüncü ildir ki, ölkəmiz BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına uğurla sədrlik edir. Bu, həqiqətən də Azərbaycanın geniş beynəlxalq dəstəyə malik olmasının bariz təcəssümüdür. Azərbaycan iki mühüm beynəlxalq təsisatın – İslam Əməkdaşlıq Təşkilatının və Avropa Şurasının üzvüdür. Bu da onu göstərir ki, Azərbaycan eyni vaxtda hər iki təşkilata üzv olan azsaylı ölkələrdən biridir.

Mütərəqqi struktur islahatlarının uğurlu nəticələri

Ən islahatçı Prezident kimi tanınan cənab İlham Əliyevin təşəbbüsü ilə 2016-cı ildə ölkəmizdə ümumxalq referendumu keçirildi və xalq yenə də dövlət başçısına böyük etimad göstərərək onun elan etdiyi islahatlar konsepsiyasına birmənalı dəstək verdi.  Konstitusiyaya dəyişikliklər edildi, ölkədə yeni vitse-prezidentlik institutu yaradıldı və daha çevik idarəetmə mexanizmlərinin hüquqi bazası formalaşdırıldı. Vitse-prezidentlik vəzifəsinin təsis edilməsinin məqsədi dövlət strukturlarının fəaliyyətində səmərəliliyin və çevikliyin yüksəldilməsini, vətəndaşlar qarşısında öhdəliyin daha keyfiyyətli icrasına nail olunmasını, məmur məsuliyyətinin gücləndirilməsini təmin etmək idi. Bu baxımdan cənab Prezident tərəfindən vitse-prezidentlik institutunun yaradılması təklifinin ciddi əsasları var idi.
Dövlət başçısının 21 fevral 2017-ci il sərəncamına əsasən, Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin olunması da təsadüfi deyildi. Çünki Mehriban Əliyeva həmin dövrdə həm Milli Məclisin deputatı kimi, həm də Heydər Əliyev Fondunun rəhbəri olaraq ölkə daxilində və beynəlxalq arenada misilsiz işlər həyata keçirirdi. Vətəninə sonsuz sevgisi, milli-mənəvi dəyərlərə dərin hörməti, ölkənin ictimai-siyasi həyatındakı xidmətləri, xalqa olan tükənməz sevgisi onun ölkəmizin Birinci vitse-prezidenti vəzifəsinə təyin olunmasını şərtləndirən əsas amillər oldu.
Artıq 6 ildir ki, bacarıqlı siyasi fəaliyyəti, yüksəksəviyyəli təşkilatçılıq məharəti, özünəməxsus idarəçilik xüsusiyyətləri, humanist yanaşma tərzi sayəsində Mehriban xanım Əliyeva bu vəzifənin öhdəsindən ləyaqətlə gəlir. Həyata keçirdiyi siyasət birmənalı şəkildə onu deməyə əsas verir ki, Mehriban xanım Əliyeva cənab Prezidentin ən sadiq silahdaşıdır.
Prezidentin mütərəqqi islahatları bununla yekunlaşmadı. Dövlət başçısının təşəbbüsü və rəhbərliyi ilə Nazirlər Kabinetində, Prezident Administrasiyasında, Milli Məclisdə, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, məhkəmə-hüquq sistemində, digər qurumlarda da aparılan struktur və kadr islahatları ölkəmizin ictimai-siyasi və iqtisadi inkişafına yeni təkan verdi. İslahatlar müasir dövrün yeni çağırışları şəraitində Azərbaycanın ardıcıl və dinamik yüksəlişinə real zəmin yaratdı.

200 illik erməni avantürasının məhvi

İqtisadi müstəqilliyin sayəsində əldə edilən böyük uğurlar və Prezident İlham Əliyevin hər bir qərarı, təşəbbüsü və addımı Azərbaycanı qüdrətli dövlətə çevirdi və bütün bunlar 2003-cü ildə verilən ən mühüm vədin – işğal altında olan torpaqlarımızın azadlığının gerçəkləşdirilməsi üçün real zəmin yaratdı.
2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev əsl sərkərdə kimi Azərbaycanın ərazi bütövlüyünü təmin etdi. “Ərazi bütövlüyümüzün bərpa olunması Prezident İlham Əliyevin siyasətinin şah əsəridir” desək, yanılmarıq.
Üç il bundan əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan işğala son qoydu. 2023-cü il aprelin 23-də isə Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qoymaqla ərazi bütövlüyümüz tam bərpa edildi. Sentyabrın 19-da isə Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri ilə Azərbaycan suverenliyi tam təmin etmiş oldu. Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyması, döyüş mövqelərindən və hərbi postlardan çıxması və tam şəkildə tərk-silah olunması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin Azərbaycan ərazilərini tərk etməsi, qeyri-qanuni erməni silahlı dəstələrinin buraxılması, eyni zamanda paralel şəkildə bütün silah-sursat və ağır texnikanın təhvil verilməsi  Azərbaycanın növbəti Qələbəsinin təntənəsi oldu. Müzəffər Ali Baş Komandan, Azərbaycan əsgəri və Azərbaycan xalqı bir daha sübut etdi ki, şəhidlərimizin qanı nahaq yerə tökülməyib.
Dünya erməniliyinin ikiəsrlik avantürasını, “böyük Ermənistan” xülyasını 44 günə məhv edib, 23 saata tarixdən birdəfəlik silən İlham Əliyev həyata keçirdiyi qətiyyətli siyasəti ilə bir daha hər kəsə göstərdi ki, onun sözü imzası qədər keçərlidir. Əgər Prezident hansısa sözü deyirsə və ya hansısa vədi verirsə, onu mütləq tezliklə reallığa çevirir. Bunu artıq təkcə Azərbaycan xalqı deyil, bütün dünya bilir.
Qətiyyətli Lider kimi İlham Əliyev hər zaman deyirdi ki, gün gələcək əli Azərbaycan xalqının qanına batmış, xalqımıza qarşı terror aktları törətmiş hər bir separatçı cəzasını alacaq. Dövlət başçısının bu bəyanatının da reallaşması çox çəkmədi. Özünü buraxdığını elan edən qondarma qurumun “rəhbər”ləri bir-bir həbs edilərək Bakıya gətirilməkdədirlər. Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti tərəfindən bu günə kimi 8 terrorçu saxlanılıb. Onlardan bəziləri barədə həbs qəti imkan tədbiri seçilib. Bəzilərinin isə sorğusu davam etdirilir. Proses davamlı olacaq və terrorçular törətdikləri cinayətlərə görə layiqli cəzalarını alacaqlar.
Beləliklə, Prezident İlham Əliyev suverenliyin və konstitusiya qurluşunun tam bərpasını 44 gündə gerçəkləşdirdi, 23 saat ərzində tam yekunlaşdırdı. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası  Prezident İlham Əliyevin qüdrətli liderliyinin nəticəsidir. Müzəffər Ali Baş Komandan ikiəsrlik “böyük Ermənistan” xülyasını, terrorçu-separatçı avantüranı 44 gündə məhv etdi, tarixdən birdəfəlik sildi.
Bu gün isə separatçılardan təmizlənən ərazilərimizə Azərbaycanın müvafiq dövlət qurumları nəzarət edirlər. Eyni zamanda Qarabağın erməni sakinlərinin reinteqrasiya prosesi həyata keçirilir.  İllərlə separatçıların əlində girov kimi saxlanılan erməni sakinlər Azərbaycan vətəndaşlığını alıb ölkəmizin ərazisində digər xalqların nümayəndələri kimi xoş, firavan həyat sürmək niyyətindədirlər. Onlar da Azərbaycan dövlətinin digər vətəndaşlara göstərdiyi qayğı ilə əhatə olunacaqlar.

Möhtəşəm quruculuq, Böyük qayıdış

Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük dövlət xadimi və Azərbaycan xalqının lideri kimi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır.
Bu, Böyük qayıdış olmaqla təkcə azərbaycanlıların Qarabağa deyil, vaxtilə deportasiya edildikləri bütün tarixi torpaqlarına dönüşünü əhatə edəcək. İndi Prezident İlham Əliyevin böyük uzaqgörənliklə qurduğu strategiya Azərbaycan dövlətini daha qüdrətli, Azərbaycan xalqını daha güclü, Azərbaycan bayrağını daha uca etməyə hədəflənib. Böyük Qələbənin nəticəsində yaradılmış yeni reallıq Qarabağ və Şərqi Zəngəzurun bərpası və inkişafını nəzərdə tutan Böyük qayıdış strategiyasının tükənməz aktuallığını təmin edir. Sözügedən strategiya yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin, ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir. Belə ki, layihələndirmə işlərində tətbiq olunan yeniliklərin bir çox dövlət üçün nümunəvi model kimi qəbul olunması və məsələ ilə bağlı səslənən beynəlxalq etiraflar qayıdış strategiyasının effektivliyi və perspektivliyi haqqında xəbər verir.
İkinci Qarabağ müharibəsi başa çatdıqdan bu günədək bərpa işlərinə Azərbaycan büdcəsindən 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib. Növbəti il üçün planlaşdırılan minimum büdcə 2,4 milyard dollardır. Onu da xüsusi vurğulamaq yerinə düşər ki, bütün bu layihələri reallaşdırmaq üçün Azərbaycan heç bir maliyyə dəstəyi və ya maliyyə yardımı almır. Qüdrətli dövlət kimi yalnız öz iqtisadi imkanları hesabına işğaldan azad edilmiş torpaqlarımızda xariqələr yaradır.
Bu gün keçmiş məcburi köçkünlər öz yurdlarına qayıdırlar. Şuşada, Zəngilanda, Talışda, Füzulidə həyat yenidən qaynamağa başlayıb. İşğaldan azad edilmiş şəhər və rayonlarımızda, kəndlərimizdə bütün lazımi infrastrukturlar yaradılır, tarixi, mədəni-dini abidələrimiz bərpa edilir. Uzun illər düşmən tapdağında xarabalığa çevrilmiş torpaqlarımızda, məscidlərimizdə susdurulan müqəddəs azan səsi qalib Sərkərdənin rəhbərliyi sayəsində yenidən qurulan ibadət məbədlərində eşidilir. Əlbəttə ki, bütün bu proseslərin reallaşmasında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun əvəzsiz xidmətləri var. Torpaqlarımız işğaldan azad edildikdən sonra erməni barbarlarının darmadağın etdikləri, tarixdən silmək istədikləri bütün abidələrimiz bu fond tərəfindən yenidən bərpa edilir. İndiyədək Şuşada, Ağdamda, Zəngilanda və digər işğaldan azad edilmiş ərazilərimizdə məscidlərimiz, tarixi-dini və mədəni abidələrimiz yenidən tam bərpa edilir.
Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzura hər səfərində tikintisi başa çatan abidələrimizi ziyarət edir, bərpa-quruculuq işləri davam edən tarixi-memarlıq, mədəni-dini abidələrimizdə görülən işlərlə tanış olub öz tapşırıq və tövsiyələrini verir.
Bir sözlə, Qarabağ və Şərqi Zəngəzuru “Dəmir yumruq”la azad edən Müzəffər Ali Baş Komandan bu gün tarixi şəhər və rayonlarımızı, kəndlərimizi “dəmir iradə” ilə yenidən qurur, keçmiş məcburi köçkünlərimizin tezliklə doğma yurdlarına tam qayıtmaları üçün qətiyyətli addımlar atır.
Azərbaycan Prezidentinin digər missiyası isə regionda sülhün, təhlükəsizliyin təminatıdır. Artıq suverenliyini tam təmin edən Azərbaycan Ermənistanla sülh sazişi bağlamağa hər zaman hazırdı. Əgər məğlub ölkənin rəhbərliyi bəzi havadarlarının yalan vədlərinə daha inanmayıb sülh müqaviləsinə imza atarsa, Cənubi Qafqazda yeni dönəm başlaya bilər. Ermənistan bölgədə həyata keçiriləcək layihələrdə iştirak hüququ qazanmaqla 30 ildir düşdüyü bataqlıqdan qurtulmuş olar. Bunu cənab İlham Əliyev dəfələrlə bu ölkənin rəhbərliyinə çatdırıb. İndi seçim Ermənistanındır.
Bir sözlə, əminliklə deyə bilərik ki, qətiyyətli, sözü imzası qədər keçərli olan cənab İlham Əliyev bu tarixi missiyası ilə Azərbaycan xalqının qəlbində əbədi heykəlini ucaldıb. 2003-cü ilin 1 oktyabrında Ulu Öndər Heydər Əliyevin xalqa müraciətində uzaqgörənliklə səsləndirdiyi “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri İlham Əliyev başa çatdıra biləcək” fikri öz təsdiqini tapdı. Ata vəsiyyətini yerinə yetirən qətiyyətli Lider bu inamı doğrultdu. İndi  isə onun qüdrətinə bütün Azərbaycan, bütün dünya inanır.

Səttar MÖHBALIYEV,
Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri

“Azərbaycan” qəzeti