Bu gün Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümüdür

463

1919-cu ildə mətin Türk milləti Mustafa Kamal Atatürkün ətrafında sıx birləşərək Türkiyənin qurtuluşu uğrunda böyük bir mücadiləyə başladı və xalqın hər bir nümayəndəsi əsgər rolunda çıxış edirdi. İşğalçılara qarşı bu qanlı mübarizə üç il sürdü. Əzmkar Türk xalqı 1921-ci ildə Sakarya savaşından, 1922-ci ildə “Böyük Taarruz” əməliyyatından zəfərlə çıxdı. Nəhayət, 1923-cü il oktyabrın 2-də ölkə ərazisini tamamilə işğalçı düşməndən təmizlədi və oktyabrın 29-da Mustafa Kamal Atatürkün rəhbərliyi ilə Türkiyə Cümhuriyyətini qurdu. Bütün dünya Türk xalqının polad iradəsinə, əsgərinin yenilməzliyinə və qəhrəmanlıqlarına şahid oldu. Bu gün Türkiyə xalqı Cümhuriyyətin yaranmasının 100-cü ildönümünü böyük coşqu və qürurla qeyd edir. Biz də türkiyəli bacı və qardaşlarımızı həmçinin bizim üçün də əziz olan bu Bayram münasibətilə təbrik edirik. Eləcə də Türkiyənin bütövlüyü, müstəqilliyi, Cümhuriyyətin yaranması uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, müqəddəs ruhları qarşısında baş əyirik.