Azərbaycanla Gürcüstan mehriban qonşuluq prinsiplərinin faydalarını sübut etməyi bacarıblar

471

“Azərbaycan əlverişli coğrafi yerindən, təbii potensialından səmərəli şəkildə yararlanaraq istər regionda, istərsə də dünyada öz mövqelərini möhkəmləndirir, iqtisadi qüdrətini durmadan artırır. Ölkəmizin regionda rolu, müəllifi olduğu qlobal layihələr ümumilikdə qonşu dövlətlər, o cümlədən dost Gürcüstanın iqtisadi inkişafı üçün əhəmiyyətilidir. Xüsusilə etiraf olunmalıdır ki, Azərbaycanın təşəbbüsü ilə ərsəyə gələn bu layihələr həm də iştirakçı ölkələr arasında dostluq münasibətləri yaradıb, yeni-yeni siyasi-iqtisadi əməkdaşlıqlara yol açıb. Bildiyimiz kimi, Ermənistanın uzun illər davam edən işğal siyasəti bütövlükdə regionun inkişafına mənfi təsir göstərirdi. Azərbaycan təcavüzkar dövlətin işğal siyasətini aradan qaldırmaqla yeni geosiyasi və geoiqtisadi reallıqlar formalaşdırıb, regionun inkişafı üçün yeni imkanlar yaradıb. Bu reallıqlardan çıxış edərək Azərbaycanın qonşu ölkələr üçün əhəmiyyəti aydın görünür, bilavasitə sabitliyin və təhlükəsizliyin qarantı kimi qəbul olunur”.

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

“Vurğulayım ki, Cənubi Qafqazın iki əsas dövləti – Azərbaycan və Gürcüstan yerləşdikləri regionun əhəmiyyətini yüksək dəyərləndirərək birgə əməkdaşlıq çərçivəsində uğurlu irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələri həyata keçiriblər. Gürcüstanın tranzit imkanları şərait yaradıb ki, Azərbaycan enerji resurslarını və digər yükləri dünya bazarına çıxara bilsin. Bu gün Azərbaycan-Gürcüstan münasibətləri dünya dövlətləri üçün bir nümunə təşkil edir, bütün aspektlərdə dövlətlərimizin  anlaşa bilmədiyi məsələ yoxdur. Həmçinin hər iki ölkə mehriban qonşuluq prinsipinin əhəmiyyətini və faydalarını öz münasibətləri çərçivəsində sübut etməyi bacarıblar. Statistik məlumatlara əsasən, təkcə ötən il ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 771 milyon ABŞ dolları olub. Bu il yanvar-avqust aylarında isə ikitərəfli ticarət dövriyyəsi 612,87 milyon ABŞ dollarını keçib, ikitərəfli ticarətin saldosu isə müsbət 444 milyon ABŞ dolları təşkil edib. Həmçinin ümumilikdə Gürcüstandan Azərbaycana 279 milyon, Azərbaycandan Gürcüstana isə 3,4 milyard ABŞ dolları məbləğində investisiya yatırılıb. Təbii ki, qeyd olunan rəqəmlər yüksək göstəricidir və bu sahədə genişlənən əməkdaşlığı əks etdirir”, – AHİK sədri bildirib.

Onun sözlərinə görə, dövlətimizin başçısı cənab İlham Əliyevin qardaş Gürcüstana son səfəri, sözsüz ki, münasibətlərimizin daha da inkişafına, xüsusi əhəmiyyət kəsb edən və qarşılıqlı maraq doğuran sahələr üzrə əlaqələrin dərinləşməsinə mühüm töhfələr verəcək: “Tbilisidə Prezident İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mətbuata bəyanatla çıxışları zamanı iki ölkə arasında mövcud münasibətləri yüksək dəyərləndirdilər və gələcək perspektivlərdən söz açdılar. Ölkələrimiz arasında enerji, nəqliyyat, logistika, dəmir yolu və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm işlər görülür. Baş naziri İrakli Qaribaşvili həmçinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiklərini bildirdi. Məlumdur ki, hər iki ölkə bütün müstəvilərdə bir-birinə kömək olub. Yeri gəlmişkən, Azərbaycan BMT Baş Assambleyasının müxtəlif vaxtlarda Gürcüstanla bağlı keçirilən sessiyalarında qəbul olunan qətnamələrin lehinə səs verməklə dost ölkəyə dəstək olmuşdur”.

“Dövlətimizin başçısı çıxışı zamanı Ermənistanla Azərbaycan arasında normallaşma prosesinə toxundu və bunun bölgə üçün əhəmiyyətini vurğuladı. Azərbaycan ilk vaxtlardan sülh səylərini davam etdirib, müxtəlif platformalarda bu istiqamətdə aparılan danışıqları dəstəkləyib. Təbii ki, Ermənistan dövləti də real vəziyyəti düzgün qiymətləndirib, xalqının gələcəyini düşünüb oxşar addımlar atmalıdır. Sözsüz ki, bu, onlar üçün daha çox vacibdir”, – Milli Məclisin deputatı qeyd edib.

Səttar Möhbalıyev əlavə edib ki, Azərbaycanla Gürcüstan arasında ölkə rəhbərləri çərçivəsində təşkil olunan qarşılıqlı səfərlər, aparılan müzakirələr, imzalanan sənədlər, həmçinin yeni layihələr üzərində iş əməkdaşlığımızın gələcək uğurlarından xəbər verir.