Azərbaycanın dövlət müstəqilliyinin bərpasından 32 il ötür

393

1991-ci il oktyabrın 18-də xalqımızın azad və sərbəst yaşamaq arzusu reallaşaraq Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi. İlk illərdə müstəqilliyimizi itirmək, ölkəmizin real parçalanması təhlükəsi ilə üzləşsək də, xalqımız öz xilaskar oğlunu – Ulu Öndər Heydər Əliyevi hakimiyyətə gətirməklə bu fəlakətdən qurtuldu. Müstəqilliyimizin qorunması və daha da möhkəmlənməsi istiqamətində Ümummilli Liderin müəyyən etdiyi təməllər onun müzəffər davamçısı cənab İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Azərbaycan hazırda hüququn aliliyi, demokratiya və dünyəvilik prinsipləri üzərində qurulmuş müstəqil dövlət kimi öz inkişafının ən parlaq dövrünü yaşayır. Qalib Azərbaycan dövlətinin və müzəffər xalqımızın şanı-şöhrət artıq bütün dünyaya səs salıb. Fəxarətlə deyə bilərik ki, Ulu Öndərin qurub yaratdığı dövlətimizin suverenliyi bütün ölkə ərazisində təmin olunub. Müqəddəs bayrağımız bu gün Xankəndidə, Şuşada, Ağdərədə və digər işğaldan azad edilmiş ərazilərimizdə əzəmətlə dalğalanır.