AHİK sədri Səttar Möhbalıyev Türkiyənin həmkarlar ittifaqlarının nümayəndələri ilə görüşüb

632

Azərbaycanda səfərdə olan Türkiyənin “Türk-Tarım Orman Sen” həmkarlar ittifaqının sədri Əhməd Dəmirçinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevlə görüşüb.

Görüşdə Azərbaycanla Türkiyə arasında mövcud olan qardaşlıq münasibətlərindən, həmçinin hər iki ölkənin həmkarlar ittifaqları arasındakı əlaqələrdən, əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində görülən işlərdən və gələcək perspektivlərdən danışılıb.

AHİK sədri bildirib ki, Türkiyə və Azərbaycanın münasibətləri qardaşlıq prinsiplərinə əsaslanaraq bütün sahələrdə möhkəm təməllər üzərində qurulub və Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyata keçirdikləri məqsədyönlü siyasət sayəsində daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.

Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyəti, həyata keçirdiyi layihələr və gələcək perspektivlər haqqında qonağa məlumat verən AHİK sədri Səttar Möhbalıyev Türkiyənin həmkarlar ittifaqları ilə əlaqələrdən söz açıb, ötən dövr ərzində baş tutan qarşılıqlı səfərləri, təşkil olunan görüşləri, imzalanan sənədləri xatırlayıb və bunların faydalarını vurğulayıb.

Səttar Möhbalıyev həmçinin son illərdə Türk dövlətlərinin həmkarlar ittifaqları arasında intensivləşən münasibətlərə toxunub, qardaş ölkələrin müvafiq qurumları arasında həmrəyliyi daha da artıran Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının yaradılmasının əhəmiyyətini qeyd edib. Və əmin olduğunu bildirib ki, Təşkilat qardaş ölkələrin həmkarlar ittifaqları arasında hərtərəfli əməkdaşlığı daha da dərinləşdirəcək, əməkçilərin hüquq və mənafelərinin birgə müdafiəsinə böyük töhfələr verəcək.

Səmimi qəbula görə təşəkkür edən “Türk-Tarım Orman Sen”in sədri Əhməd Dəmirçi də Azərbaycanla Türkiyə arasında qarşılıqlı faydalı və strateji əlaqələrə toxunub. Bildirib ki, ölkələrimizin həmkarlar ittifaqları arasında münasibətlər günü-gündən inkişaf edir, qarşılıqlı səfərlər təşkil edilir və mütəmadi təcrübə mübadilələri aparılır. Vurğulanıb ki, bu əlaqələrin daha da inkişafı üçün gələcəkdə də səylə çalışılacaq.

Görüşdə həmçinin maraq doğuran digər məsələlər müzakirə olunub. Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkili çəkdirilib.