“Taxıl biçini” ilə bağlı keçirilən müsabiqəyə yekun vurulub

689

Hər il olduğu kimi bu il də Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı və “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti birlikdə ölkənin strateji məhsulu olan taxıl biçini dövründə müsabiqə elan etmişdi. Müsabiqə taxıl biçini ilə bağlı həmkarlar komitəsinin təşkilatçılığı ilə keçirilən sayca dördüncü müsabiqədir və ənənəvi olaraq hər il keçirilməsi nəzərdə tutulur.
Müsabiqənin şərtlərinə görə, biçin dövründə yüksən peşəkarlıq, interaktivlik, səmərəlilik, punktuallıq, təşəbbüskarlıq yüksək peşə hazırlığı, yüksək əmək intizamı ilə seçilən əməkdaşlar fərqləndirilirlər. Müsabiqənin əsas məqsədi isə əmək fəaliyyətinin səmərəliliyini artırmaq üçün işçilərin stimullaşdırılması, onların sosial müdafiəsinin gücləndirilməsi, peşə fəaliyyətində fərqlənən mütəxəssislərin ruhlandırılması, taxıl biçini ilə bağlı ən yaxşı mütəxəsisi aşkara çıxarmaq və onun iş təcrübəsini yaymaq və təbliğ etmək, texniki yeniliklərin, iqtisadi və kənd təsərrüfatı biliklərinin təbliğ edilməsi, işçi peşələrinin nüfuzunun yüksəldilməsi, intellektual potensialların üzə çıxarılmasından ibarətdir.
Cari ildə biçinin başlamasından etibarən start verilən müsabiqəyə yekun vurulub və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə “Aqroservis” ASC-nin İdarə Heyətinin sədr müavini İlyas Həsənov və Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Fuad Məmmədov iştirak edərək fərqləndirilən əməkdaşların əmək fəaliyyəti barədə ətraflı məlumat verib və nominantları təbrik ediblər.
Sonunda ən yaxşı mütəxəssis nominasiyasında Cəmiyyətin Aqrotexniki xidmətlər şöbəsinin aparıcı mütəxəssisi Aləm Orucova, ən yaxşı mexanizator nominasiyasında Təhmasib Kazımova, ən yaxşı mühəndis nominasiyasında Cəmiyyətin Ağdaş rayon bölməsinin mühəndis-mexaniki Famil Ələkbərova və ən yaxşı bölmə rəhbəri nominasiyasında Cəmiyyətin Qusar rayon bölməsinin rəhbəri İzratov İzrat Tağı oğluna təşkilatçılar tərəfindən diplomlar və mükafatlar təqdim olunub.