Şərəfli xidmət missiyası

478

 

“Həyatda hər bir kəsin yerini və taleyini tarix müəyyən edir. Odur ki, nə böyük, nə də kiçik rollar olmur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir. Bu kitabda hər bir kəs özünü şəxsi həyatının və dünyanın qurub yaradıcısı, yaxud dağıdıcısı kimi təcəssüm etdirir. Kimsənsə, elə də olmalısan – bax, budur bizim həyatımız. Ona görə də özgələrin rollarını və obrazlarını gərək öz üzərinə götürməyəsən. Çünki sən də, dünyada yerin də yeganə və bənzərsizdir”.

Bu ibrətamiz kəlamların müəllifi Azərbaycanın davamlı inkişafı, dövlətçiliyimizin, milli dəyərlərimizin qorunması istiqamətində misilsiz xidmətlər göstərən, xalqımızın xoşbəxt və firavan yaşamasını həyat kredosuna çevirən Birinci vitse-prezident Mehriban xanım Əliyevadır. Xoşniyyətli əməlləri ilə adını şanlı tariximizə qızıl hərflərlə yazdırmağa müvəffəq olan Mehriban xanımın ömür kitabına yazılanlar həqiqətən də bənzərsizdir.

Son 20 ildə ölkəmizdə qadın hərəkatının geniş vüsət almasında, xanımlarımızın nəcib və xeyirxah məqsədlər naminə sistemli və ardıcıl fəaliyyətinin genişlənməsində Mehriban xanım Əliyevanın xidmətləri xüsusi vurğulanmalıdır. Azərbaycan qadını üçün səciyyəvi olan humanizm, qayğıkeşlik və insanpərvərlik kimi ali mənəvi keyfiyyətlər məhz onun şəxsiyyətində daha parlaq təcəssümünü tapır.

Bu gün tarixinin ən qüdrətli Azərbaycanında qadınların cəmiyyətdəki yeri və rolu göz önündədir. Azərbaycan qadını nəciblik, xeyirxahlıq mücəssiməsi, bacarıqlı siyasətçi, iş adamı və dövlət məmurudur. Bu fəallığı şərtləndirən isə ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyəti və qadınlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün yaradılan zəruri şəraitdir.

Heydər Əliyev məktəbi – humanizm, müdriklik və vətənpərvərlik nümunəsi

Ümumiyyətlə, Azərbaycanda sosial-iqtisadi və demokratik inkişafın keyfiyyətcə yeni mərhələsində qadın hərəkatının daha da aktivləşməsi, şaxələnməsi Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasında öz əksini tapıb.

Xalqın təkidli tələbi ilə yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıdan dahi şəxsiyyət insan hüquqları çərçivəsində qadın hərəkatının inkişafına da güclü stimul verib. Qadınların idarəetmə, qərarqəbuletmə və sosial həyatın bütün sahələrində irəli çəkilməsini vacib bilən Ulu Öndərin xüsusi diqqəti sayəsində 1993-cü ildən ölkəmizdə qadınların ictimai-siyasi həyata transformasiyası, onların dövlət idarəçiliyində təmsilçiliyi, bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət idarəçiliyi kursunun prioritet istiqamətlərindən birinə çevrilib. Elə Azərbaycan qadını ilə bağlı ən dəyərli fikirlər də Ümummilli Liderə məxsusdur: “Azərbaycan xalqı həmişə qadına, onun cəmiyyətin həyatında oynadığı rola, tutduğu yüksək mövqeyə böyük hörmətlə yanaşmışdır. Xalqın ən əziz, qiymətli və müqəddəs hesab etdiyi vətən, torpaq, dil anlayışları ana adı ilə bərabər tutulmuşdur. Qadın adına göstərilən dərin ehtiram, sonsuz ana məhəbbəti söz və sənət abidələrimizdə öz parlaq təcəssümünü tapmışdır. Ədəbiyyatımızın və mədəniyyətimizin görkəmli nümayəndələri öz əsərlərində Azərbaycan qadınının mərdliyini, gözəlliyini, mənəvi saflığını vəsf etmişlər”.

Bu gün Ümummilli Lider Heydər Əliyev ideyalarını, onun humanizm siyasətini Prezident İlham Əliyevlə birgə birinci xanım Mehriban Əliyeva da olduqca mükəmməl şəkildə davam etdirir. Əlbəttə ki, Mehriban xanım Əliyevanın həm də dövlət xadimi kimi formalaşmasında Heydər Əliyev məktəbinin rolu danılmazdır. Bu barədə ölkəmizin birinci xanımının çox maraqlı fikirləri var: “Mən Heydər Əliyev ailəsinin üzvü olanda birinci kursda oxuyurdum, deməli, 20 ildən artıq bir müddətdə bir çox amillər formalaşmış, daim kütləvilik elementi olan mühitdə davranış tipini şərtləndirmişdir. Mən 20 il Heydər Əliyev kimi bir insanın ailəsində, yanında yaşamışam. Biz çətin illərində də, xoşbəxt anlarında da onun yanında olmuşuq. Sarsılmaz iradəsi ilə bu insan qalib kimi yaşamış və dünyadan qalib kimi getmişdir. Adamların böyük əksəriyyətindən fərqli olaraq, biz onu təkcə siyasi xadim, dövlət rəhbəri rolunda deyil, həm də adi insan, ailə başçısı, övladlarını sevən ata, baba kimi görmüşük. Mən taleyimə minnətdaram ki, belə bir imkanım olmuşdur. Bu insanla ünsiyyət mənim üçün qeyri-adi bir həyat məktəbi olmuşdur. Ümid edirəm ki, ondan nə isə öyrənə bilmişəm”.

Bu gün Mehriban xanım Əliyevanın həyat yoluna nəzər saldıqca açıq-aydın görünür ki, onun reallaşdırdığı bütün layihələr, gördüyü əvəzsiz işlər genetik kodundan və düşdüyü ailənin mühitindən gəlir. Bütün bunlara misal kimi onun səhiyyə, təhsil, mədəniyyət, ədəbiyyat sahəsində reallaşdırdığı layihələri, xeyriyyəçilik əməllərini və, nəhayət, dövlətçilik siyasətini göstərə bilərik.

Məhz Mehriban Əliyevanın səyləri nəticəsində bu gün Azərbaycanda qadın hərəkatı keyfiyyətcə yüksək səviyyəyə çatıb. Ölkədə bütün dövlət strukturlarında qadınların idarəçilikdə rolunun artırılması istiqamətində ciddi işlər həyata keçirilib. Bu gün Azərbaycan qadını parlamentdə, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, bələdiyyələrdə, təhsildə, səhiyyədə, ölkə iqtisadiyyatının inkişafında sahibkar kimi biznes strukturlarında, kənd təsərrüfatı sektorunda, orduda, hüquq-mühafizə orqanlarında təmsil olunur. Rəhbər vəzifələr tutan qadınların da sayı az deyil. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Milli Məclisin Sədri və ombudsman da qadındır.

Minlərlə insana bəxş edilən sevinc payı

Mehriban xanım Əliyeva 2005-ci ildən 2017-ci ilin fevral ayınadək Azərbaycan Respublikası Milli Məclisinin deputatı kimi fəaliyyət göstərib. Onun deputat kimi gördüyü işlər, reallaşdırdığı layihələr, həqiqətən də, çox-çox yüksək qiymətləndirilməlidir. Çünki Mehriban xanım, həqiqətən də, deputat kimi çox böyük işlər görüb, təmsil etdiyi dairənin sosial-iqtisadi problemlərinin həlli istiqamətində çox mühüm addımlar atıb. Daim seçiciləri ilə təmasda olan Mehriban xanım onların hər bir probleminin həlli istiqamətində mütərəqqi addımlar atıb.

Onun fəaliyyəti təkcə seçicilərinin problemlərinin həlli, onlara diqqət və qayğının göstərilməsi ilə yekunlaşmır. Mehriban xanımın siyasi, xüsusən də beynəlxalq fəaliyyəti Azərbaycana dividendlər qazandırıb. Məhz Mehriban xanım Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında əvəzsiz xidmətlər göstərib. Bunları saymaqla bitirmək mümkünsüzdür.

Milli Məclisdə təmsil olunduğu müddət ərzində Mehriban xanım bir sıra təkliflər irəli sürüb. Onun Heydər Əliyevin humanizm və ədalət ideyalarına əsaslanaraq, 2007-ci, 2009-cu, 2013-cü və 2016-cı illərdə irəli sürdüyü amnistiya aktlarının qəbul edilməsi təşəbbüsü biz həmkarları tərəfindən daim dəstəklənərək çox yüksək qiymətləndirilib.  Məhz bu amnistiya aktları əsasında ümumilikdə 40 min məhkum cəzadan azad edilib.

Bağışlamaq qəlbin böyüklüyüdür deyiblər. Məhz Mehriban xanımın bu xoşniyyətli təşəbbüsləri ilə elan edilən amnistiyalar minlərlə insanı azadlığa qovuşdurub, onların qayıtmasını həsrət və intizarla gözləyən ana-bacıların, övladların, ahıl valideynlərin hədsiz sevincinə səbəb olub.

Göründüyü kimi, Ulu Öndər Heydər Əliyevin “Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir” kəlamını Mehriban xanım Əliyeva müdrikliklə, həm də müdrikə sədaqət kimi yaşadır. İnsanları xoşbəxt etməyi bacaran Mehriban Əliyeva bu hissi onlara yaşada bildiyi üçün özünü də xoşbəxt sayır. Müsahibələrinin birində bu məqama toxunan birinci xanım deyib: “Mənim adıma hər gün 200-dən çox məktub gəlir. Onların heç biri diqqətsiz qalmır. Mən konkret iş görmək, konkret insanlara kömək etmək istəyirəm. Konkret problemləri həll etmək, yardım edə bildikdə sevinc hissi keçirmək və səndən asılı olmayan səbəblər üzündən nəsə edə bilmədikdə təəssüflənmək, qəzavü-qədər, sağalmaz xəstəlik qarşısında bütün gücsüzlüyünü dərk edərkən əziyyət çəkmək, xilas edilmiş bir uşağın təbəssümünü gördükdə isə bir daha sevinmək istəyirəm. Bu, mənim seçimimdir”.

Regionun ən böyük və nüfuzlu ictimai təşkilatı

2004-cü ildən bu günə qədər Mehriban Əliyeva Ulu Öndərin adını daşıyan Heydər Əliyev Fondunun prezidentidir. Fəaliyyət göstərdiyi 19 ildə fondun gerçəkləşdirdiyi müxtəlif istiqamətli layihələrə sadəcə qısaca diqqət yetirmək insanın ürəyini dağa döndərir.

Təmənnasız yaxşılıq, xeyriyyəçilik, xəstələrə şəfa, kimsəsizlərə hamilik və ümumiyyətlə, səhiyyə, elm-təhsil, mədəniyyət, idman və digər sahələr üzrə həyata keçirilən layihələrin qiyməti yoxdur, desək, yanılmarıq.

Məhz Mehriban xanımın təşəbbüsü ilə inşa edilən müasir tipli modern xəstəxanalarda minlərlə xəstə şəfa tapıb. Fondun təşəbbüsü ilə yenidən qurulan, inşa edilən uşaq evləri və mütəmadi olaraq Mehriban xanımın görüşünə getdiyi kimsəsiz uşaqların sevinci, onlara bəxş edilən ana sevgisi, göstərilən səmimi qayğı bütün ölkə ictimaiyyəti tərəfindən hər zaman yüksək qiymətləndirilib.

Fondun, xüsusilə də Mehriban xanımın fəaliyyətinə ən yüksək dəyəri Prezident İlham Əliyev verib. Dövlət başçısı bildirib ki, Heydər Əliyev Fondu Mehriban xanım Əliyevanın rəhbərliyi ilə nəinki Azərbaycanın, eləcə də regionun ən böyük və nüfuzlu ictimai təşkilatına çevrilmişdir. Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. Fondun təşəbbüsü ilə bir çox önəmli layihələrə, proqramlara start verilib. Onların arasında “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı xüsusi qeyd edilməlidir. Məhz bu proqramın başlanması nəticəsində son illər ərzində ölkəmizdə minlərlə məktəb əsaslı təmir olunub və ya yenidən tikilib. Digər layihələr ölkəmizin hərtərəfli inkişafına xidmət göstərib. Heydər Əliyev Fondunun xətti və dəstəyi ilə minlərlə insan tibbi müalicə ilə təmin edilib. Bir çox halda bu məsələlər ictimaiyyət üçün açıqlanmır. Fondun fəaliyyəti məhz o məqsədi güdür ki, ehtiyacı olan insanlara yardım etsin və ən az müdafiə olunan vətəndaşlara imkan daxilində öz dəstəyini göstərsin.

Cənab Prezident həmçinin Heydər Əliyev Fondunun mədəniyyətlə, incəsənətlə bağlı layihələrini də yüksək qiymətləndirərək vurğulayıb ki, fond mənəvi, tarixi, mədəni irsimizin qorunması işində əvəzolunmaz rol oynayıb. Milli sərvətimiz olan muğam sənətinin yenidən inkişafı və beynəlxalq arenaya çıxarılması məhz Heydər Əliyev Fondunun və Mehriban Əliyevanın şəxsi təşəbbüsü nəticəsində mümkün olub. Azərbaycanda keçirilən muğam müsabiqələri artıq həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bu, sadəcə olaraq sənət növü deyil, mədəni sərvətimizdir. Gənc nəslin tərbiyə olunmasında milli-mənəvi dəyərlər, ənənələr xüsusi rol oynayır. Bu baxımdan belə təşəbbüslər çox böyük ictimai məna daşıyır. Eyni zamanda dünya miqyasında muğamın məhz Azərbaycan sənəti kimi təqdim olunmasında Heydər Əliyev Fondunun çox böyük rolu olub.

Heydər Əliyev Fondunun layihələri təkcə ölkə miqyası ilə yekunlaşmır. Mehriban xanımın rəhbərliyi ilə fond Azərbaycanı dünyada tanıtmaq üçün müxtəlif təqdimatlar, sərgilər, tədbirlər keçirib. Çoxsaylı tədbirlər nəticəsində dünya ictimaiyyəti ölkəmizi daha yaxından tanımağa, öyrənməyə başlayıb. Məhz belə layihələr sayəsində dünyanın bir çox xalqlarına, dövlətlərinə bəlli olub ki, Azərbaycan müasir, dinamik inkişaf edən ölkədir, xalqı isə öz tarixi köklərinə çox bağlıdır.

Uğurlu və yüksək təşkilatçılıq bacarığı

Azərbaycan xalqına yaxşı bəllidir ki, Mehriban xanım Əliyeva həm də yüksək təşkilatçılıq bacarığına sahibdir. Bunu ölkəmizdə uğurla keçirilən və Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına təkan verən mötəbər idman və mədəniyyət yarış və tədbirləri də təsdiqləyir.

Avropanın “musiqi bayramı” kimi səciyyələndirilən nüfuzlu “Avroviziya” Beynəlxalq Mahnı Müsabiqəsinin 2012-ci ildə Bakıda ən yüksək səviyyədə keçirilməsi ölkəmizin dünyada tanıdılması işində xüsusi rol oynayıb. Eyni zamanda 2015-ci ildə paytaxtımızda baş tutan ilk Avropa Oyunları zamanı Mehriban xanım Əliyevanın rəhbərliyi ilə çalışan “Bakı-2015”

I Avropa Oyunları Təşkilat Komitəsinin yüksək əzmkarlığı sayəsində Azərbaycan Avropa Oyunlarının standartlarını müəyyənləşdirib. Sözügedən oyunların möhtəşəm açılış və bağlanış mərasimləri unikal – bənzərsiz nümunə kimi beynəlxalq səviyyədə heyrətlə və rəğbətlə qarşılanıb. Bu, həmçinin Azərbaycan dövlətinin potensialını, gücünü, xalqımızın mənəvi dəyərlərini və ali keyfiyyətlərini bütün dünyaya nümayiş etdirib.

2017-ci ildə paytaxt Bakıda keçirilən IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsi də Mehriban xanım Əliyevanın rəhbərliyi ilə uğurla fəaliyyət göstərib, nəticə etibarilə Azərbaycan IV İslam Həmrəylik Oyunlarına müvəffəqiyyətlə evsahibliyi edib. Bu həm də mədəniyyətlərarası dialoqun inkişafında və təşviqində vacib rol oynayan Azərbaycanın islam həmrəyliyinin gücləndirilməsinə daha bir töhfəsi olub.

Məhz 2015-ci ildə I Avropa Oyunlarının keçirilməsində göstərdiyi xidmətlərə görə Mehriban Əliyevanın Azərbaycan dövlətinin ən ali mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif edilməsi Azərbaycan Prezidentinin onun hərtərəfli fəaliyyətinə verdiyi ən ali dəyər idi

Ali missiya, sadiq silahdaş, böyük dayaq

Məhz bu çoxşaxəli fəaliyyət, Vətəninə və xalqa sonsuz sevgisi, milli-mənəvi dəyərlərə dərin hörməti, ölkənin ictimai-siyasi həyatındakı xidmətləri, insanlara olan tükənməz qayğısı onun ölkəmizin Birinci vitse-prezidenti vəzifəsinə təyin olunmasını şərtləndirən əsas amillər oldu.

Prezident İlham Əliyevin 2017-ci ilin fevral ayında qəbul etdiyi qərar Azərbaycan xalqı tərəfindən çox yüksək qiymətləndirildi. Çünki Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, çox xeyirxah və xalqın böyük rəğbət bəslədiyi ən layiqli ictimai-siyasi xadim idi.

Beləliklə, 2017-ci ildən Mehriban xanım Əliyevanın həyatında yeni dövr başladı. Prezident İlham Əliyev bu təyinatla bağlı keçirdiyi Təhlükəsizlik Şurasının iclasında əminliklə bəyan etdi ki, bu günə qədər Azərbaycan xalqına, dövlətə sədaqətli xidməti ilə sevilən Mehriban xanım Əliyeva bundan sonra da ölkəmizin inkişafına öz dəyərli töhfəsini verəcək.

Artıq 6 ildir ki, Mehriban xanım Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti kimi uğurlu fəaliyyət göstərir. Əlbəttə, 6 il uzun zaman kəsiyi sayılmasa da, dövrün reallıqları, baş verən hadisələr təsdiq edir ki, 2017-ci ilin fevralından ötən müddəti Mehriban Əliyevanın uğurlu hesabat dövrü kimi nəzərdən keçirmək üçün böyük əsaslar var.

Birinci vitse-prezident təyin olunduqdan bir neçə gün sonra Mehriban xanım Əliyeva “Rossiya 1” telekanalının “Vesti nedeli” proqramına müsahibəsində deyir: “Mən Prezidentin etimadını, ən başlıcası isə, mənə inanan, ümid bəsləyən insanların etimadını doğrultmalıyam”. Üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəyini bəyan edən Mehriban xanımın ötən 6 ildəki fəaliyyəti bu vədin əməli surətdə özünü doğrultduğunu göstərdi. Daha dəqiq desək, Mehriban xanım Əliyeva öz nümunəvi fəaliyyəti ilə dövlət başçısının, ona inamını ifadə edən, böyük ümidlər bəsləyən insanların etimadını ən yüksək səviyyədə doğrultmağı bacardı.

Mehriban Əliyeva həm də Qafqazın ən böyük siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının sədr müavinidir. Bu gün 764 368 nəfər üzvü olan partiyanın Azərbaycanın ictimai-siyasi həyatında əvəzsiz xidmətləri var. Tarix göstərir ki, dövlət idarəçiliyində ciddi rol oynayan, ölkəmizin tərəqqisi naminə sosial layihələrin müəllifi olan, cəmiyyətdə xeyriyyəçi, şəfqət, mərhəmət simvoluna, ümid qapısına çevrilən Mehriban xanım Əliyeva əməli fəaliyyəti ilə üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlir.

Ötən dövr ərzində hər kəs şahidlik etdi ki, Mehriban xanım Əliyeva həm də sadiq silahdaşdır. Prezident İlham Əliyevin həyata keçirdiyi tam müstəqil siyasətin, mütərəqqi islahatların ən böyük dəstəkçisidir. Prezident İlham Əliyevin inamla davam etdirdiyi strateji siyasi kursun həyata keçirilməsində, bu siyasətin hər bir vətəndaşın həyatında qabarıq hiss olunmasında Mehriban xanım Əliyevanın da xidmətləri böyükdür. Onun vətənə xidmət fəlsəfəsinin təməlində xalqına sonsuz sevgi, Ulu Öndər Heydər Əliyev ideyalarına sarsılmaz inam və Prezident İlham Əliyevin müstəqil siyasətinə yüksək sədaqət hissləri dayanır. Xeyirxahlığına, yüksək bacarığına, diqqət və qayğısına görə hamının hörmətini, məhəbbətini qazanmış Mehriban xanım Əliyevanın ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı rolu mühüm, xidmətləri danılmazdır.

44 günlük Vətən müharibəsində əldə edilən şanlı zəfərdən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfərləri zamanı onu müşayiət edən birinci xanım Mehriban Əliyeva özünəməxsus səmimiyyətlə paylaşımlar edir, ictimai diqqəti erməni vandalizminin ağır fəsadlarına yönəldir. İşğaldan azad edilmiş ərazilərdə həyata keçiriləcək layihə və tədbirlər barədə ictimaiyyətə müəyyən mesajlar, məlumatlar verir.

Eyni zamanda Prezidentin həyata keçirdiyi misli görünməmiş yenidənqurma, bərpa tikinti layihələrinə Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu çox böyük dəstək verir. Fondun xətti ilə işğaldan azad edilən torpaqlarımızdakı tarixi-dini və mədəni abidələrin bərpası prosesi həyata keçirilməkdədir. Xüsusən Şuşada, Ağdamda reallaşdırılan bərpa işlərində Heydər Əliyev Fondunun fəaliyyəti misilsizdir və bütün bunlar, ilk növbədə, Mehriban Əliyevanın vətənpərvərliyinin təcəssümüdür.

Avqustun 22-23-də Azərbaycanda səfərdə olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyevanın Qarabağa səfərləri zamanı bir daha Heydər Əliyev Fondunun Şuşa şəhərində reallaşdırdığı layihələr həm dost ölkənin rəhbərliyinin, həm də ölkə vətəndaşlarının könlünü oxşadı. Dünya bir daha şahidlik etdi ki, 30 il ərzində erməni barbarlarının Azərbaycan tarixinin izlərini itirmək cəhdi mümkün olmadı. Düşmənin işğal dövründə darmadağın etdiyi abidələrimiz indi tam bərpa edilib. Vəhşi ermənilərin donuz saxladığı məscidlərimizin bərpası və minarələrindən verilən azan səsi düşmənin bağrını yarır, qədim şəhərimizin, ümumiyyətlə, Qarabağ və Şərqi Zəngəzurun azadlığı uğrunda canını fəda etmiş şəhidlərimizin ruhunu şad edir.

Bu gün – 26 avqust təqvim günü ölkəmizin ictimai-siyasi həyatında iki əlamətdar gün kimi qeyd edilir. Həm ölkəmizin Birinci vitse-prezidentinin doğum günü, həm də  30 illik yurd həsrətindən sonra doğma Laçına qayıdan sabiq köçkünlərin azadlığının təntənəsi günü – “Şəhər günü”nün sevinci yaşanır. Prezident İlham Əliyevin sərəncamına əsasən, bundan sonra işğaldan azad edilən torpaqlarımızın azadlıq günü böyük təmtəraqla qeyd ediləcək. İlk olaraq isə həmin günün sevincini laçınlılar yaşayır.

Bu iki əlamətdar günün rəmzi məna daşıdığını söyləsək, yanılmarıq. Həm Prezident İlham Əliyev, həm də Mehirban xanım Əliyeva həyatlarının ən əlamətdar günlərində hər zaman keçmiş məcburi köçkünlərin və ya şəhid ailələrinin yanında olublar. Bu gün də bu ənənə davam edir. Bu, ölkə rəhbərinin və birinci xanımın xalqımıza, xüsusən də həmin kateqoriyadan olan insanlara verdikləri dəyərin, göstərdikləri qayğının bariz təcəssümüdür.

Artıq keçmiş məcburi köçkünlərimizin öz doğma yurdlarına böyük qayıdışına start verilib. Demək olar, hər həftə böyük köç karvanları üzü Qarabağ və Şərqi Zəngəzura doğru irəliləyirlər. Cənab İlham Əliyevin Böyük Qayıdış Konsepsiyası uğurla icra olunur. Mehriban xanım Əliyeva da bu tarixi missiyada sadiq silahdaş kimi cənab Prezidentimizə böyük dayaqdır.

 

Səttar MÖHBALIYEV,

Milli Məclisin deputatı,

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri