Azərbaycan və Özbəkistanın həmkarlar ittifaqları arasında əlaqələr genişlənir

847

Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin (BHİK) sədri Fuad Məmmədov Daşkənd şəhərində Özbəkistan Kənd Təsərrüfatı İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Toxtomurad Bozarovla görüşüb.

Görüşdə Azərbaycanla Özbəkistanın qardaşlıq münasibətlərindən, bütün sahələrdə genişlənən qarşılıqlı faydalı əməkdaşlıqdan, həmçinin hər iki ölkənin həmkarlar ittifaqları arasında əlaqələrdən bəhs olunub.
T.Bozarov qeyd edib ki, son zamanlar dövlətlərimiz arasında möhkəmlənən əlaqələrə həmkarlar ittifaqları da öz töhfəsini verməkdədir. O eləcə də təmsil olunduğu Respublika Komitəsinin fəaliyyəti, həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verib.
Azərbaycanda həmkarlar ittifaqlarının funksiyalarından danışan Fuad Məmmədov bildirib ki, aqrar sahədə həmkarlar ittifaqı fəaliyyət göstərir və ittifaq üzvlərinin əmək hüquqlarının qorunması istiqamətində səylə çalışır.
Onun sözlərinə görə, Türk dövlətlərinin həmkarlar ittifaqları milli mərkəzləri tərəfindən ötən ay Şuşada imzalanan müqavilənin davamı olaraq sahə həmkarlar ittifaqlarının da birlik yaratması təşəbbüsü münasibətlərimizdə yeni səhfələr açacaq.
Qeyd edək ki, görüşdə Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının vitse-prezidenti Baxtiyar Muxammedaliyev də iştirak edib. Səfər zamanı digər şəhərlərdə də həmkarlar ittifaqlarının yerli qurumları ziyarət olunub.

Özbəkistan Kənd Təsərrüfatı İşçilərinin Həmkarlar İttifaqları Respublika Komitəsi 1,5 milyon ittifaq üzvü ilə Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının 18 sahə birliyi arasinda ikinci ən böyük təşkilatdır, 4500 dən çox ilk həmkarlar ittifaqı təşkilatlarını özündə birləşdirir