Mədəniyyət işçiləri arasında keçirilən minifutbol turnirinin qalibləri mükafatlandırılıb

446

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (MİHİ RK) xidməti sahəsinə aid olan təşkilatların komandaları arasında keçirilən minifutbol üzrə turnirin qalibləri mükafatlandırılıb.

Tədbiri giriş sözü ilə açan MİHİ RK-nın Aparat rəhbəri Zaur Həmidov Ulu Öndər Heydər Əliyevin  idman sahəsinə göstərdiyi diqqət və qayğıdan bəhs edib. Bildirib ki, Heydər Əliyevin ölkəmizin idman həyatında gördüyü işlər əvəzsizdir.  Ulu Öndərin “İdman cəmiyyət üçün ən vacib sahədir. İdmanla məşğul olan hər bir insan, hətta adi bədən tərbiyəsi ilə məşğul olan hər kəs tamam sağlam olur. Sağlam olmaq üçün həkimə müraciət etmək, dava-dərman qəbul etmək, iynə vurdurmaq lazım deyildir. Sadəcə, hər gün idmanla məşğul olun. Mən bir dəfə demişəm, yenə deyirəm: mən gənc vaxtlarımdan idmanı sevmişəm, idmanla məşğul olmuşam, bu gün də məşğul oluram. Ona görə hamınızı idmanla məşğul olmağa dəvət edirəm” fikirləri hər bir gənc üçün bu gün də dəyərlidir.

Z.Həmidov həmçinin yarışda qalib gələn komandaları təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

MİHİ RK-nın əməyin texniki müfəttişi Çingiz İbrahimov turnirin idman qaydaları çərçivəsində təşkil edildiyini, maraqlı və yüksək rəqabət mühitində keçdiyini bildirdi. O, sonra qalibləri iştirakçılara təqdim etdi: I yeri Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının  komandası, II yeri Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları  Assosiasiyasının komandası, III yeri isə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin komandası qazanıb. Sonda qalib komandalara medal, kubok və pul mükafatı verilib.