Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev jurnalistləri təbrik edib

456

Təbrikdə deyilir:

“Hörmətli jurnalistlər! Dəyərli qələm sahibləri!

Sizi öz adımdan, həmçinin Azərbaycan həmkarlar ittifaqlarının üzvləri adından 22 iyul – Milli Mətbuat və Jurnalistika Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxt və firavan həyat, məsuliyyətlə çalışdığınız şərəfli fəaliyyətinizdə böyük müvəffəqiyyətlər arzulayıram.

Böyük Azərbaycan ziyalısı Həsən bəy Zərdabi tərəfindən “Əkinçi” qəzeti ilə əsası qoyulan Azərbaycan mətbuatı hazırda özünün yüksək inkişaf mərhələsini yaşayır, xalqımızın milli birliyinin möhkəmlənməsində, cəmiyyətimizin maariflənməsində əhəmiyyətli rol oynayır.

Əminliklə deyə bilərik ki, bu gün Azərbaycanda dünyanın ən aparıcı və qabaqcıl kütləvi informasiya vasitələri ilə rəqabət apara bilən coxşaxəli mətbuat və informasiya sistemi mövcuddur. Mətbuatımız dəqiq, qərəzsiz, mötəbər informasiyaların ictimaiyyətə çatdırılması ilə cəmiyyətin həyatında mühüm rol oynayır və vətəndaşların tam, doğru-dürüst və operativ informasiya almaq hüququnu təmin edir.

Ölkəmizdə kütləvi informasiya vasitələrinin inkişafı, jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması həmişə dövlətimizin başçısı cənab İlham Əliyevin diqqət mərkəzindədir.

Bir daha  bütün jurnalistləri və mətbuat-informasiya sistemində çalışan bütün işçiləri Milli Mətbuat Günü münasibətilə təbrik edir, onların hər birinə səadət və xoşbəxtlik, yaradıcılıq uğurları və yeni-yeni nailiyyətlər arzulayıram!

Bayramınız mübarək olsun”