AHİK sədri Səttar Möhbalıyev qazaxıstanlı həmkarı ilə görüşüb

636

İyulun 17-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev ölkəmizdə səfərdə olan Qazaxıstan Həmkarlar İttifaqları Federasiyasının (QHİF) sədri Satıbaldı Dauletalin ilə görüşüb.

Görüşdə Azərbaycanla Qazaxıstan arasında dostluq və qardaşlıq münasibətlərindən, həmçinin iki ölkənin müvafiq qurumları arasında mövcud əlaqələrdən, əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində görülən işlərdən və qarşıda duran vəzifələrdən danışılıb.

Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyətindən söz açan AHİK sədri bildirib ki, həmkarlar ittifaqları ölkəmizin sosial siyasətin həyata keçirilməsində önəmli rol oynayır, dövlətin bütün çağırışlarına, o cümlədən sosialyönlü təkliflərinə adekvat cavab verir.

Qeyd olunub ki, bu gün həmkarlar ittifaqları Azərbaycanda əmək prosesinə cəlb olunmuş vətəndaşlarımızın hüquqlarının müdafiəçisi kimi ölkəmizdə fəaliyyət göstərən bütün müəssisələrdə iş şəraitinin müasir standartlara uyğunlaşdırılması, sosial problemlərin həlli və əmək hüquqlarının təmin olunması sahəsində yeni metod və vasitələrdən istifadə edərək daha ardıcıl və məqsədyönlü iş aparırlar.

2021-ci ildə AHİK ilə QHİF arasında imzalanmış əməkdaşlığa dair Memoranduma toxunan Səttar Möhbalıyev deyib ki, bu sənəd Azərbaycan və Qazaxıstan həmkarlar ittifaqları arasında mövcud əlaqələrin daha da dərinləşməsinə, bəzi istiqamətlərdə əməkdaşlığın yeni mərhələyə qədəm qoymasına və inkişafına mühüm töhfələr verir.

Səttar Möhbalıyev həmçinin türkdilli dövlətlərin təşkilatlanmasının əhəmiyyətini vurğulayaraq bunun həmin ölkələr arasında qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsinə, həmrəyliyə böyük töhfə olduğunu bildirib: “Qürurla deyə bilərik ki, artıq Türk Dövlətləri Təşkilatı regional güc mərkəzinə çevrilib və beynəlxalq siyasi proseslərə təsir imkanları artmaqdadır. Türkdilli dövlətlərin həmkarlar ittifaqlarının da vətəndaşlarımızın əmək hüquqlarının qorunması istiqamətində səylərini birləşdirməsi, bu istiqamətdə birgə müzakirələrin aparılması təşəbbüsü artıq reallaşmaqdadır. Yaxın günlərdə türkdilli dövlətlərin həmkarlar ittifaqlarını birləşdirəcək qurumun yaradılması nəzərdə tutulub. İnanırıq ki, belə bir qurumun təsis olunması əməkdaşlığımızda yeni səhfələr açacaq, münasibətlərimizi möhkəmləndirəcək”.

Səmimi qəbula görə təşəkkür edən QHİF sədri Satıbaldı Dauletalin Qazaxıstan həmkarlar ittifaqlarının gördüyü işlər haqqında ətraflı məlumat verib. O, Azərbaycan və Qazaxıstan həmkarlar ittifaqları arasında münasibətlərin davamlı inkişafından məmnunluğunu bildirib, təşkil olunan qarşılıqlı səfərlərin, həyata keçirilən təcrübə və fikir mübadilələrinin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, bu əlaqələrin daha da inkişafı üçün gələcəkdə də səylə çalışılacaq.

Eyni zamanda Satıbaldı Dauletalin Səttar Möhbalıyevə QHİF-in Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasına üzvlüyünün bərpasında göstərdiyi hərtərəfli dəstəyə görə təşəkkür edib.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.