AHİK-in əməkdaşı Pan-Avropa Regional Şurasının yay məktəbində iştirak edib

527

İyunun 20-dən 30-dək Pan-Avropa Regional Şurası (PARŞ) tərəfindən Polşanın Varşava şəhərində “PARŞ regionunda yeni sosial müqavilənin təşviqi” adlı yay məktəbi təşkil olunub.

Görüşdə PARŞ-nin Baş katibi Ester Lanç, prezidenti İrakli Petriaşvili və quruma üzv təşkilatlardan 65 nümayəndə iştirak edib.

Tədbirin birinci günü Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) Baş katibi vəzifəsini icra edən Luk Trianql çıxış edərək BHİK-nın V Dünya Qurultayında qəbul edilən “Yeni Sosial Müqavilə”nin həyata keçirilməsinin vacibliyindən danışıb. Bildirib ki, hazırda dünyada demokratik dəyərlər böyük təzyiq altındadır, silahlanmaya külli miqdarda vəsait xərclənir, sülh təhdid olunur. Eləcə də müharibələr nəticəsində iş yerləri məhv edilir, yoxsulluq səviyyəsi yüksəlir. Ukraynada davam edən müharibəyə toxunan Baş katib hər zaman ukraynalı həmkarlarını dəstəklədiklərini dilə gətirib. O həmçinin həmkarlar ittifaqları üzvlərinin təzyiqlərə məruz qaldığını, hətta öldürülmələrini, həbs olunmalarını bildirib.

Avropa Həmkarlar İttifaqları Konfederasiyası və Pan-Avropa Regional Şurasının Baş katibi Ester Lanç Avropa ölkələrində bir çox sahələrdə çalışan işçilərin üzləşdikləri çətinliklərdən söz açıb və tezliklə həll variantının tapılmayacağı təqdirdə vəziyyətin ağırlaşacağını vurğulayıb. O, bu prosesdə həmkarlar ittifaqlarının üzərinə daha çox vəzifə düşdüyünü xüsusi olaraq qeyd edib. E.Lanç həmçinin PARŞ-nin qarşıda görəcəyi işlər barədə də iştirakçıları məlumatlandırıb.

Yay məktəbində digər çıxışlar da olub, rəy və təkliflər dinlənilib, geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasını tədbirdə qurumun Beynəlxalq əlaqələr şöbəsinin sektor müdiri Röya Qarayeva təmsil edib.