AHİK İcraiyyə Komitəsinin iclası keçirilib

708

İyulun 19-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) İcraiyyə Komitəsinin iclası keçirilib.

İclası giriş sözü ilə açan AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev gündəliyə AHİK-in İcraiyyə Komitəsinin və Aparatının 2023-ci ilin II yarımilliyi üçün iş planı, 2024-cü ildə üzv təşkilatlarda hesabat-seçki kampaniyasının hazırlanması və keçirilməsi, AHİK-in Məclisinin tərkibində dəyişiklik edilməsi, Gənclər Şurasının yeni tərkibinin və sədrinin təsdiq edilməsi, həmçinin digər cari və təşkilati məsələlərin daxil edildiyi barədə məlumat verib.

Gündəliyə çıxarılan məsələlər ətrafında çıxışlar olub, rəy və təkliflər səslənib, müzakirələr aparılıb. İcraiyyə Komitəsinin qərarı ilə Gənclər Şurasının yeni tərkibi təsdiq edilib və Qara Ağayev Şuranın sədri seçilib. Həmçinin digər məsələlər də səsə qoyularaq qəbul edilib.

Sonda AHİK sədri Səttar Möhbalıyev əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, sağlam və təhlükəsiz iş şəraitinin yaradılması, bədbəxt hadisələrin, istehsalat zədələrinin, peşə xəstəliklərinin minimuma endirilməsi, əməyin mühafizəsi üzrə qayda və normalara əməl edilməsi məqsədilə mütəmadi maarifləndirmə tədbirlərinin həyata keçirilməsini tövsiyə edib.

Konfederasiya sədri həmçinin deyib ki, həmkarlar ittifaqlarına ünvanlanan bütün müraciətlər dərindən araşdırılsın, qaldırılan bütün problemlər qanunvericiliyə uyğun olaraq, vaxtında həll edilsin, vətəndaş məmnunluğu tam təmin olunsun.

Şəhid ailələrinin və valideynlərinin, qazilərin, veteranların müraciətlərinə həssaslıqla yanaşmağı diqqətə çatdıran S.Möhbalıyev bunun hamımızın müqəddəs borcu olduğunu vurğulayıb.

AHİK sədri eləcə də işçilərin istirahəti, müalicəsinin təşkili, sağlamlığının qorunması və möhkəmləndirilməsi, bu məqsədlə verilən məzuniyyət hüququnun təmin edilməsi, məzuniyyət dövründə istirahətin daha səmərəli və mənalı təşkili üçün şəraitin yaradılması ilə bağlı bir sıra tapşırıqlar verib.