Qurtuluş və xilaskarlıq missiyası

443

Tarix keyfiyyətlə zənginləşdirilmiş zamandır. Hər hansı bir vaxt kəsiyi o zaman tarix ola bilir ki, orada məna, keyfiyyət və həqiqət olsun. Azərbaycanın da çoxəsrlik zəngin tarixində mühüm əhəmiyyət daşıyan elə günlər var ki, həmin zaman kəsiyi xalqımızın taleyində müstəqillik, azadlıq, intibah və tərəqqi dövrü kimi təşəkkül tapıb. Xalqımızın qeyd etdiyi həmin günlərdən biri də 15 İyun Milli Qurtuluş Günüdür.

Azərbaycan  tarixində yeni səhifə açan 1993-cü il iyunun 15-i  qurtuluş tarixi,  xalqımızın ölüm-qalım savaşından alnıaçıq çıxdığı gündür. Bu möhtəşəm tarixi yaradan dahi şəxsiyyət isə xalqımızın Ümummilli Lideri Heydər Əliyevdir.

Əbəs yerə deməyiblər ki, tarix şəxsiyyətləri yaratmır, tarixi böyük şəxsiyyətlər yaradır. Məhz onların istedadı, uzaqgörənliyi, fenomenallığı, parlaq zəkası sayəsində xalqlar, dövlətlər ayaqda durmağı, inkişaf etməyi və dövlətçiliyi qorumağı bacarırlar. Azərbaycanın da müstəqilliyinin əbədi və dönməz olmasında, bölgədə və dünyada nüfuzunun artmasında, ən nəhayət, tarixinin ən qüdrətli dövlətinə çevrilməsində Ulu Öndərin müstəsna xidmətləri danılmaz həqiqətdir. Heydər Əliyev uca Yaradanın Azərbaycan xalqına ən böyük mükafatıdır. Heydər Əliyevin həyatının və fəaliyyətinin hər bir məqamı xalqımızın gözü qarşısında olub. Bütün Azərbaycan şahiddir ki, bu şəxsiyyət yalnız Vətəni və xalqı üçün yaşadı. Bu həqiqətləri doğru-düzgün dəyərləndirən qədirbilən xalqımız isə qurtuluş tarixinin 30 illik yubileyini böyük  təntənə ilə qeyd edir.

 

Müstəqilliyin itirilmə təhlükəsi, tənəzzüldən tərəqqiyə

 

Milli Qurtuluş Günü yeni əldə edilmiş və itirilmə təhlükəsi olan müstəqilliyin bünövrəsinin möhkəmləndirildiyi, yüksəliş salnaməmizin təməlinin atıldığı gündür. Müstəqilliyi qazanmaq çətindirsə, onu qorumaq daha çətindir, deyiblər. Ulu Öndər də məhz uzaqgörən siyasəti, uğurlu missiyası ilə ən çətin prosesin öhdəsindən layiqincə gəlməklə adını tariximizə xilaskar lider kimi yazdırıb. O, ikinci dəfə siyasi hakimiyyətə gəlişi ilə Azərbaycanı, bütöv bir xalqı məhvolma təhlükəsindən xilas edib.

1991-ci ildə müstəqilliyin bərpasından sonra ölkədə hakimiyyətdə olan səriştəsiz qüvvələrin naşılığı üzündən Azərbaycan çətin sınaqla üz-üzə qalmışdı. Bu çətin vəziyyət həm dövlətin zəifləməsinə, həm də torpaqlarımızın Ermənistan silahlı birləşmələri tərəfindən işğalına şərait yaratmışdı. Xaos və özbaşınalıq hökm sürən ölkədə cinayətkarlıq baş alıb gedir, dövlət orqanları iflic vəziyyətə düşmüşdü. Qanunsuz hərbi birləşmələr kimsəni tanımır, torpaqların müdafiəsini taleyin ümidinə buraxır və heç kəsin qarşısında məsuliyyət daşımırdılar. Belə bir vəziyyətdə xalq nicat yolunu ancaq Ulu Öndərdə görür və təkidli tələblə dahi şəxsiyyəti Azərbaycana çağırırdı.

Bu bir həqiqətdir ki, Heydər Əliyev Vətənini və xalqını sonsuz məhəbbətlə sevirdi və təbii ki, belə bir vəziyyətdə nə xalqın tələbini geri çevirə bilərdi, nə də vətəni ağır gündə, dar gündə qoyub susqun qala bilərdi. Elə bu səbəbdən xalqın təkidli tələbi ilə dahi rəhbər Bakıya döndü və bununla da Azərbaycanı böyük bəladan qurtarmış oldu.

Heydər Əliyevin iyunun 9-da Bakıya qayıdışı daxili və xarici düşmənlərimizin bütün planlarını iflasa uğratdı. Xilaskarlıq missiyasını öz üzərinə götürən Ümummilli Liderin Gəncəyə səfəri isə vətəndaş müharibəsinin qarşısını aldı.

1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu və o gün müasir Azərbaycanın milli dövlət quruculuğunun başlanğıc tarixi kimi yaddaşlara yazıldı. Xalqın itirilmiş inamını özünə qaytaran Ulu Öndər Azərbaycanın əbədi müstəqilliyini təmin etdi.

Ümumiyyətlə, Heydər Əliyevin fəaliyyətinin 1993-2003-cü illərini bir ömrün möhtəşəm salnaməsi adlandırmaq olar. Ümummilli Lider həmin illərdə ölkəmizi yalnız parçalanmaqdan, dövlət çevrilişlərindən, özbaşınalıqlardan xilas etmədi, həm də xalqımıza yeni, firavan, müstəqil Azərbaycanı bəxş etdi.

Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan 1993-cü ildən sonrakı 10 il ərzində böyük və şərəfli yol keçdi. Bu tarixdən sonra başlıca qayəsini azərbaycançılıq, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyuldu. 1993-2003-cü illər ölkəmizdə sabitlik və inkişaf illəri kimi tarixə yazıldı.  Tarixə qısa ekskurs edərək bu 10 il müddətində Azərbaycanın qazandığı uğurlara şahidlik etmiş olsaq, görərik ki, bu dövrdə ilk olaraq ölkə daxilində sabitlik təmin edildi. Azərbaycanın cənubunda baş qaldıran silahlı dəstələr bir güllə atılmadan zərərsizləşdirildi. Nizami ordu yaradıldı, keçmiş Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişəsinin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. Azərbaycanda yeni idarəetmə sistemi formalaşdırıldı, insanların öz dövlətinə inamı qaytarıldı. Ardınca müasir müstəqil dövlət quruculuğu prosesi başlandı. İlk parlament seçkiləri keçirildi və referendum yolu ilə  Konstitusiya qəbul edildi.

1994-cü il fevralın 24-də “Həmkarlar ittifaqları haqqında” qanun qəbul edildi. Prezident Heydər Əliyev tərəfindən təsdiq edilən bu sənəd təşkilatımızın səmərəli fəaliyyət göstərməsi üçün hüquqi baza yaratmış oldu. Bu qanun öz dəyərinə, məzmununa görə təkcə ölkə daxilində deyil, hətta MDB məkanında bir çoxlarına demokratiyanı sözdə yox, işdə dəstəkləməyin parlaq nümunəsi oldu.

Bir sözlə, Ulu Öndər Heydər Əliyevin fitri istedadı, müdrikliyi sayəsində Azərbaycan yeni yüksəliş mərhələsinə qədəm qoydu.

 

Əsrin ən böyük enerji layihələrindən biri – inkişafın təməl daşı

Ulu Öndərin tarixi xidmətlərindən biri də ölkəmizdə mükəmməl sosial-iqtisadi inkişaf strategiyasının hazırlanması və onun mərhələ-mərhələ reallaşdırılması idi.  Bu istiqamətdə Ümummilli Liderin müdrikcəsinə işləyib hazırladığı enerji strategiyası Azərbaycanın uzunmüddətli inkişafının təməlini qoydu.

Ölkəmizin iqtisadi qüdrətinin artmasında həm də neft və qaz kimi təbii sərvətlərimizin, ondan xalqımızın mənafeyinə uyğun düzgün istifadə olunması mühüm rol oynayıb. Bu sahədə Ulu Öndərin seçdiyi düzgün yol, apardığı gərgin iş öz bəhrəsini verdi. 1994-cü il sentyabrın 20-də XX əsrin ən böyük iqtisadi layihələrindən olan, tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adı ilə dünyada məşhurlaşan saziş imzalandı. Bakıda dünyanın 8 ölkəsini təmsil edən yüksək nüfuza malik, neft hasilatı üzrə ixtisaslaşmış 13 iri neft şirkəti arasında “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənilməsini nəzərdə tutan bu irimiqyaslı beynəlxalq müqavilə müasir Azərbaycanın tarixində və taleyində mühüm rol oynadı. “Əsrin müqaviləsi” ilə Azərbaycan özünün təbii sərvətlərinə sahib çıxmaq haqqını bütün dünyaya bəyan etdi, milli mənafelərimizi, iqtisadi və strateji maraqlarımızı qorumaq əzmini göstərdi. Bu müqavilə dövlət müstəqilliyimizin mühüm təminatına çevrildi.

Neftin dünya bazarlarına çıxarılması üçün 1996-cı ildə Bakı-Novorossiysk, 1999-cu ildə Bakı-Supsa ixrac neft kəmərləri istismara verildi.  Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin inşasına dair saziş imzalandı və bu, karbohidrogen ehtiyatlarının ixrac marşrutlarını genişləndirdi.

Ulu Öndərin həyata keçirdiyi islahatlar, böhran içərisində qalan Azərbaycanın iqtisadiyyatının gücləndirilməsi istiqamətində reallaşdırdığı genişmiqyaslı quruculuq işləri xalqın gələcəyə olan inamını doğrultmaqla ölkəmizin dünya birliyinə açılan yoluna  işıq saldı. Artıq Azərbaycanın səsi bir çox beynəlxalq təşkilatın tribunasından eşidilir, diplomatik uğurları diqqət çəkirdi. Dünya siyasətində dəst-xəti ilə seçilən, dövlət başçıları arasında hazırlığı ilə fərqlənən Ulu Öndər Heydər Əliyevin cəsarətli, qətiyyətli addımları, beynəlxalq tribunalarda, ən ali kürsülərdəki  çıxışları Azərbaycanın imicini, nüfuzunu yüksəltdi.

Dahi şəxsiyyətin siyasi proseslərlə yanaşı, ölkə iqtisadiyyatının dirçəlməsi istiqamətində atdığı addımlar da təqdirəlayiq idi. Çünki qəbul olunan iqtisadi qanunlar Azərbaycanın milli iqtisadi inkişaf modelinin formalaşmasına və islahatların vətəndaşların mənafeyinə uyğun şəkildə həyata keçirilməsinə etibarlı zəmin yaradırdı. Məhz Heydər Əliyevin rəhbərliyi dövründə iqtisadi sahələrin tənzimlənməsi ilə bağlı 70-dən artıq qanun qəbul edildi, 100-dən çox fərman və sərəncam imzalandı, 30-a yaxın dövlət proqramı təsdiq olundu. 10 il ərzində Milli Məclisin qəbul etdiyi 1715 qanun və qərarın 975-i Ümummilli Liderin təşəbbüsü əsasında parlamentə təqdim olundu.

 

Tarixin ən qüdrətli Azərbaycanı

Ulu Öndər Heydər Əliyev hər zaman deyirdi ki, Azərbaycanın dövlət müstəqilliyi, milli azadlığı əbədidir və gün gələcək Azərbaycan dünyaya günəş kimi doğacaq. Bu gün müstəqil Azərbaycan həqiqətən də Ümummilli Liderin görmək istədiyi ölkəyə çevrilib və bütün uğurlarımızda Heydər Əliyevin qoyduğu təməli görürük. Etiraf etməliyik ki, Ulu Öndər bizə təkcə müasir, əbədiyaşar dövlət əmanət etmədi. Həm də qurduğu dövlətimizi gələcəyə inamla apara biləcək davamçı bəxş etdi. Onun müəyyənləşdirdiyi strategiyanı, yüksəliş konsepsiyasını uğurla reallaşdıran layiqli varisi Prezident İlham Əliyev Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirdi. Ən əsası isə cənab İlham Əliyev 200 illik münaqişəyə, 30 illik müharibəyə son qoyaraq Azərbaycan tarixində Müzəffər Ali Baş Komandan kimi xalqın qəlbində əbədi heykəlini ucaltdı.

Amma bütün bu uğurlar heç də asan başa gəlmədi. İllərlə Azərbaycana müxtəlif istiqamətlərdən təzyiqlər edildi,  beynəlxalq təşkilatlar tərəfindən ikili standartlara məruz qaldı.  Azərbaycanın haqq səsini eşidən çox az sayda dövlət, təşkilat var idi. Lakin İlham Əliyevin tam müstəqil siyasəti, həyata keçirdiyi mütərəqqi iqtisadi islahatlar və ən əsası, reallaşdırdığı qlobal enerji layihələri Azərbaycanın getdikcə nüfuzunu artırdı, dünyada etibarlı tərəfdaş dövlətə çevirdi.

Ulu Öndərin siyasi kursunun, yaratdığı dövlətçilik ənənələrinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan son 20 ildə regionun qüdrətli, aparıcı və əsas söz sahibi olan dövləti kimi nüfuz qazanıb. Maraqlı müqayisə aparmaq da olar. Əgər Ulu Öndər Azərbaycanı məhv olmaqdan qurtarıb, xalqımıza əbədi müstəqillik bəxş etdisə, İlham Əliyev öz uğurlu siyasəti ilə bu müstəqilliyi daha da möhkəmləndirdi. Heydər Əliyev böyük qayıdışı ilə Azərbaycanı uçurumdan qurtardısa, İlham Əliyev bu ölkəni tarixinin ən qüdrətli dövlətinə çevirdi. İqtisadi göstəricilərdə də maraqlı müqayisələr mümkündür. Əgər 1995-2003-cü illərdə ölkə iqtisadiyyatına 20 milyard dollar yatırılmışdısa, 2003-2023-cü illər ərzində bu rəqəm 300 milyard dollara qədər yüksəldi. Əgər 2004-cü ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramının icrasına başlayarkən ölkənin valyuta ehtiyatları 1,8 milyard dollar idisə, bu gün həmin rəqəm 66 milyard dollar təşkil edir.

Hazırda Azərbaycanın adı dünyanın azsaylı kosmik ölkələri sırasında çəkilir. Vaxtilə xəyal edirdiksə, bu gün orbitdə üzərində Azərbaycan bayrağı olan 3 peykin mövcudluğu həqiqətən də ölkəmizin qısa müddətdə böyük inkişaf yolu keçdiyindən xəbər verir.  Gələn il 4-cü peykimizin də orbitə buraxılacağı planlaşdırılır.

Azərbaycan həm də təşəbbüskarı və fəal iştirakçısı olduğu qlobal transmilli iqtisadi, enerji layihələri – “Cənub qaz dəhlizi”, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu, “Şimal-Cənub”, “Şərq-Qərb” nəqliyyat dəhlizləri kimi irimiqyaslı layihələr regionda və dünyada ölkəmizin mövqeyini daha da gücləndirir.

Dünyanın enerji xəritəsini dəyişən Azərbaycan reallaşdırdığı layihələrlə Avropanın enerji təminatçılarından birinə çevrilib. Respublikamız “Cənub qaz dəhlizi”, TANAP, TAP kimi irimiqyaslı layihələrin təşəbbüskarı və fəal iştirakçısıdır. Uzaq Çindən Şimali Avropaya bir neçə aya daşınan mallar bu gün  Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı vasitəsilə 15 günə ünvana çatdırılır.  Yəni Azərbaycan qədim İpək yolunun reallaşmasında da aktiv rol oynayır.

Məhz İlham Əliyevin qlobal təşəbbüsü ilə Azərbaycan Avropanın enerji xəritəsini dəyişib. Hazırda Avropanın enerji təminatında Azərbaycan mühüm rol oynayır. Açıq dənizə, okeana çıxışı olmasa da, Azərbaycan  Qara dənizin altı ilə Avropa ölkələrinə enerji layihələrini icra edir. Bu da əlbəttə ki, ölkənin iqtisadi qüdrətini təcəssüm etdirir. İqtisadi müstəqillik isə siyasi müstəqilliyin əsas təminatçısı hesab olunur.

 

Zəfərə aparan yol, Şuşa Bəyannaməsi, Böyük qayıdışın başlanması

İlham Əliyev Ulu Öndərin ən böyük vəsiyyətini gerçəkliyə çevirib. 2003-cü ildə xalqdan etimad mandatı alarkən “Bir qarış torpağımızın düşmən tapdağı altında qalmasına razı olmayacağıq” deyən Prezident İlham Əliyev 2020-ci ildə bunu gerçəkliyə çevirdi.

Lakin bu zəfər heç də asan əldə edilmədi. Bütün siyasi-iqtisadi proseslərlə yanaşı, İlham Əliyev Ali Baş Komandan kimi Azərbaycan Silahlı Qüvvələrinin arsenalının gücləndirilməsi, daha da modernləşməsi istiqamətində çox ciddi islahatlar apardı. Bu da təbii idi. Çünki torpaqları işğal altında olan ölkənin güclü orduya ehtiyacı vardı. Torpaqlarını işğaldan sülh yolu ilə azad edə bilməyən ölkə sonda məsələni güc yolu ilə həll etməli idi.  Odur ki, Ali Baş Komandan qısa zamanda elə bir ordu formalaşdırdı ki, Azərbaycan Silahlı Qüvvələri dünyanın 50 ən güclü orduları sırasında qərarlaşdı. İllər keçdikcə Silahlı Qüvvələrimizin maddi-texniki bazası gücləndi. Ali Baş Komandanın ordu quruculuğu siyasəti mükəmməl nəticələr verdi. 2016-cı ildə Aprel döyüşləri, 2018-ci ildə Günnüt zəfəri bir daha təsdiqlədi ki, Azərbaycan Ordusu istənilən zaman torpaqlarımızı azad etməyə qadirdir.

2020-ci il sentyabr ayının 27-dən noyabr ayının 8-dək Müzəffər Ali Baş Komandanın “dəmir yumruq” əməliyyatını uğurla icra edən Azərbaycan Ordusu cəmi 44 günə düşməni diz çökdürdü. Azərbaycan Ordusunun hər döyüşü qəhrəmanlıq dastanına çevrildi. İgid Azərbaycan oğulları ən böyük tariximizi yazdılar, qanları, canları bahasına, heç nədən qorxmadan, çəkinmədən, ölümün gözünə dik baxaraq xalqın 30 illik həsrətinə son qoydular. Azərbaycan adını dünya hərb tarixinə ilk dəfə “smart müharibə” aparan dövlət kimi yazdırdı. İkinci Qarabağ müharibəsinin gedişi göstərdi ki, sıravi əsgərdən tutmuş generala qədər hər bir döyüşçümüz qəhrəmandır.

Prezident İlham Əliyev diplomatik və sərkərdəlik məharəti ilə Azərbaycanın son 200 illik tarixini yenilədi. İkinci Qarabağ müharibəsindən sonra regionda yeni reallıqlar yarandı və 15 İyun Milli Qurtuluş Günü Azərbaycan tarixində ikiqat bayrama çevrildi – 2021-ci ilin həmin günündə Azərbaycan və Türkiyə arasında Şuşa Bəyannaməsi imzalandı.

Elə Qarabağın ilk qonağı da məhz qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan oldu. Qarabağın beşiyi, mənəvi dəyərimiz olan Şuşa şəhərində iki qardaş Prezident – cənab İlham Əliyevlə cənab Rəcəb Tayyib Ərdoğan arasında müttəfiqlik münasibətləri haqqında bəyannamə imzalandı. Şuşa Bəyannaməsi diplomatiya tariximizin ən mühüm sənədlərindən biri oldu. Bu bəyannamə ilə regionda yeni geosiyasi konfiqurasiya yarandı.

Bir məsələni də xüsusi olaraq vurğulamaq lazımdır ki, Rəcəb Tayyib Ərdoğan ötən ay Türkiyədə keçirilən prezident seçkilərində qalib gələrək növbəti 5 il üçün dövlət başçısı seçildi. Onu bu qələbə münasibətilə ilk təbrik edən də qardaşı cənab İlham Əliyev oldu. Rəcəb Tayyib Ərdoğanın iyunun 12-də ilk dövlət səfərini Azərbaycana etməsi də əsl qardaşlığın növbəti təntənəsi idi. Bu səfərin məhz iki il öncə Şuşa Bəyannaməsinin imzalanma tarixi ərəfəsində reallaşması isə düşmənlərə hansısa subliminal mesajlar verir.

Türkiyə və Azərbaycan hər zaman – şad gündə də, dar gündə də bir-birinin yanındadırlar. Bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma işlərində də Türkiyə şirkətlərinin böyük payı vardır. Ancaq etiraf etməliyik ki, Azərbaycan işğaldan azad edilən torpaqlarını öz gücünə dirçəltməyə çalışır. Heç bir beynəlxalq maliyyə qurumundan yardım almadan, yalnız öz iqtisadi imkanları hesabına dövlətimiz işğaldan azad edilən torpaqlarımızda misli görünməmiş quruculuq işlərini reallaşdırmaqdadır. Artıq “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq illərlə yurd həsrətində olan bir qrup soydaşımızın Zəngilan, Tərtər, Laçına qayıdışı təmin edilib. İndi Şuşada hər səhər məscidlərin minarələrindən ucalan azan səsləri şəhidlərimizin ruhunu şad edir. Bəli, bu gün Şərqi Zəngəzur və Qarabağda sıfırdan yeni şəhər və kəndlər salınır, məktəb, xəstəxana, idman kompleksləri, mədəniyyət ocaqlarının təməli qoyulur, hava limanları tikilir, dəmir və avtomobil yolları çəkilir, habelə digər irihəcmli layihələr reallaşdırılır.

Prezident İlham Əliyevin qarşıya qoyduğu prioritet məsələlərdən biri də Zəngəzur dəhlizinin açılmasıdır. Bu istiqamətdə də ciddi işlər həyata keçirilir. Zəngilan-Horadiz avtomobil yolunun və Horadiz-Ağbənd dəmir yolunun tikintisi demək olar ki, yekunlaşıb. Dəhlizin açılması ilə Azərbaycanın əsas hissəsi Naxçıvanla birləşəcək. Bununla  Azərbaycan Orta dəhlizə böyük töhfə vermiş olacaq. Uzaq Çindən gələn yüklərin Azərbaycandan keçməklə tez bir zamanda Avropaya çatdırılması təmin ediləcək və beləliklə, Azərbaycan Avrasiyada yeni nəqliyyat-logistika körpüsü yaratmış olacaq.

Onu da vurğulayaq ki, Vətən müharibəsində tarixi qələbəmizdən sonra  Prezidentin tapşırığı ilə Qarabağda və Şərqi Zəngəzurda başlayan yenidənqurma işlərinə bu ilin dövlət büdcəsində bəzi xərc istiqamətləri üzrə istifadə olunmamış vəsaitlərin də bu məqsədlərə səfərbər edilməsi nəzərə alınmaqla, 3 il ərzində, yəni 2021-ci, 2022-ci və 2023-cü illərdə ümumilikdə 9,7 milyard manatdan artıq vəsait yönəldilmişdi. Bu il isə büdcədən ayrılması nəzərdə tutulan 3 milyard manat vəsaitin 60 faizi artıq icra olunub.  Buna baxmayaraq, cari ilin 4 ayının yekunlarına əsasən, büdcə gəlirlərinin 2 milyard 260 milyon manatdan çox artması əlavə imkanlar yaradıb. Büdcəyə əlavə edilən maliyyə resurslarının 2 milyard 260 milyon manatlıq hissəsi işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma işlərinin aparılmasına yönəldilməklə cari ildə Böyük Qayıdış Proqramı üçün ayrılan dövlət büdcəsinin vəsaiti 5 milyard 260 milyon manata yüksəldiləcək. Digər prioritet istiqamət olan ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyin daha da artırılması üçün əlavə ayrılacaq 1 milyard manat vəsait nəzərə alınmaqla, xüsusi müdafiə təyinatlı xərclərə yönəldilən vəsaitin ümumi məbləği 3 milyard 70 milyon manata çatdırılacaq.

 

Ulu Öndərin humanizm ənənələri davam edir

Bu bir həqiqətdir ki, Prezident İlham Əliyevin tam müstəqil siyasətinin, reallaşdırdığı qlobal layihələrin, ölkədə həyata keçirdiyi sosial-iqtisadi islahatların, ən nəhayət, qazandığımız böyük zəfərin ən böyük dəstəkçisi Birinci vitse-prezident Mehriban xanım Əliyevadır. Ölkənin birinci xanımının bu proseslərin reallaşmasında əvəzsiz xidmətləri var. Mehriban xanım Əliyeva dövlət başçısının ən sadiq silahdaşı kimi göstərdiyi fəaliyyətlə ortaya nümunə qoyur.

Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin dövlətçilik ideyalarından güc alan Mehriban xanım Əliyevanın reallaşdırdığı genişmiqyaslı layihələr onu xalqın sevimlisinə çevirib.

Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tariximizə müstəqil dövlət qurucusu kimi daxil olmuş Ulu Öndərin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək arzusundan, onun zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gələrək yaradılıb. 2004-cü ildən fəaliyyətə başlamış Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir. Fondun xarici ölkələrdə reallaşdırdığı xeyriyyəçilik aksiyaları Azərbaycanın nüfuzunu yüksəldir.

İşğaldan azad edilən torpaqlarımızda aparılan tikinti-quruculuq işlərində də fondun misilsiz xidmətləri var. Qafqazın ən böyük qeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fondu üç ildir ki, düşmənin izimizi, irsimizi itirmək istədiyi minlərlə dağıdılmış abidəyə yeni nəfəs verib, Qarabağ və Şərqi Zəngəzurdakı məscidlərimizin, mədəniyyət abidələrimizin bərpasını reallaşdırıb və bu gün də xoşməramlı missiyasını uğurla davam etdirir.

Ulu Öndərin ən böyük arzusu Qarabağı və Zəngəzuru azad görmək idi. Prezident İlham Əliyev həm ata vəsiyyətini ləyaqətlə yerinə yetirib, həm də Azərbaycan xalqının ən böyük arzusunu gerçəkliyə çevirib. İnanırıq ki, dövlətimizə, xalqımıza yüksəliş bəxş edən, bugünkü inkişafın bünövrəsini qoyan Ulu Öndərin dövlətçilik xətti respublikamızın bundan sonrakı yüksəlişini də təmin edəcək.

 

Səttar MÖHBALIYEV,

Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri

AZƏRBAYCAN qəzeti