“Kurort” QSC tibb işçilərini mükafatlandırıb

621

“Kurort” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə Cəmiyyətin nəzdində olan sanatoriya və kurort müəssisələrində çalışan tibb işçiləri iştirak ediblər.

Çıxış edənlər tibb işçilərini təbrik edib, bayramın əhəmiyyətindən, təsis olunma tarixindən və məqsədindən, Ulu Öndər Heydər Əliyevin səhiyyə sahəsinin inkişafı üçün atdığı addımlardan, imzaladığı fərman və sərəncamlardan danışıblar.

Təşkilat şöbəsinin müdiri Kübrə Cabarova isə ölkəmizdə səhiyyənin vəziyyəti və inkişaf göstəriciləri, dövlətimizin bu sahəyə olan diqqəti, Azərbaycan səhiyyəsinin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və aparılan digər tədbirlərdən söz açıb, bu sahədə Azərbaycanın dünyanın qabaqcıl ölkələri səviyyəsinə yüksəldiyini vurğulayıb.

Qeyd edib ki, xəstəxanaların bərpası və yenilərinin tikilməsi, vətəndaşlarımızın təmənnasız dərman vasitələri və preparatlarla təmin olunması, onların müalicəsinin təşkili, bölgələrdə yeni tibb mərkəzlərinin istifadəyə verilməsi, həmçinin uşaqların tibbi xidmətlərlə əhatə olunması dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə səhiyyə sahəsində aparılan islahatların nəticəsidir.

“Kurort” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Əbil Ağasıyev çıxışında əsasən Cəmiyyətin fəaliyyətindən, sanatoriya və kurort müəssislərində yaradılmış şəraitdən, pasiyentlərin müalicəsinin yüksək səviyyədə təşkilindən, orada çalışan həkimlərin və digər tibb işçilərinin fədakar əməyindən danışıb.

Bildirib ki, hər il minlərlə yerli və xarici qonaq sağlamlıqlarının qorunması və möhkəmləndirilməsi, normal və keyfiyyətli müalicə almaq üçün sanatoriya və kurortlarımıza üz tutur: “Müəssisələrimiz son illərdə müasir əsaslarla təmir edilib, maddi-texniki baza xeyli gücləndirilib, ən moderin tibbi texnologiyalar burada tətbiq olunur”.

Çıxışların ardından Cəmiyyətin sanatoriyalarında çalışan mədəni-kütləvi tədbirlərin təşkilatçılarından ibarət musiqi qrupları konsert proqramı ilə çıxışlar ediblər. Həmçinin tədbirə dəvət olunan incəsənət nümayəndələri rəqs və musiqi nömrələri ifa ediblər.

Tədbirdə Azərbaycan televiziyasının qızıl fondundan alınmış kadırlar əsasında hazırlanan, kurortologiyanın tarixindən və inkişaf yolundan bəhs edən videoçarx nümayiş olunub.

Sonra Cəmiyyətin “AHİK-in 30 illik yubiley döş nişanı” ilə təltif edilmiş əməkdaşlarına medallar təqdim olunub.

Tədbirin sonunda cəmiyyətin bir qrup əməkdaşına fəxri fərman, medal və pul mükafatı verilib.