İlham Əliyevin yeni Naxçıvan modeli

724

Prezident muxtar respublikanın möhtəşəm inkişafının mükəmməl
strategiyasını müəyyənləşdirib

Şanlı zəfərimizin yaratdığı yeni reallıqlar fonunda işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurla yanaşı, Azərbaycanın bütün bölgələrinin sosial-iqtisadi inkişafında yeni tərəqqi dövrü yaşanmaqdadır. İqtisadi müstəqilliyini təmin edən tarixin ən qüdrətli Azərbaycanı həm işğaldan azad edilən ərazilərimizin quruculuğunu, həm də regionların yüksəlişi ilə bağlı Prezident İlham Əliyevin müəyyənləşdirdiyi dövlət proqramlarını yalnız öz imkanları hesabına reallaşdırır.

Dövlət proqramı Naxçıvanın yüksəlişinə işıq saçan mayak olacaq

Son 20 il ərzində regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası nəticəsində demək olar ki, bölgələrin siması dəyişib. Bu tərəqqi, innovativ inkişaf, əlbəttə ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan, qədim tarixə malik Naxçıvan Muxtar Respublikasından da yan ötməyib. Dövlət proqramları çərçivəsində görülmüş işlər Naxçıvanın qarşıdakı illərdə də inkişafı üçün geniş imkanlar açıb. Hazırda bu imkanlardan istifadə edilməklə muxtar respublikanın sosial-iqtisadi həyatında, o cümlədən kənd yerlərində iqtisadi fəaliyyətin sürətləndirilməsi, əlverişli biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi nəticəsində ixracyönlü dəyər zəncirinin qurulması əsas prioritetlərdən birinə çevrilib. Bu isə öz növbəsində, Naxçıvanın sosial-iqtisadi inkişafı ilə əlaqədar kompleks proqramların hazırlanması və icrasının davam etdirilməsi zərurəti yaradıb. Məhz bütün bunları nəzərə alan ən islahatçı Prezident, cənab İlham Əliyev iyunun 5-də “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramının təsdiq edilməsi haqqında” sərəncam imzalayaraq müasir Naxçıvanın yeni yüksəlişinin yol xəritəsini müəyyənləşdirib.
Bu bir həqiqətdir ki, qədim yurdumuzun təqribən yarıməsrlik dövrü Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti ilə sıx bağlıdır. Məhz Ulu Öndərin çoxşaxəli fəaliyyəti sayəsində ölkəmizin bütün regionlarının, o cümlədən Naxçıvanın sosial-iqtisadi inkişafının möhkəm bünövrəsi qoyulub. Bu baxımdan sərəncamın məhz “Heydər Əliyev İli”ndə, həmçinin Milli Qurtuluş Günü ərəfəsində imzalanması da rəmzi əhəmiyyət daşıdı. Digər bir önəmli məqam isə sənədin Naxçıvan Muxtar Respublikasının 100 illiyi ərəfəsində hazırlanmasıdır. Heç təsadüfi deyil ki, muxtariyyətin 100 illik tədbirləri çərçivəsində Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətində Naxçıvan amili xüsusi qeyd olunmalıdır. Muxtar respublikanın 50 illik dövrü Ümummilli Liderin siyasəti ilə formalaşıb.

Ulu Öndərin müəyyənləşdirdiyi inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanın bütün regionları kimi, Naxçıvanın da inkişafını hər zaman xüsusi diqqətdə saxlayıb. İndi isə olduqca əhatəli və geniş spektrə malik dövlət proqramının hazırlanması Naxçıvanda iqtisadiyyatın inkişafının davamlılığının təmin edilməsində, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılmasında, əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsində mühüm rol oynayacaq.

Əminliklə söyləmək olar ki, bu sənəd Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən Heydər Əliyev yoluna, Naxçıvanın yüksəlişinə işıq saçan mayak olacaq.

Tənəzzüldən tərəqqiyə

Tarixə qısa ekskurs etməklə Naxçıvanın tənəzzüldən yüksəliş dövrünə qədəm qoymasının heç də asan reallaşmadığına şahidlik etmiş olarıq. Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi, fenomenallığı, qətiyyətli siyasəti sayəsində Naxçıvan çətinliklərdən, ağrılı-acılı günlərdən qurtula bilib. 90-cı illərin əvvəllərində gərgin və mürəkkəb şəraitdə olan muxtar respublika Ulu Öndərin misilsiz xidmətləri nəticəsində dirçələrək müasir inkişaf mərhələsinə qədəm qoyub.
Heydər Əliyev Naxçıvana gəldikdən sonra öncə əhalinin və ərazinin təhlükəsizliyini təmin etdi. Bunun ardınca isə mükəmməl uğurlu siyasəti ilə sosial-iqtisadi inkişafın strategiyasını müəyyənləşdirdi. Məhz Ümummilli Liderin düzgün siyasəti sayəsində Naxçıvanın inkişafının və sabitliyinin davamlılığını təmin etmək üçün regional və beynəlxalq əlaqələr quruldu, sonrakı dövr üçün ölkəmizin bütün bölgələri kimi, Naxçıvanın da sosial-iqtisadi inkişafında möhkəm bünövrə formalaşdırıldı.

Bir sözlə, Ulu Öndər müstəqil dövlət quruculuğunun ən mükəmməl nümunəsini Azərbaycan miqyasında başlatdı. Prezident İlham Əliyevin şəxsi nəzarəti altında isə Naxçıvan yüksəliş dövrünü yaşadı.

2022-ci il dekabrın 22-də dövlət başçısı Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin etdiyi Fuad Nəcəflini qəbul edərək ona müvafiq tapşırıqlarını verib. Qəbulda Prezidentin Naxçıvana göstərdiyi daimi diqqəti sayəsində və birbaşa tapşırığı ilə həyata keçirilən genişmiqyaslı işlər, o cümlədən böyük infrastruktur layihələrinin həyata keçirilməsi, Naxçıvanda qazlaşdırmanın 100 faiz səviyyəsində təmin edilməsi, enerji təchizatı, müasir yolların inşa olunması, səhiyyə və təhsil obyektlərinin tikintisi, yeni iş yerlərinin yaradılması istiqamətində görülən işlər qeyd olunub. Eyni zamanda qeyd olunub ki, hər il dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasına böyük həcmdə dotasiya ayrılıb. Prezident tapşırıq verib ki, insanların qayğısına qalınması, korrupsiya və rüşvətxorluqla mübarizə, şəffaflıq, düzgün kadr siyasətinin həyata keçirilməsi, mərkəzi icra orqanları ilə sıx təmasda fəaliyyətlə bağlı ciddi səylər göstərilsin.

Naxçıvanın yeni inkişafının yol xəritəsi

Ölkəmizdə regionların, o cümlədən Naxçıvan iqtisadi rayonunun inkişafı uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir.
Prezident İlham Əliyevin ölkəmizin inkişafı üçün qəbul etdiyi tarixi qərarlar və həyata keçirdiyi genişmiqyaslı islahatlar müstəqil dövlətimizin bütün istiqamətlər üzrə, hərtərəfli şəkildə inkişaf etdirilməsinə, xalqımızın sosial rifahının daha da yaxşılaşdırılmasına təminat verir.
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda qeyd edildiyi kimi, bu strategiyanın həyata keçirilməsində, o cümlədən bölgələrin inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramları xüsusi əhəmiyyət kəsb edir.

2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün bərpası ilə yaranmış yeni reallıq Orta dəhlizin inkişaf perspektivlərini gündəmə gətirməklə, Zəngəzur dəhlizinin açılmasını zəruri edib və Naxçıvanın tranzit potensialını genişləndirib. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işləri və tətbiq olunan güzəştlər, həmçinin Zəngəzur dəhlizi vasitəsilə bu ərazilərin Naxçıvanla nəqliyyat əlaqələrinin qurulması perspektivi analoji güzəştlərin muxtar respublikada da tətbiqinə imkanlar yaradır.

Hazırda bu imkanlardan istifadə edərək Naxçıvanda iqtisadi inkişafın sürətləndirilməsi, əhalinin layiqli məşğulluğu, sosial rifah halının daha da yüksəldilməsi və ekoloji təhlükəsizliyin gücləndirilməsi istiqamətlərində işlərin yeni keyfiyyət mərhələsinə keçməsi ön plana çıxıb. Mövcud potensialdan daha səmərəli istifadə etməklə bölgədə sosial-iqtisadi inkişafın sürətləndirilməsinin, davamlılığının təmin edilməsi zəruridir. Bu isə Naxçıvanın sosial-iqtisadi inkişafı ilə əlaqədar mütəmadi olaraq, kompleks proqramların hazırlanaraq icra olunmasını nəzərdə tutur.

Prezidentin müəyyənləşdirdiyi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” məhz yeni mərhələdə qarşıya qoyulmuş hədəflərin reallaşdırılması məqsədilə hazırlanıb. Dövlət proqramı Naxçıvan iqtisadi rayonuna daxil olan Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarını əhatə edir. Sənəddə Naxçıvanın sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsinə nail olunması üçün məqsədlər və prioritet istiqamətlər müəyyən edilib. Dövlət proqramı prioritet istiqamətlər üzrə tədbirlərin maliyyələşmə mənbələrini, regionun sosial-iqtisadi inkişafı sahəsində əldə olunacaq hədəf göstəricilərini özündə ehtiva edir.

Naxçıvanın 5 illik inkişafı üzrə dövlət proqramı muxtar respublikanın Azərbaycanın ümumi inkişaf strategiyası ilə əlaqəli şəkildə yenidən qurulması və inkişaf etdirilməsinin strategiya və taktikasını özündə əks etdirən mühüm tarixi əhəmiyyətə malik dövlət sənədidir. Muxtar respublikanın hərtərəfli inkişafını təmin etmək məqsədini daşıyan dövlət proqramı ölkə üzrə müəyyən edilmiş davamlı prioritetlərə uyğun olaraq ölkəmizin 2030-cu il dayanıqlı inkişaf gündəliyinin hədəfləri ilə əlaqəli şəkildə hazırlanıb.

Dövlət proqramının məqsədi, 11 prioritet istiqaməti, əsas hədəflər

Dövlət proqramının məqsədi davamlı iqtisadi artımın təmin edilməsi və vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması sayəsində Naxçıvan Muxtar Respublikasının sosial- iqtisadi inkişafının sürətləndirilməsini və ölkə iqtisadiyyatına tam inteqrasiyasını təmin etməkdən ibarətdir.

Bu məqsədə nail olmaq üçün 2023-2027-ci illər üçün 11 prioritet istiqamət müəyyən olunub və dövlət proqramının həyata keçirilməsi ilə bağlı icrası planlaşdırılan bütün tədbirlər həmin prioritet istiqamətlər üzrə qruplaşdırılıb. Belə ki, Naxçıvan Muxtar Respublikasının iqtisadi-coğrafi mövqeyindən, təbii ehtiyatlarından, sosial-iqtisadi potensialından və tranzit imkanlarından səmərəli istifadə etməklə mövcud çatışmazlıqların aradan qaldırılması və iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı tədbirlər sözügedən istiqamətlər nəzərə alınmaqla gerçəkləşdiriləcək.

Sənədin hədəf göstəriciləri isə dayanıqlı inkişafın təmin olunması, məşğulluq imkanlarının artırılması, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, təbii ehtiyatlardan səmərəli istifadə edilməsi və ətraf mühitin mühafizəsinin təmin olunmasıdır.

Dövlət proqramının icrası məqsədilə müvafiq prioritet istiqamətlərə uyğun tədbirləri əhatə edən tədbirlər planı da hazırlanıb. Tədbirlər planı 5 illik müddəti əhatə edir. Tədbirlər planına uyğun olaraq, 2023-2024-cü illər və 2025-2027-ci illər üçün təfsilatlı tədbirlər planı hazırlanacaq. Dövlət proqramının icrası tədbirlər üzrə ilkin, aralıq və yekun nəticələr nəzərə alınmaqla monitorinq olunacaq. Bu göstəricilər müvafiq fəaliyyət istiqamətlərinin icra statusunu qiymətləndirməyə imkan verəcək. Dövlət proqramı üzrə monitorinq və qiymətləndirmə “Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası”na əsasən həyata keçiriləcək.

Dövlət proqramının maliyyələşmə mənbələri də müəyyənləşdirilib. Belə ki, sənəd üzrə tədbirlərin icrası dövlət büdcəsi, Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsi, büdcədənkənar fondlar, dövlət-özəl tərəfdaşlığı nəticəsində formalaşan maliyyə vəsaiti, yerli və xarici investisiyalar, beynəlxalq təşkilatların, donorların və fondların vəsaiti, qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilməsi nəzərdə tutulur. Dövlət proqramında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsinə özəl investisiyaların cəlb olunması təşviq ediləcək.

Göründüyü kimi, dövlət başçısının Naxçıvanın qarşıdakı 5 ildəki yeni inkişafı ilə bağlı müəyyənləşdirdiyi mükəmməl sənəd muxtar respublikanın müasir strateji inkişaf konsepsiyasıdır.

Dövlət proqramında nəzərdə tutulan yeniliklərə nəzər yetirdikdə tam əsasla demək olar ki, mövcud çağırışlar Naxçıvanın daha da inkişafına və yüksəlişinə təkan olacaq. Sənədin məqsədi davamlı iqtisadi artımın təmin edilməsi və vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması sayəsində Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsini və ölkə iqtisadiyyatına tam inteqrasiyasını təmin etməkdən ibarətdir. Bu mühüm sənədin icrası nəticəsində Naxçıvanın hərtərəfli tərəqqisi düşmənin də bağrını yaracaq. Çünki layihələrin icrası nəticəsində ortaya müasir, yeni Naxçıvan çıxacaq.

Muxtar respublikanın müasir yol xəritəsi sayılan bu sənədin 11 prioritet istiqamət – əlverişli biznes mühitinin yaradılması, ticarətin inkişafı, elektrik enerjisi istehsalının və ixracının artırılması, ixracyönlü sənayenin inkişafı, kənd təsərrüfatı məhsulları istehsalının və emalının artırılması, turizmin inkişafı, infrastruktur təminatının daha da yaxşılaşdırılması, sosial sektorun inkişafı, insan kapitalının inkişafı, institusional inkişaf, ətraf mühitin mühafizəsinin gücləndirilməsi – üzrə uğurlu icrası, əlbəttə ki, möhtəşəm nailiyyətlərin əldə edilməsini təmin edəcək və bununla da Naxçıvanın yeni yüksəliş erası başlayacaq.

Muxtar respublikanın hərtərəfli yüksəlişinin təminatçısı

Tarix sübut edir ki, Azərbaycanın regionlarının yüksəlişi məhz Prezident İlham Əliyevin müəyyənləşdirdiyi sosial-iqtisadi inkişafa dair dövlət proqramlarının icrası ilə baş tutub. İqtisadi müstəqilliyini təmin edən ölkə kimi Azərbaycan heç bir sosial-iqtisadi layihəsini təxirə salmayıb. Regionların inkişafı isə hər zaman Prezidentin fəaliyyətinin prioriteti olub. Dövlət başçısı müəyyənləşdirdiyi dövlət proqramları ilə əlaqədar həyata keçirilən layihələrin icrası ilə bağlı şəxsən özü maraqlanıb və tapşırıqlarını, məsləhətlərini verib. Prezidentin Naxçıvanın inkişafına dair 5 illik dövlət proqramı da muxtar respublikanın hərtərəfli yüksəlişinə hesablanıb.
Məhz bu dövlət proqramına əsasən Naxçıvanda çox mühüm layihələr reallaşdırılacaq və muxtar respublikada yeni sosial-iqtisadi infrastrukturlar yaradılacaq. Dövlət proqramına əsasən, Naxçıvanda vergi güzəştləri tətbiq olunacaq azad iqtisadi zonanın yaradılması planlaşdırılır.
Ölkəmizdə ilk belə mərkəz Ələtdə yaradılıb. Ələt Azad İqtisadi Zonasının yaradılması barədə qərar 2017-ci ildə, bununla bağlı müvafiq qanun isə 2018-ci ildə qəbul edilib. Pandemiyanın dünyada yaratdığı böyük iqtisadi və maliyyə çətinliklərinə baxmayaraq, 2021-ci il iyulun 1-də Prezident İlham Əliyevin iştirakı ilə Ələt Azad İqtisadi Zonasının təməli qoyulub. Bu ilin iyun ayının 9-da isə Prezident İlham Əliyevin iştirakı ilə iqtisadi zonanın birinci mərhələsinin açılış mərasimi olub. Ələt Azad İqtisadi Zonası cənab Prezidentin Azərbaycanı beynəlxalq səviyyədə rəqabətədavamlı və dayanıqlı, şaxələndirilmiş və ixracyönümlü iqtisadiyyata malik bir ölkə kimi inkişaf etdirməyə yönəlmiş siyasətinin real təməllərindəndir. Bu layihənin icrası nəticəsində Azərbaycana daha çox xarici investisiya cəlb olunacaq və yeni iş yerləri yaradılacaq. Naxçıvanda da azad iqtisadi zonanın yaradılması, əlbəttə ki, əcnəbi investorların diqqətini çəkəcək. Çünki dövlət proqramına əsasən, Zəngəzur dəhlizinin açılması ilə əlaqədar Naxçıvanda dəmiryol infrastrukturu da yenilənəcək. Malların rahat və etibarlı şəkildə, eyni zamanda dəhliz vasitəsilə qısa vaxtda ünvana çatdırılması iş adamlarının diqqətini çəkəcək.

Bundan başqa, “Nobel Energy” şirkəti Naxçıvanda 400 MVt gücündə günəş-elektrik stansiyası tikəcək. Burada hasil ediləcək elektrik enerjisi isə qismən Türkiyəyə ixrac olunacaq. Naxçıvanda yerləşəcək günəş-elektrik stansiyasının tikintisi hökumətin ölkə ərazisində “yaşıl enerji” zonaları yaratmaqla təmiz enerjinin təşviqi və karbon emissiyalarının azaldılması istiqamətində sistemli səylərinin bir hissəsi kimi həyata keçiriləcək.

Muxtar respublikada həmçinin ixracyönlü sənaye sahəsi, aqroparklar və sənaye parkları da yaradılacaq. Sənədə əsasən, sənaye parklarında istehsal olunan məhsulların xarici ixracı stimullaşdırılacaq, ixrac potensialının artırılmasına töhfə verən rəqabətqabiliyyətli sənaye sahələrinə dövlət dəstəyi və investisiyalar cəlb olunacaq, innovasiyalar, habelə dövlət-özəl tərəfdaşlığı ilə bu sahədə resurs və xidmət təminatı gücləndiriləcək. Bununla yanaşı, mövcud olan təbii ehtiyatlar və xammal bazası əsasında sənaye sahələrinin yaradılması imkanları genişləndiriləcək.

Ərzaq təhlükəsizliyinin gücləndirilməsi üçün yerli istehsal potensialı, infrastruktur təminatı inkişaf etdiriləcək, aqroparkların yaradılması təşviq olunacaq. Bununla da kənd təsərrüfatının istehsal vasitələrinin təminat səviyyəsinin artırılması ilə müvafiq istehsal vasitələrinə əlçatanlıq səviyyəsi artırılacaq, fermerlərin bilik və bacarıqlarının artırılması məqsədilə məsləhət və təlim xidmətləri təşkil olunacaq.

İlham Əliyev Naxçıvanı Avrasiyanın mühüm nəqliyyat habına çevirəcək

Dövlət proqramında qeyd olunan digər mühüm məsələ Naxçıvanın təbii qazla təminatıdır. Sənədə əsasən, muxtar respublikanın təbii qazla təminatında risklərin azaldılması məqsədilə Türkiyədən təbii qaz nəqli üçün Naxçıvana boru kəməri çəkiləcək.

Bundan başqa, internet xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, təhlükəsizliyin, dayanıqlılığın və xidmətlərin fasiləsizliyinin təmin edilməsi məqsədilə Naxçıvanda fiber-optik magistral şəbəkə Türkiyə ilə əlaqələndirilməklə yenilənəcək, əhalinin keyfiyyətli internet xidmətlərinə çıxışı asanlaşacaq, həmçinin mobil rabitənin inkişafı ilə bağlı tədbirlər həyata keçiriləcək.

Dövlət proqramına əsasən, Naxçıvanda şəhərlərin baş planları hazırlanacaq, nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi, o cümlədən ictimai nəqliyyat xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə müvafiq layihələr gerçəkləşdiriləcək, turizm atlası hazırlanacaq, ingilisdilli orta məktəb yaradılacaq, yeni internat məktəbi tikiləcək, müasir özəl təhsil və tibb müəssisələri açılacaq. Məqsəd əhalinin keyfiyyətli təhsil və tibb xidmətlərinə çıxışının yaxşılaşdırılmasıdır.
Göründüyü kimi, Naxçıvanın sosial-iqtisadi inkişafında inqilabi yeniliklər olacaq. Zəngəzur dəhlizinin açılmasından sonra Naxçıvanla Azərbaycan arasında yolun açılması isə o deməkdir ki, bir qərinəlik blokada şəraiti ləğv olunacaq. Bu dəhliz azad iqtisadi zonanın fəaliyyətinə müsbət impuls vermiş olacaq. Zəngəzur dəhlizinin açılması ilə Naxçıvan Avropa və Asiyanı əlaqələndirən əsas nəqliyyat hablarından birinə çevriləcək. Bu isə Naxçıvanın qərbdən Türkiyədən keçməklə Avropa ilə, şərqdən isə İran-Türkmənistan yolu ilə Asiya ölkələri ilə əlaqələndirilməsini təmin edəcək.

Bundan başqa, Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin iqtisadi əlaqələrində də xüsusi canlanma olacaq. 14 il öncə, 2009-cu il oktyabr ayının 3-də Naxçıvanda imzalanan müqaviləyə əsasən yaradılan Türk Şurasının (indiki adı Türk Dövlətləri Təşkilatı) dost və qardaş dövlətlərinin ticarət əlaqələri Zəngəzur dəhlizi vasitəsilə daha da şaxələnəcək, genişlənəcək. Dövlət proqramında Azərbaycanın ayrı-ayrı regionlarından aşağıbüdcəli aviareyslərin təşkil edilməsinin də nəzərdə tutulması Naxçıvanın ölkəmizin digər bölgələri ilə əlaqələndirilməsinə əlverişli imkanlar açacaq.

Prezident İlham Əliyevin inkişaf konsepsiyasına uyğun hazırlanan yeni dövlət proqramının prioritetlərinə əsasən deyə bilərik ki, nəzərdə tutulan layihələrin icrası nəticəsində Naxçıvanın 30 illik blokadasına son qoyulacaq. Zəngəzur dəhlizinin açılması, azad iqtisadi zonanın yaradılması, Türkiyədən təbii qaz xəttinin çəkilməsi və digər inqilabi layihələrin icrası nəticəsində Naxçıvan nəinki blokada məngənəsindən çıxacaq, hətta ölkə və dünya iqtisadiyyatı şəbəkəsi ilə qovuşmaq imkanlarını əldə etməklə böyük dividendlər qazanacaq. Bütün bunlar həm də Naxçıvanın qeyri-neft sənayesinin inkişafına böyük təkan verəcək. Muxtar respublikada istehsal olunan sənaye məhsullarından duz, mineral sular, orqanik meyvə-tərəvəz məhsulları “Made in Azerbaijan” brendi ilə dünya bazarlarına çıxarılacaq.

Əminliklə deyə bilərik ki, Prezidentin müəyyənləşdirdiyi dövlət proqramı Naxçıvan Muxtar Respublikasının hərtərəfli tərəqqisinin, innovativ yüksəlişinin mükəmməl bazisi olacaq. Cənab İlham Əliyevin müəllifi olduğu yeni Naxçıvan modeli tezliklə qlobal miqyasda regional sosial-iqtisadi inkişafın və quruculuğun ən mükəmməl örnəklərindən biri kimi qəbul ediləcək.

 

Səttar MÖHBALIYEV,
Milli Məclisin deputatı,
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri

“Azərbaycan” qəzeti