Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin dəstəyi ilə “Uşaqlar bizim gələcəyimizdir” adlı festival keçirilib

513

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Dövlət Gömrük Komitəsi tərəfindən Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin dəstəyi ilə Zirə Mədəniyyət Mərkəzi – Eko Parkda uşaqlar üçün “Uşaqlar bizim gələcəyimizdir” adlı festival təşkil edilib.

Tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov bildirib ki, Azərbaycanda uşaqların sağlam, xoşbəxt böyüməsi və hərtərəfli dövlət qayğısı ilə əhatə olunmasına xidmət edən dövlət siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qeyd olunub ki, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən uşaqların sağlam və vətənpərvər ruhda böyüməsi, müasir standartlara uyğun şəkildə təhsil və tərbiyə alması, savadlı, bilikli vətəndaş kimi yetişməsi üçün müxtəlif proqramlar icra olunur. Gömrük xidməti general-leytenantı Şahin Bağırov Azərbaycan Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinə göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib.

Festival çərçivəsində əyləncə proqramları, face art, qida və içki paketləri, fotobuz, batutlar, müxtəlif növ hədiyyələrin verilməsi həyata keçirilib. Həmçinin uşaqlar Eko Parkın ərazisində ağaclar və güllər əkib, bacarıqlarını nümayiş etdirmək üçün müxtəlif əl işləri hazırlayıblar. Əlavə olaraq uşaqlar üçün çizgi film personajları və nağıl qəhrəmanlarının iştirakı ilə intellektual, musiqili əyləncəli oyunlar təşkil edilib. Tədbirlərin təşkili  və hədiyyələrin verilməsi yalnız Bakı ərazisinə aid olan gömrük orqanlarına daxil deyil, həmçinin ərazi gömrük əməkdaşlarının övladlarını da əhatə edib.

Eyni zamanda Bakı şəhəri və Naxçıvan ərazisində yerləşən uşaqlar evlərinə  ziyarətlər edilərək hədiyyələrin verilməsi və əyləncəli proqramların təşkili təmin olunub.