Bakıda “Əmək münasibətlərinin həllində mediasiya institutunun rolu” mövzusunda seminar keçirilir

897

Bakıda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təşkilatçılığı ilə “Əmək münasibətlərinin həllində mediasiya institutunun rolu” mövzusunda seminar təşkil olunub.

Beynəlxalq Əmək Təşkilatının (BƏT) ekspertləri – Harri TaligaSander Vaikma, həmçinin yerli ekspertlər tərəfindən keçirilən seminarda Azərbaycan həmkarlar ittifaqlarının nümayəndələri iştirak edirlər.

Giriş nitqi ilə çıxış edən AHİK-in Zəhmətkeşlərin mədəni-məişət problemləri üzrə analitik tədqiqat şöbəsinin müdiri Namiq Hüseynov seminarın məqsəd və vəzifələri, mediasiyanın mahiyyəti, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu, sosial və əmək münasibətlərində vasitəçilik missiyası və bu istiqamətdə həmkarlar ittifaqlarının rolu haqqında danışıb.

Bildirib ki, təcrübəyə əsasən, əmək şəraitində yaranmış münaqişənin uğurlu həlli üçün vasitəçilik və danışıqlar yolu ən effektli seçimdir: “İlk növbədə, vasitəçilik münaqişə vəziyyətlərini tərəflərin hər biri üçün ən yaxşı nəticə ilə həll etməyə, iştirakçılara müstəqil şəkildə qarşılıqlı faydalı müqavilələr bağlamağa kömək edir. Bundan əlavə, barışıq prosedurlarının tətbiqi bütövlükdə məhkəmə sisteminin yükünün azalmasına gətirib çıxarır. Azərbaycanda əmək münaqişələrinin vasitəçilərin köməyi ilə aradan qaldırılması üçün böyük perspektivlər var”.

Onun sözlərinə görə, mübahisələrin məhkəmədən kənar alternativ vasitələrlə, yəni vasitəçilər və danışıqlar yolu ilə həlli böyük həcmdə təşkilati və texniki xərclərin qarşısını alır, vaxt itkisini aradan qaldırır: “Əmək münaqişələrinin həllində alternativ yolların formalarına gəlincə, arbitraj və arbitraj məhkəməsi ən səmərəli üsul hesab olunur. Amma, təəssüf ki, arbitraj təcrübədən az istifadə olunur. Ona görə də mübahisələrin və münaqişələrin həllində bu alternativ formanın tam şəkildə inkişafından danışmaq hələ tezdir”.

Sonra seminar öz işinə başlayıb. Mövzu üzrə ekspertlər iştirakçılara beynəlxalq əmək normaları, kollektiv əmək münasibətləri və bu istiqamətdə BƏT-nin alətləri, kollektiv əmək münaqişələrinin növləri, onların həlli yolları, mübahisələrin məhkəmədən kənar həlli, könüllü barışıq, eləcə də əmək şəraitində yaranan ziddiyyət və mübahisələrdə vasitəçiliyin rolu və bunun effektli nəticələri barədə geniş izahatlar veriblər.

Həmçinin mövzu ilə bağlı təqdimatlar olub, müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, rəy və təkliflər dinlənilib.

Qeyd edək ki, seminar iki gün davam edəcək.