AHİK sədri BHİK Baş Şurasının 31-ci iclasında iştirak edib

441

İyunun 11-də İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası (BHİK) Baş Şurasının 31-ci iclası keçirilib.

Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı, BHİK və Pan Avropa Regional Şurasının (PARŞ) vitse-prezidenti Səttar Möhbalıyev, AHİK-in Beynəlxalq əlaqələr şöbəsinin müdiri Anar Mehbalıyev və beynəlxalq təşkilatlarla iş sektorunun müdiri Röya Qarayeva iştirak ediblər.

Baş Şuranın gündəliyinə fövqəladə qurultayın keçirilməsinə hazırlıq məsələsi daxil edilib.

Xatırladaq ki, bu il martın 11-də Brüsseldə keçirilən 30-cu iclasda Qurultayın keçiriləcəyi tarixə kimi Baş katib vəzifəsini icra edəcək şəxsi təyin etmək, eləcə də  BHİK Konstitusiyasının yenidən və daha geniş nəzərdən keçirilməsi məsələsi müzakirə edilmişdi. Daha sonra Konstitusiyanın XXXI(e) maddəsinə uyğun olaraq, aprelin 27-də BHİK-in prezidenti və sədr müavinləri tərəfindən aparılmış məsləhətləşmələrdən sonra Baş Şura üzvlərinin təsdiqi ilə fövqəladə qurultaya kimi Baş katib vəzifəsinin icrası Luk Triangla tapşırılmışdı.

Baş Şuranın 31-ci iclası çərçivəsində qəbul olunmuş qərarla BHİK prezdentinə tabe qurum olan Dürüstlük və Korrupsiyaya Qarşı Mübarizə Siyasəti və Davranış Qrupu tərəfindən hazırlanmış seçki kampaniyasının maliyyələşdirilməsinə dair qaydalar layihəsi və bununla bağlı məsələlər ictimaiyyətə təqdim edilib.

Virtual formatda keçirilməsi nəzərdə tutulan fövqəladə qurultay üçün namizədlərin müəyyən edilməsi və qeydiyyata alınması üçün tezliklə üzv təşkilatlara məlumat göndəriləcəyi, hazırlıq çərçivəsində 7 sentyabr tarixində yenidən Baş Şuranın onlayn iclasının keçirilməsi barədə qərar qəbul olunub.

Tədbir çərçivəsində AHİK sədri Səttar Möhbalıyev BHİK prezidenti Akiko Gono, Baş katibin müavini Ouven Tudor, Qadınlar Komitəsinin prezidenti Yoshiko Norimatsu, PARŞ-nin icraçı katibi Anton Leppik, prezidenti İrakli Petriaşvili və Pakistan İşçilər Federasiyasının Baş katibi Mohammad Zafoor Avan və digər həmkarlarla görüş keçirib, ikitərəfli münasibətlər geniş müzakirə edilib.