AHİK daha 5350 ailəyə bayram sovqatı göndərib

981

İyunun 25-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən qarşıdan gələn müqəddəs Qurban bayramı münasibətilə Respublikanın rayonlarında yaşayan 4100 aztəminatlı ailə, o cümlədən şəhid və qazi ailələri üçün ərzaqla dolu avtomobil karvanı yola salınıb.

Bundan başqa, Naxçıvan Muxtar Respublikasında yaşayan həmin kateqoriyadan olan 1250 ailəyə də bayram sovqatı verilib.

AHİK-dən başqa, sahə həmkarlar ittifaqları da bu ərəfədə bütün bölgələr üzrə qeyd etdiyimiz kateqoriyadan olan ailələrə ərzaq yardımları göstərirlər.

Məlumat üçün bildirək ki, AHİK İcraiyyə Komitəsinin müvafiq qərarları əsasında 2020-ci ilin aprelində 3 900, 2021-ci ilin martında 3 900, mayında 4 000, 2022-ci ilin martında 4 065, noyabrında 4 500, dekabrında 4500, bu ilin mart ayında isə 4650 şəhid ailəsi və qazilər, həmçinin aztəminatlı ailələr üçün ərzaq göndərilib.

Eləcə də Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasına orada yaşayan həmin kateqoriyadan olan ailələrə sovqat göndərilməsi üçün hər dəfə maliyyə vəsaiti ayrılıb.

Jurnalistlərə müsahibəsində AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev bildirib ki, ölkəmizdə müxtəlif sosial layihələr icra olunur, vətəndaş rifahının təminatı, həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində əhəmiyyətli işlər görülür. Dövlətimizlə bərabər, ölkəmizin aparıcı ictimai təşkilatları da bu cür humanist layihələrə dəstək verir, vətəndaşlarımıza qayğı göstərirlər. Heydər Əliyev Fondu bu istiqamətdə də nümunəvi fəaliyyəti ilə seçilir. Belə ki, Fondun prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə şəhid ailələrinə, qazilərə, aztəminatlı ailələrə bayramlarda və dövlətimiz üçün əlamətdar günlərdə sovqatlar, hədiyyələr göndərilir, onlar üçün bayram süfrələri təşkil olunur. Azərbaycan həmkarlar ittifaqları da qeyd olunan sosial layihələrin əsas iştirakçılarındandır”.

Qeyd edək ki, AHİK sədri Səttar Möhbalıyev yola salınma mərasiminin ardından bir qrup Birinci Qarabağ müharibəsinin iştirakçıları və qaziləri, şəhid ailələrinin üzvləri, həmçinin aztəminatlı ailələrdən olan şəxslərlə görüşüb.

Görüşdə iştirakçıları qarşıdan gələn Qurban bayramı münasibətilə təbrik edən AHİK sədri onların qayğı və problemləri ilə maraqlanıb, müraciətlərini dinləyib. Sonda görüş iştirakçılarına maddi-mənəvi dəstək göstərilib.