Əmək hüquqlarının qorunması Azərbaycan həmkarlar ittifaqlarının başlıca vəzifəsidir

838

Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Azərbaycan dövlətinin inkişaf strategiyasında insan hüquqlarının müdafiəsi prioritet istiqamət təşkil edir. Ölkəmiz insan hüquqları sahəsində fəaliyyət göstərən nüfuzlu beynəlxalq qurumlarla uzun illərdir əməkdaşlığı inkişaf etdirir, insan hüquqlarının müdafiəsi sahəsində 50-dən çox beynəlxalq sənədə, o cümlədən BMT Baş Məclisinin 1948-ci il qətnaməsi ilə qəbul olunan “İnsan hüquqları haqqında” Ümumi Bəyannaməyə tərəfdar çıxıb və bu sahədə beynəlxalq öhdəliklərin həyata keçirilməsində əhəmiyyətli nailiyyətlər əldə edib. Hazırda demokratiyanın bütün təzahürlərinin bərqərar olduğu, insan hüquq və azadlıqlarının ən ali səviyyədə təmin edildiyi ölkəmizdə vətəndaşlarımızın sosial problemlərinin həlli, iqtisadi maraqlarının təmin olunması, əmək sahəsində bütün qanuni hüquq və mənafelərin qorunması da xüsusi önəm kəsb edir.

Həmkarlar ittifaqları demokratik prinsip və dəyərləri özündə ehtiva edən Azərbaycan Həmkarlar İttifaqları Haqqında Qanuna əsaslanaraq əmək prosesinə cəlb olunmuş Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəçisi kimi ölkəmizdə fəaliyyət göstərən bütün müəssisələrdə, o cümlədən xarici sərmayə ilə işləyən təşkilatlarda, transmilli kampaniyalarda iş şəraitinin müasir standartlara uyğunlaşdırılması, sosial problemlərin həlli, əmək hüquqlarının təmin olunması, əməyin mühafizəsi, layiqli iş şəraitinin yaradılması istiqamətində yeni metod və vasitələrdən istifadə edərək məqsədyönlü və səmərəli fəaliyyət göstərir.

Burada əsas məqsəd digər hüquqlar kimi, insanlarımızın əmək hüquqlarını da yüksək səviyyədə təmin etməkdir.

Həmkarlar ittifaqları sosial əmək hüquqlarının qorunmasına ictimai nəzarəti müxtəlif hüquqi əsaslarla həyata keçirir, ittifaq üzvlərinin qaldırdıqları problem və şikayətlərinin həllinə köməklik göstərir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına daxil olan şikayət məktubları təhlil olunur, ortaya çıxan problemlərin tezliklə aradan qaldırılması üçün konkret tədbirlər görülür. Qeyd edək ki, Konfederasiyanın fəaliyyətinin ilk illərindən bu günə kimi 3 milyona yaxın ərizə və şikayətə baxılıb, işçilərin pozulmuş  hüquqları bərpa olunub. Təkcə 2022-ci ildə üzvlərdən həmkarlar ittifaqlarına 162 mindən çox ərizə və şikayət daxil olub ki, onların da 97,1%-i müsbət həll edilərək pozulmuş hüquqlar bərpa edilib.

Həmçinin Azərbaycan həmkarlar ittifaqları müasir şəraitdə hər bir işçi üçün layiqli iş yeri və təhlükəsiz istehsalat mühitinə nail olmağa çalışır. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin “Əməyin mühafizəsinin əsas istiqamətləri üzrə tədbirlər planı haqqında” qərarı həmkarlar ittifaqı təşkilatlarının bu istiqamətdə məqsədyönlü fəaliyyətinə önəmli təkan verib.

Azərbaycan həmkarlar ittifaqlarının diqqət yetirdiyi məqamlardan biri də işçilərin istirahət hüququdur. Əmək adamlarının istirahəti, əmək qabiliyyətinin bərpası, müalicəsinin təşkili, sağlamlığının qorunması və möhkəmləndirilməsi, bu məqsədlə verilən məzuniyyət hüququnun təmin edilməsi, məzuniyyət dövründə asudə vaxtın daha səmərəli və mənalı təşkili üçün şəraitin yaradılması həmkarlar ittifaqlarının daim diqqət mərkəzində olub. Bu gün ölkəmizin səfalı guşələrində onlarla istirahət mərkəzləri, sanatoriya-kurort müəssisələri, sağlamlıq düşərgələri fəaliyyət göstərir. Hər il həmkarlar ittifaqlarının minlərlə üzvü ailələri ilə birlikdə yollayışlarla təmin edilir, onların normal istirahətləri üçün hər cür şərait yaradılır.

Azərbaycanda bərqərar olan demokratik mühit qadınların zəngin potensialının gerçəkləşdirilməsinə münbit şərait yaradıb. Belə bir zəmində həmkarlar ittifaqları qadınların ölkənin sosial-iqtisadi həyatında fəal iştirakına, təsisatın strukturlarında daha çox təmsil olunmalarına, onların rolunun gücləndirilməsinə xüsusi diqqət yetirir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Gender siyasəti Konsepsiyası”na əsasən, “Kollektiv müqavilələrdə gender yanaşmasını tətbiq etmək” və “Həmkarlar ittifaqı təşkilatlarının rəhbərliyində kişi və qadınların təmsil edilməsinin tarazlaşdırılması” üzrə tövsiyələr hazırlanıb. Eləcə də qurumun nəzdində “Gender bərabərliyi və qadın problemləri üzrə Mərkəz” yaradılıb. 2023-cü ilin yanvar ayına olan məlumata görə, respublika üzrə həmkarlar ittifaqı üzvlərinin sayında qadınlar 52 faiz təşkil edib.

Bununla yanaşı, Azərbaycan həmkarlar ittifaqları dövlətimiz tərəfindən müəyyən olunan gənclər siyasətinə də öz səlahiyyətləri çərçivəsində fəal dəstək verir, sıralarında gənclərin böyük qismini birləşdirir. Belə ki, həmkarlar ittifaqı üzvlərinin 38,5 faizini gənclər təşkil edir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası “Azərbaycanda uşaq və gənclərin hüquqlarının müdafiəsi və mənəvi tələbatlarının ödənilməsi sahəsində həmkarlar ittifaqlarının fəaliyyəti və tədbirlər planı”nı hazırlayıb uğurla həyata keçirir.

İnsanların əməyə məcburi cəlb edilməsi, onun qurbanı olan şəxslərin hüquqlarının bərpası, dəymiş zərərin ödənilməsi naminə həmkarlar ittifaqları fəal mübarizə aparır, paytaxta və bölgələrdə seminarlar təşkil edir, maarifləndirmə işini həyata keçirir.

Əminliklə deyə bilərik ki, Azərbaycan həmkarlar ittifaqları Ulu Öndər Heydər Əliyevin müdrik tövsiyələrini nəzərə alaraq, bundan sonra da bütün müəssisələrdə çalışan Azərbaycan vətəndaşlarının əmək və sosial-iqtisadi hüquqlarının, qanuni mənafelərinin təmin olunması, əmək münasibətlərinin tənzimlənməsi və ictimai sabitliyin qorunması üçün daha əzmlə və qətiyyətlə çalışacaq.