Sahibkarlıq, Özəl Elm və Yüngül Sənaye İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə yeni sədr seçilib

1390

Sahibkarlıq, Özəl Elm və Yüngül Sənaye İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin növbədənkənar Plenumu keçirilib.

Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, 61 Plenum üzvü və Respublika Komitəsinin məsul əməkdaşları iştirak ediblər.

Gündəliyə təşkilati məsələ daxil edilib.

Çıxış edən AHİK sədri Səttar Möhbalıyev Respublika Komitəsinin sədri Məhəmmədəli Salmanovun vəfatı ilə əlaqədar kollektivə başsağlığı verib və mərhumun fəaliyyətini yüksək qiymətləndirib. Bildirib ki, M.Salmanov istər mühəndis olaraq çalışdığı illərdə, istərsə də həmkarlar ittifaqları sistemində işləyərəkən peşəkarlığı, əhatəli biliyi, zəngin təcrübəsi, nümunəvi davranışları, böyük məsuliyyəti ilə hər zaman kollektivin və rəhbərliyin dərin hörmətini və etimadını qazanıb. AHİK sədrinin sözlərinə görə, dövlətimizin başçısı cənab İlham Əliyevin müvafiq sərəncamı ilə M.Salmanovun “Tərəqqi” medalı ilə təltif olunması onun fəaliyyətinə verilən ən ali dəyərdir.

Sonra Sahibkarlıq, Özəl Elm və Yüngül Sənaye İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri vəzifəsinə namizədlər elan olunub və səsvermə keçirilib.

Plenum üzvlərinin böyük səsçoxluğu ilə Respublika Komitəsi sədrinin birinci müavini Mirkazım Abasov yeni sədr seçilib.

Konfederasiya sədri Səttar Möhbalıyev Mirkazım Abasovu təbrik edib, fəaliyyətində uğurlar arzulayıb və bir sıra tövsiyələrini verib.