Prezidentin Əfv Sərəncamı onun mərhəmətli və humanist siyasətinin davamıdır

502

“Ümumilikdə Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu siyasi kursun təməlini humanizm, insanpərvərlik təşkil edir. Məhz bu strategiyanın uğurlu nəticəsidir ki, Azərbaycan vətəndaşı bu gün tarixinin ən şanlı və şərəfli dövrünü yaşayır. Ulu Öndər hər zaman humanist dəyərlərə söykənərək verdiyi sərəncamlarla minlərlə vətəndaşımızı əfv etmişdir. Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilən bu siyasət artıq ənənə halını alıb. Dövlətimizin başçısı bu humanist addımları ilə Azərbaycan vətəndaşına yüksək dəyər verir, hüquq və azadlıqlarını hər şeydən uca tutur”.

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, bu gün imzalanan “Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında” Sərəncam bir daha təsdiqləyir ki, Prezident İlham Əliyevin fəaliyyətinin mərkəzində Azərbaycan vətəndaşı, onun rifahı, xoşbəxtliyi dayanır: “Sərəncamla dövlətimizin başçısı yüzlərlə ailəyə sevinc bəxş etdi, yeni nəfəs gətirdi. Bu, Azərbaycan tarixində qəbul edilmiş ən böyük əfv aktıdır. Belə ki, bu dəfə əvvəlkilərindən daha çox – 801 məhkum əfv edilib. Onlardan 463 nəfəri azadlıqdan məhrum etmə cəzasından, 220 şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad olunub. İnanırıq ki, əfv olunan şəxslər ölkəmizdə qanunun aliliyini dərindən dərk edərək bir daha onu pozmayacaq, faydalı işlərlə məşğul olacaq, cəmiyyətimizin inkişafına töhfələr verəcəklər”.

AHİK sədri əlavə edib ki, sərəncamın Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə imzalanması onun siyasi kursuna, zəngin mənəvi irsinə, dövlətimizin və xalqımızın həyatında misilsiz xidmətlərinə verilən ən ali dəyərdir.