“Heydər Əliyevin həyatı, ictimai-siyasi fəaliyyəti Azərbaycan xalqı üçün örnəkdir” mövzusunda yığıncaq keçirilib

666

Mayın 26-da Mərkəzi Gömrük Hospitalında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyevin həyatı, ictimai-siyasi fəaliyyəti Azərbaycan xalqı üçün örnəkdir” mövzusunda təntənəli yığıncaq keçirilib.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi və Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin birgə təşkilatçılığı ilə baş tutan tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Giriş sözü ilə çıxış edən Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədov 1918-ci il mayın 28-i Şərqdə ilk dəfə azad, demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil bir respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil olduğunu, XX əsrdə xalqımızın həyatında yeni bir mərhələnin başlanğıcını qoyduğunu bildirib.

Onun sözlərinə görə, 1991-ci ilin oktyabrında Azərbaycan xalqının XX əsrdə ikinci dəfə öz müstəqilliyini elan etdiyini qeyd edərək bildirib ki, 1993-cü ilin may-iyun aylarında hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarananda xalqın çağırışı ilə Ümummilli Lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldi və Azərbaycan öz müstəqilliyinin yeni mərhələsinə qədəm qoydu. Məhz Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində bu gün doğma Azərbaycanımız müstəqil həyat yaşayır.

Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin sədri Rövşən Namazov çıxış edərək müstəqil Azərbaycanın qurucusu Ulu Öndərin həyat və fəaliyyəti, əvəzedilməz xidmətlərindən danışıb. Qeyd olunub ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlət quruculuğu sahəsində təxirəsalınmaz vəzifələrdən biri də ölkənin iqtisadi maraqlarının qorunması, səmərəli xarici-iqtisadi fəaliyyət və idxal-ixrac əməliyyatlarına dövlət nəzarət sisteminin yaradılması, sərhədlərin iqtisadi təhlükəsizliyinin təmin edilməsi idi. Bütün sahələrdə olduğu kimi gömrük xidmətinin də formalaşması və inkişafı müstəqil Azərbaycanın qurucusu Əbədiyaşar Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır: “Məhz Ulu Öndərin hakimiyyətə qayıdışından sonra verdiyi tapşırıq və tövsiyələr əsasında qanunvericilik, maddi-texniki baza və peşəkar kadrların hazırlanması istiqamətində inqilabi addımlar atılmış və qısa zamanda gömrük xidmətinin yenidən qurularaq ən müasir avadanlıqlarla təmin olunması həyata keçirilmişdir. Heydər Əliyev ideologiyası bu gün də Azərbaycan xalqının üz tutduğu ən etibarlı yoldur. Hələ sağlığında “mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycana, Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub” – deyən Ulu Öndərin şərəfli adı və möhtəşəm dövlətçilik fəaliyyəti Azərbaycanın müasir tarixinin bütöv bir qərinəsi ilə sıx bağlıdır və bu dövlətçilik ənənələri bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.

Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin sədr müavini Asəf Ağayev Ulu Öndərin ölkəmizin həmkarlar ittifaqlarına olan münasibətindən danışıb: “1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi əsasında yenidən ölkə rəhbərliyinə gəlməsi ilə bütün sahələrdə olduğu kimi, həmkarlar ittifaqlarının da həyatında köklü dəyişikliklər baş verdi, ictimai proseslərdə səlahiyyətləri çərçivəsində fəal iştirak etmək imkanları artdı. Ulu Öndər həmkarlar ittifaqlarının fəaliyyətini nəzərə alaraq ona hər zaman dövlət qayğısı göstərir, zəhmətkeşlərin hüquq və mənafeylərinin qorunması, maraqlarının təmin olunması, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində fəaliyyətini dəstəkləyirdi. 1994-cü ildə Heydər Əliyevin şəxsi təşəbbüsü və nəzarəti altında keçmiş postsovet məkanında ilk dəfə olaraq Azərbaycanda “Həmkarlar ittifaqları haqqında” Qanun qəbul edildi. Bununla qurumun cəmiyyətdəki fəaliyyətinin yeni prinsiplər əsasında tənzimlənməsi və vətəndaşlarımızın sosial-iqtisadi mənafelərinin qorunmasında fəal iştirakı üçün hüquqi baza yaranmış oldu”.

Asəf Ağayev qeyd edib ki, Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirən cənab İlham Əliyev həmkarlar ittifaqlarının fəaliyyətini hər zaman dəstəkləyib, yüksək dövlət qayğısı ilə yanaşıb və bu himayədarlıq həmkarlar ittifaqlarının inkişafına geniş yol açıb.

Tədbirdə digər çıxışlar da dinlənilib.

Sonda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.