Heydər Əliyev ideyaları Azərbaycanın davamlı inkişafının əsas təməlidir

918

Müasir Azərbaycanın banisi, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini təntənəli şəkildə qeyd edirik. Tanrının Azərbaycan xalqına bəxş etdiyi bu nadir şəxsiyyətlə öyünməyə, qürurlanmağa, fəxr etməyə haqqımız çatır. Çünki Ümummilli Lider Azərbaycanın bir dövlət kimi dünyada tanınması, inkişafı, xalqının xoşbəxt-firavan yaşaması üçün ömrünü qurban verib desək, yanılmarıq.

Ulu Öndər “Mən həyatımda üç şeyə: Yaradanıma, zəhmətimə və bir də xalqıma arxalanmışam” müdrik kəlamını əbəs yerə işlətməyib. Dünyaya azərbaycanlı kimi gəldiyi üçün yaradana minnətdar olan Heydər Əliyev hər zaman azərbaycanlı olduğu üçün fəxr edib və dövləti, xalqı üçün əvəzedilməz işlər görüb. Tanrı isə bu yolda ona müdriklik, aqillik, qətiyyət, əyilməzlik, yenilməzlik, ensiklopedik yaddaş kimi keyfiyyətlər bəxş edib. Xalqına isə ona görə arxalanıb ki, bütün dövrlərdə Azərbaycan xalqı Ümummilli Liderə inanıb, güvənib, yürütdüyü siyasəti dəstəkləyib və hər zaman onun yanında olduğunu bəyan edib.
Məhz bu səbəbdən hər kəs Ulu Öndəri Azərbaycan xalqının milli sərvəti, onun qismətinə düşmüş Tanrı payı hesab edir. Bütün mənalı ömrünü xalqa xidmətə həsr edən Ümummilli Lider Heydər Əliyevin böyüklüyünü və əzəmətini xalqımız zaman keçdikcə daha dərindən dərk edir, dahi şəxsiyyətin ömrü qəhrəmanlıq, Vətənə və xalqa sədaqətli xidmət missiyası kimi dəyərləndirilir.

Tənəzzüldən intibaha və ya yeni inkişaf dövrünün başlanğıcı

Vətəninə sonsuz bağlılığı, dövlətinə, dövlətçiliyə sadiqliyi, millətinə sevgisi Ulu Öndərə həqiqətən də ümumxalq sevgisi qazandırmışdır. Doğma Azərbaycana rəhbərlik etdiyi illərdə titanik fəaliyyəti nəticəsində demək olar ki, ölkəmiz tənəzzüldən intibaha, bataqlıqdan işıqlı sabaha çıxmışdır.
Dahi şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi dövr iki mərhələyə bölünür – 1969-1982-ci  və 1993-2003-cü illər. Hər iki dövrdə Ulu Öndərin hakimiyyətə gəlişi ölkənin və vətəndaşların acınacaqlı durumda, səfalət içində, çətin vəziyyətdə yaşadığı dönəmlərdən keçib. Hər iki dövrün reallığı isə inkişaf, quruculuq, yüksək rifah, xilaskarlıq, qurtuluş olub.
Ulu Öndər xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin ideyalarının təntənəsidir.
Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olub.
XX yüzilliyin 60-cı illərində Azərbaycanda durğunluq hökm sürürdü, respublika sosial-iqtisadi göstəricilərinə görə sovet ittifaqı miqyasında,  15 respublika daxilində 14-cü yerdə qərarlaşmışdı. Bu acınacaqlı vəziyyətə  Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilmiş plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra son qoyuldu. Həmin ildən Azərbaycanda yeni dövr başladı və qısa olaraq onu demək kifayətdir ki, məhz 1969-1982-ci illər Azərbaycan tarixinə intibah dövrü kimi yazıldı.
Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrü respublikamızın quruculuq salnaməsinin ən parlaq səhifələridir. Bu illərdə Ümummilli Liderin milli-mədəni inkişaf və tarixi yaddaşımızın bərpası istiqamətində gördüyü misilsiz işlər xalqımızda milli ruhun canlanmasını, özünüdərki və soy-kökə qayıdışı təmin etdi.
Görkəmli şəxsiyyət Heydər Əliyevin fəaliyyətinin özəyində xalqına, dövlətinə və Vətəninə olan sonsuz sevgi dayanırdı. O, xalqa verdiyi bütün sözlərin, vədlərin mahiyyətini dərindən dərk edirdi və üzərinə götürdüyü bütün öhdəlikləri müdrikliyi, peşəkarlığı, uzaqgörənliyi ilə müsbət sonluqla şərəflə yerinə yetirirdi.
Ulu Öndər sosial-iqtisadi göstəricilərinə görə sovet ittifaqı miqyasındakı  15 respublika daxilində 14-cü yerdə qərarlaşan Azərbaycanı qısa zaman ərzində 4-cü pilləyə yüksəltdi. Bütün bunlar uzaqgörən liderin düşünülmüş yüksəliş konsepsiyası əsasında reallaşdı.

On üç ilin möhtəşəm nailiyyətləri

Bəs bu proses, yəni qısa zamanda bu uğur necə reallaşdı?
1969-1982-ci illər ərzində Ulu Öndərin inkişaf konsepsiyası çərçivəsində Azərbaycanda reallaşan sosial-iqtisadi layihələrə nəzər yetirsək, bu uğurların necə əldə olunduğuna şahidlik edərik.
Məhz bu illər ərzində Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə respublikada 250-dən çox zavod, fabrik, istehsal sexləri, obyektlər istifadəyə verildi, 630 min yeni iş yeri açıldı. Sənaye istehsalı 2,7 dəfə, tələbat mallarının istehsalı 3 dəfə, kənd təsərrüfatı istehsalı 2,7 dəfə, taxıl, pambıq, üzüm, ipək, tərəvəz, tütün, bostançılıq məhsulları istehsalı sahəsində məhsuldarlıq 1,8 – 2,6 dəfə artdı, heyvandarlıqda artım isə 2,7 dəfə oldu. Taxıl istehsalı 573,9 min tondan 1 milyon 211,3 min tona, üzüm istehsalı 272 min tondan 1 milyon 725,4 min tona, pambıq istehsalı 299,4 min tondan 831,2 min tona, meyvə-tərəvəz istehsalı 410 min tondan 850 min tona yüksəldi.  Neft hasilatı 2,8 dəfə, maşınqayırma və metal emalı 3,3 dəfə, kimya və neft kimyası 2,8 dəfə artdı. Sənayedə əmək məhsuldarlığı 1,7 dəfə yüksəldi, 4400 yeni maşın, cihaz, avadanlıq və digər məmulatlar istehsal olundu ki, bunlardan da 400-ü keçmiş SSRİ-də ilk dəfə istehsal edilirdi. 1056 adda mühüm sənaye məhsulu buraxıldı.
Əgər 1969-cu ilədək olan 100 il ərzində Azərbaycanda 735 böyük sənaye obyekti tikilmişdisə, Heydər Əliyevin rəhbərlik etdiyi dövrdə – cəmi 13 il ərzində onların sayı 1048-ə çatdırıldı. 1971-ci il martın 28-də Azərbaycanın neft hasilatı tarixində 1 milyardıncı ton “qara qızıl” çıxarıldı.
1971-ci ildə Gəncə şəhərində çini qablar zavodu açıldı, Ağstafaçay su anbarı istifadəyə verildi. 1975-ci ildə Bakı Məişət Kondisionerləri Zavodunun açılışı oldu. 1976-cı ildə Yuxarı Xanbulançay su anbarının tikintisi başa çatdırıldı, Sərsəng su anbarı, 1978-1984-cü illərdə isə Bakı Dərin Özüllər Zavodu istifadəyə verildi.
1969-1982-ci illərdə ümumilikdə 20,4 min kilometr uzunluğunda asfalt yollar çəkildi.  İndiki Heydər Əliyev Sarayı (1972) və “Gülüstan” sarayı (1980) istifadəyə verildi, Yeni Əhmədli, Günəşli kimi böyük yaşayış massivləri, həmçinin mikrorayonlar salındı.
Azərbaycanın gələcəkdə etibarlı əllərdə olması üçün təhsilə xüsusi diqqət ayıran dövlət başçısı bu sahədə də inqilabi yeniliklər etdi. 1969-1982-ci illərdə 770-ə qədər məktəb binası istifadəyə verildi. Respublikada ali məktəblərin sayı 12-dən 17-yə, burada təhsil alan tələbələrin sayı isə 70 mindən 100 minə çatdırıldı.
Həmin dövrdə ciddi maneələrə baxmayaraq, milli hərbi kadrların yetişdirilməsi məqsədilə 1971-ci ildə Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış məktəb təşkil olundu.  Ulu Öndər həmin dövrdə azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq (indiki Heydər Əliyev adına Hərbi İnstitut) və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul edilməsinə nail oldu. Cəmşid Naxçıvanski adına Hərbi Liseydə və digər hərbi məktəblərdə yetişən milli zabit kadrlarımızın Silahlı Qüvvələrin formalaşmasında müstəsna rolu vardır. Bu məktəblərdə yetişən Azərbaycan hərbçiləri Birinci Qarabağ müharibəsində misilsiz igidliklər göstərmişlər.
Beləliklə, 1970-ci illərin sonunda Azərbaycan sosial-iqtisadi inkişaf səviyyəsinə görə ittifaqın ən qabaqcıl respublikaları sırasına çıxdı. Ulu Öndər xalqın yaradıcılıq enerjisini vahid məqsədə yönəltməklə tarixi yaddaşın bərpası istiqamətində gələcəyə hesablanmış qətiyyətli addımlar atır, mühüm qərarlar qəbul edirdi.
Ümummilli Lider Heydər Əliyev respublikaya birinci rəhbərliyi dövründə xalqda milli özünüdərk hissini gücləndirə, milli kimliyi, düşüncə sistemi barədə dolğun təsəvvür formalaşdıra bildi. Həmin illərdə milli-mənəvi dəyərlərə nihilist baxış tədricən aradan qalxdı, klassik ənənə ilə müasir ədəbi irs arasında yaranan möhkəm mənəvi-ideoloji körpü milli düşüncənin düzgün məcraya yönəldilməsinə səbəb oldu. Heydər Əliyevin respublikaya rəhbərliyinin bütün fəlsəfəsi xalqın milli dirçəlişi, milli qürur hisslərinin oyanışı məramına hesablanmışdı. Bu hədəfə nail olmaq üçün Heydər Əliyev rejimin ideoloji repressiya maşınının azərbaycançılıq məfkurəsini boğmasına imkan vermədi.
Ulu Öndərin azərbaycançılıq ideologiyası sayəsində xalqımızın, o cümlədən soydaşlarımızın birlik və həmrəyliyinə nail olundu. Bu ideyanın əsas qayəsini Azərbaycan dilinə həqiqi dövlət dili statusunun qazandırılması, dilimizin qorunmasına və inkişafına yüksək diqqət göstərilməsi təşkil edirdi. Ulu Öndər ana dilini milli özünüdərk yolunda ən mühüm amillərdən biri kimi dəyərləndirir, bu istiqamətdə cəsarətli və uzaqgörən addımlar atırdı. Məhz dahi liderin Azərbaycan dilinə həqiqi dövlət dili statusu qazandırmağa yönəlmiş fəaliyyətinin bəhrəsi olaraq, 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusu təsbit olundu.
1982-ci ildə Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçildi, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edildi. SSRİ kimi nəhəng dövlətin hakimiyyət iyerarxiyasında Azərbaycan oğlunun yüksək mövqe tutması çox qürurverici hadisə idi. Bu illərdəki coşqun fəaliyyəti, yüksək işgüzarlığı, fitri təşkilatçılıq bacarığı onun şöhrətini getdikcə artırır, sorağı SSRİ-nin hüdudlarını aşırdı. Heydər Əliyev Moskvada yaşadığı və işlədiyi dövrdə də Azərbaycana diqqət və qayğısını əsirgəmir, respublikamızın ictimai, mədəni həyatı ilə daim maraqlanırdı.

Xilaskarlıq missiyası, müdrikliyin təntənəsi

XX yüzilliyin 90-cı illərinin əvvəlində yenidən müstəqilliyinə qovuşmuş Azərbaycan çox ağır günlər keçirirdi. Bir tərəfdən hakimiyyətdəki naşı siyasətçilərin vəzifə davası, digər tərəfdən torpaqlarımızın ard-arda işğal edilməsi dövlətçiliyimizə məhvolma təhlükəsi yaratmışdı.
Belə bir dövrdə yenə də xalqın dadına, dövlətin köməyinə Heydər Əliyev yetişdi. Əminliklə deyə bilərik ki, bəlkə də həmin zamanda Ulu Öndər bu addımı atmasaydı, bu gün Azərbaycan müstəqilliyini itirmiş, eynən Ermənistan kimi hansısa dövlətin vassalı, buyruq qulu kimi acı tarixini yaşayırdı. Amma ömrünün qalan hissəsini də xalqına bağışlamağa razı olan Ümummilli Lider heç vaxt belə bir vəziyyətdə xalqını darda qoya bilməzdi.
Belə ağır bir dövrdə xalqın təkidi ilə hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi, ölkəmizi xaos və anarxiyadan qurtardı. Bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısı alındı, dövlətçiliyimiz hər cür sui-qəsddən, dövlət çevrilişi cəhdlərindən qorundu və ölkəmiz dayanıqlı inkişaf yoluna çıxdı. Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi illər xalqımızın yaranmış tarixi imkandan faydalanaraq, böyük əziyyətlər bahasına müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələdir. Heydər Əliyevin hakimiyyətə qayıtdığı 1993-cü ilin 15 iyun günü Azərbaycan xalqının tarixinə Milli Qurtuluş Günü kimi yazıldı. Həmin vaxtdan Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ikinci dövrü başlandı.
Beləliklə, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışı ilə Azərbaycan dövlətçiliyi özünün yüksək zirvəsinə çatdı.
Heydər Əliyevin 1992-ci ilin noyabrında yaratdığı və sədri seçildiyi Yeni Azərbaycan Partiyası bu gün Cənubi Qafqazda ən böyük siyasi təşkilatdır.
Ulu Öndərin yeni inkişaf konsepsiyası əsasında Azərbaycan müasir yüksəliş mərhələsinə qədəm qoydu. Yenə də bütün sahələrdə, daxili və xarici siyasətdə böyük uğurlar əldə edildi. Əgər 1993-cü ildə 60 xarici ölkə ilə ticarət əlaqələri qurulmuşdusa, 2002-ci ildə bu əlaqələrin coğrafiyası genişlənərək 128 xarici dövlətlə idxal-ixrac əməliyyatları aparıldı. 2002-ci ildə xarici ölkələrlə ticarət dövriyyəsi 3 milyard 832,9 milyon ABŞ dollarına çatdı və 1993-cü illə müqayisədə 2,8 dəfə artdı. 1995-2003-cü illərdə respublikamızda pensiya və müavinətlərin orta aylıq məbləği 8 dəfə, orta aylıq əməkhaqqı 6 dəfədən çox artdı. Şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin dövlət hesabına mənzillərlə təminatına başlanıldı. 1994-cü ildə məhz Ulu Öndərin titanik fəaliyyəti nəticəsində “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın gələcək inkişafının əsası qoyuldu. 1993-2003-cü illər ərzində Azərbaycanda elə bir sahə olmadı ki, inkişaf etməsin. Ölkənin xarici əlaqələri genişləndi, iqtisadiyyat gücləndi, aqrar sektor inkişaf etdi, ordu quruculuğu yeni mərhələyə qədəm qoydu, daxili sabitlik yarandı, xarici investorların ölkəmizə olan marağı artmağa başladı.
Bu gün Azərbaycan tarixinin ən qüdərli dövrünü yaşayırsa, əminliklə deyə bilərik ki, bu, Heydər Əliyevin gerçəkliyə çevrilən ideyalarının bəhrəsidir. Onu reallaşdıran, uğurla həyata keçirən isə böyük strateq Heydər Əliyevin məktəbinin ən layiqli məzunu cənab Prezident İlham Əliyevdir. Adını Azərbaycan tarixinə müzəffər sərkərdə kimi yazdıran Ali Baş Komandan İlham Əliyev məhz dahi şəxsiyyətdən öyrəndiyi siyasi kursu, daxili və xarici diplomatiyanı necə reallaşdırdısa, cəmi 20 ildə ölkəmiz misli görünməmiş uğurlara imza atan dövlət kimi tanındı.
2003-cü ildə xalqına etdiyi müraciətlərin bir məqamına məsuliyyətlə yanaşan Ulu Öndər “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” fikirləri təsdiqini tapdı və Azərbaycanı dünyanın inkişaf etməkdə olan ölkələri sırasına daşıdı.
Məhz Ulu Öndər Heydər Əliyev məktəbinin ən layiqli məzununun həyata keçirdiyi mütərəqqi islahatlar sayəsində Azərbaycan siyasi və iqtisadi müstəqilliyə sahib ölkə kimi müasir inkişaf yolu keçib dünyada söz və güc sahibinə çevrildi.
Əgər Ümummilli Lider Heydər Əliyev tariximizə Azərbaycan xalqının xilaskar lideri kimi adını yazdırdısa, cənab İlham Əliyev 200 illik münaqişəyə, 30 illik müharibəyə son qoyub tarixinin ən qüdrətli Azərbaycanını yaradan Müzəffər Ali Baş Komandan kimi xalqın qəlbində əbədi heykəlini ucaltdı. Bütün bunlar isə Ulu Öndərin illər öncə səsləndirdiyi sözləri nə qədər uzaqgörənliklə, müdrikcəsinə söylədiyini bir daha təsdiqləmiş oldu.
Son 20 ildə Azərbaycan özünün tarixində görünməmiş böyük inkişaf mərhələsinə qədəm qoyub. Yeni inkişaf erasının başlıca istiqamətləri respublikamızın bütün mövcud potensialdan səmərəli istifadə etməklə regiondakı mövqeyini əhəmiyyətli şəkildə dəyişdirib və möhkəmləndirib. İndi ölkəmizin sürətli iqtisadi inkişafı sosial sferada çoxşaxəli islahatlar aparmağa, dünya təcrübəsindən uğurla çıxmış təkmil mexanizmləri tətbiq etməyə imkan verir. İqtisadiyyatda həyata keçirilən köklü dəyişikliklər makroiqtisadi sabitliyi təmin etməklə bərabər əhalinin sosial müdafiəsini gücləndirmək üçün də möhkəm zəmin yaradıb. Azərbaycan Prezidentinin istənilən böhran dövründəki sosial-iqtisadi islahatlar paketləri, qlobal transmilli layihələri həm xalqın rifah halının yaxşılaşmasına, həm də dövlətin iqtisadi qüdrətinin güclənməsinə real zəmin yaradıb.  Azərbaycanın hər il artan dövlət büdcəsi, yüksələn valyuta ehtiyatları ölkəmizə yeni rekordlar qazandırıb.

Qarabağ və Zəngəzurun xilaskarı, Müzəffər Ali Baş Komandanın möhtəşəm qələbələri

Prezident İlham Əliyevin həyata keçirdiyi tam müstəqil siyasət Azərbaycanı yeni inkişaf mərhələsinə çıxarmaqla yanaşı, regional və beynəlxalq miqyasda nüfuz sahibinə çevirib. Bu gün dünyanın geosiyasi və geoiqtisadi gündəminin əsas mövzularından birini təşkil edən Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycan əsas açar rolunu oynayan dövlətlərdən biri kimi qəbul olunur.
Elə təkcə  aprelin 25-də Bolqarıstanda imzalanan anlaşma memorandumunu göstərmək yetərli olar. Azərbaycan bu sənədə əsasən Avropanın 10 ölkəsinə qaz ixrac edəcək. Bundan başqa, Prezident İlham Əliyevin reallaşdırdığı digər bir layihə də Qara dənizin altı ilə Avropaya enerji xəttinin çəkilişidir. Bu, həqiqətən də Azərbaycanın möcüzə yaratmasının bariz təcəssümüdür. Bütün bunlar göstərir ki, Azərbaycanın iştirakı olmadan bölgədə və geniş mənada yerləşdiyimiz qitədə enerji təhlükəsizliyi məsələləri tam şəkildə həll oluna bilməz. Azərbaycan cənab Prezidentimizin söylədiyi kimi, Avropanın yeni enerji xəritəsini müəyyənləşdirir. Məhz bu uğurlar ölkəmizi dünyada ən etibarlı tərəfdaşa, Prezidentimizin müstəqil siyasəti isə Azərbaycanı söz sahibinə çevirib. 2020-ci ildə  bəşəriyyət həm də Azərbaycanın güc sahibinə çevrildiyinə şahidlik etdi. Məhz Ali Baş Komandan İlham Əliyevin yaratdığı modern Silahlı Qüvvələr 2020-ci ilin sentyabrında başlayıb noyabr ayında şanlı zəfərimizlə bitən İkinci Qarabağ müharibəsində dünya hərb tarixində ilk dəfə olaraq “smart savaş” aparan ordu kimi tanındı.
Azərbaycan xalqının 30 illik həsrətinə son qoyan Müzəffər Ali Baş Komandan bu gün Qarabağ və Şərqi Zəngəzurda misli görünməyən quruculuq işləri həyata keçirir. Azərbaycan yalnız öz iqtisadi imkanları hesabına işğaldan azad edilmiş ərazilərimizdə yaşamaq üçün bütün infrastruktur layihələri gerçəkləşdirir. Bu gün Azərbaycan ən yüksək zirvələrdə möcüzə sayılacaq avtomobil yolları, körpü və tunellər tikir. Hazırda Azərbaycan dünyada yolların keyfiyyətinə görə 27-ci yerdədirsə, həmin layihələrin başa çatması ilə mövqeyini daha üst yerlərə daşıyacaq.
Artıq Qarabağa və Şərqi Zəngəzura Böyük qayıdışa start verilib. Zəngilan və Tərtərin işğaldan azad olunmuş ərazilərində salınmış “ağıllı kənd”lər 30 il torpaq, yurd-yuva həsrəti ilə alışıb-yanan insanların ümid çırağını bir daha alovlandırıb.
Əlbəttə ki, müstəqil Azərbaycan dövlətinin yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin ideyalarının reallaşmasında cənab Prezident İlham Əliyevə hər zaman dəstək olan, ən yaxın silahdaşlıq edən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da böyük xidmətləri var. Azərbaycan həqiqətlərinin dünyaya tanıdılmasında misilsiz xidmətlər göstərən Mehriban xanım Əliyeva Ulu Öndərin humanizm ənənəsini, ideyalarını böyük əzmlə və sədaqətlə həyata keçirir. Prezident İlham Əliyevin reallaşdırdığı kursun dəstəklənməsinə və uğur qazanmasına layiqli töhfələr verən Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Qarabağ və Şərqi Zəngəzurun bərpası istiqamətində kömpleks tədbirlər görür. İşğaldan azad edilən ərazilərimizdəki dini abidələrimizin, məscidlərimizin restavrasiyasını həyata keçirən fond həmçinin aparılan digər işlərə də mühüm töhfələr verir.
Bir sözlə, İkinci Qarabağ müharibəsindəki şanlı zəfərin memarı, tarixinin ən qüdrətli Azərbaycanının müəllifi Prezident cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin ideyalarını uğurla, məharətlə həyata keçirməklə Azərbaycanı daha böyük, daha möhtəşəm zirvələrə doğru aparır desək, yanılmarıq. Sözü imzası qədər keçərli olan dövlət başçımızın postmüharibə dövründə söylədiyi bütün fikirlər artıq təsdiqini tapmaqdadır. Bu gün Azərbaycanla sülh müqaviləsi imzalamaqdan boyun qaçıran Ermənistan artıq yaxşı anlayır ki, zülmətdən qurtuluşu yalnız cənab İlham Əliyevin 5 prinsipli sülh sazişi təklifini qəbul etməkdən keçir. Artıq Azərbaycan öz suveren hüququnu təmin edərək, sərhədlərini müəyyənləşdirir, Laçın-Xankəndi yoluna nəzarət edir. Ali Baş Komandanımızın söylədiyi kimi, bu gün Ağrı dağında, Murov dağında, Zəngəzur dağlarında, Şuşa dağlarında Azərbaycan bayrağı dalğalanır. Həmin bayraqların kölgəsi isə bütün Qarabağ və Şərqi Zəngəzura düşür. Məscidlərimizin minarələrindən səslənən azan səsi düşmənlərin bağrını yarır, havadarlarına isə gözdağı verir.
Cənubi Qafqazın ən güclü ölkəsi kimi Azərbaycan Prezident İlham Əliyevin inkişaf konsepsiyası ilə siyasi və iqtisadi müstəqilliyini gündən-günə gücləndirir, həm söz, həm də güc sahibi kimi dünyadakı mövqeyini daha da möhkəmləndirir, strateji tərəfdaşlarının sayını artırır. Bu isə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyində onun vaxtı ilə söylədiyi “Gün gələcək Azərbaycan dünyaya Günəş kimi doğacaq” müdrik kəlamının gerçəkliyə çevrildiyini təsdiqləyən reallıqdır.

 

Səttar MÖHBALIYEV,
Milli Məclisin deputatı, 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri