Bərdə şəhərində “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda regional konfrans keçirib

578
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda növbəti regional konfransını Bərdə rayonunda keçirib. Qarabağ Regional Təhsil İdarəsində keçirilən tədbirdə ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov, ATİAHİ-nin Bərdə, Beyləqan, Saatlı, Beyləqan, Ağcabədi, Cəbrayıl, Füzuli, Xocavənd, Ağdam, Yevlax rayon komitələrinin sədrləri iştirak edib.
Konfrans iştirakçıları əvvəlcə Bərdə rayon Heydər Əliyev Mərkəzinin qarşısında ümummilli lider Heydər Əliyevin heykəli önünə gül dəstələri qoyublar.
Sonra iştirakçılar Qarabağ Regional Təhsil İdarəsinin qarşısında regionun təhsil müəssisələrinin şagirdlərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Konfrans Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ulu Öndərin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
İclasda ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov, ATİAHİ Ağdam rayon komitəsinin sədri Xalidə Həsənova və başqaları çıxış edərək ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən danışıblar. Qeyd olunub  ki, Azərbaycanda bütün sahələrin, o cümlədən də həmkarlar ittifaqları institutunun davamlı inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün, Heydər Əliyevin bu sahədə olan ideyaları onun mənəvi-siyasi irsinin ən layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.