“Ümumilikdə Azərbaycan xalqının tarixi bir qəhrəmanlıq dastandır. Hər səhifəsində Ana yurda bağlılıq, vətənpərvərlik, torpağına göz dikənlərlə, işğalçılarla mübarizə, milli azadlıq mücadilələri yer alıb. Həmçinin qəhrəman və müdrik xalqımız bəşəri təhlükələrə qarşı mübarizələrin önündə gedərək dünya tarixində dərin iz qoyub. Dünyanın başı üzərini faşizm təhlükəsi alarkən Azərbaycan xalqı qəti mövqe ortaya qoydu, 1941-ci ildə elan edilən səfərbərlik respublikamızda ümumxalq hərəkatı halına gəldi. Təkcə könüllülərin sayı minlərlə idi. Kişilərlə yanaşı, qadınlar da cəbhəyə yola düşürdülər. Müharibə illərində 11 mindən çox azərbaycanlı qadın səfərbərliyə qoşulmuşdur. İkinci Dünya müharibəsində azərbaycanlılar iştirak etdiyi bütün cəbhələrdə igidliyi, rəşadəti, cəsurluğu ilə ad çıxarıblar. Yüksək döyüş ruhu ilə faşizm üzərində qələbədə böyük pay sahibi olublar. Mübariz xalqımızın 600 mindən artıq qeyrətli oğul və qızı müharibənin aktiv iştirakçısı olub və qeyrət rəmzimizə çevriliblər. Azərbaycanlılardan formalaşmış 77-ci, 223-cü, 271, 396-cı, 402-ci və 416-cı milli atıcı diviziyalar Qafqazdan başlayaraq Berlinədək şanlı döyüş yolu keçməklə xalqımızın adını İkinci Dünya müharibəsinin qalib xalqları arasına yazıblar. Həmçinin azərbaycanlılar Polşa, Çexiya, keçmiş Yuqoslaviya və digər ölkələrin azad edilməsinin iştirakçısı olublar, əzmkarlıq nümayiş etdiriblər”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, 170 mindən çox əsgər və zabitimizin müxtəlif orden və medallarla təltif edilməsi heç də təsadüfü olmayıb, onlar bu adı döyüş meydanlarında qanları və canları bahasına qazınıblar: “İki dəfə Sovet İttifaqı Qəhrəmanı adını qazanan Həzi Aslanov, həmçinin İsrafil Məmmədov, Mehdi Hüseynzadə, Gəray Əsədov bizim qeyrət simvolumuzdur. Onlar özlərindən sonra gələn nəsillərə nümunə olublar, xalqımızın adını yüksəkliklərə qaldırıblar. Eləcə də mən Qafur Məmmədovun, 17 ağır yara almasına baxmayaraq, idarə etdiyi təyyarəsini yerə endirən Hüseynbala Əliyevin, qadınlarımızdan təyyarəçi Züleyxa Seyidməmmədovanın, snayperçi Ziba Səlimovanın, gəmi kapitanı Şövkət Səlimovanın adlarını çəkmək istərdim ki, onlar faşizm üzərində qələbənin memarlarındadırlar. Ziya Bünyadov, Rəşid Məcidov və başqaları. Onları saymaqla qurtarmaq olmaz. O cümlədən azərbaycanlıların adları Fransanın, İtaliyanın və digər dövlətlərin qəhrəmanları arasında yer aldı, həmin ölkələrin orden və medalları ilə təltif edildilər”.
“Təbii ki, faşizm üzərində qələbədən danışarkən Bakı neftinin əhəmiyyətini qeyd etməmək olmaz. Neftçilərimiz qarşılaşdıqları bütün çətinliklərə sinə gərərək fədakarcasına cəbhəni və sənayemizi yanacaqla təmin edirdilər. Yeri gəlmişkən, hər beş təyyarənin, hər beş tankın, hər beş avtomobilin dördü Bakı benzini ilə hərəkət edirdi. 1941-1945-ci illərdə Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi məhz Azərbaycandan gedirdi. Bu məsələyə münasibət bildirərkən Sovet İttifaqı Marşalı Georgi Jukov deyib ki, Bakı neftçiləri Vətənimizin müdafiəsinə, onun düşmən üzərində Qələbəsinə nə qədər lazımdırsa, o qədər də yanacaq verirdi. Həmçinin digər Sovet İttifaqı Marşalı Fyodor Tolbuxin qeyd edib ki, Qızıl Ordu qazandığı çoxlu qələbələrinə, hücum edən hissələrə vaxtlı-vaxtında keyfiyyətli yanacaq göndərdiyinə görə Azərbaycan xalqı və cəsur Bakı neftçiləri qarşısında borcludur. Bu etiraflar bir daha təsdiqləyir ki, Bakı nefti olmasaydı, qələbə şübhə altında idi. Bir sözlə, İkinci Dünya müharibəsində Azərbaycan bütün imkanları ilə qələbənin qazanılmasına əhəmiyyətli töhfələr verib”, – Milli Məclisin deputatı vurğulayıb.
AHİK sədri bildirib ki, faşizm üzərində tarixi Qələbənin ildönümü hər il ölkəmizdə qeyd olunur: “Dövlətimizin başçısı cənab İlham Əliyev Qələbə Günündə Həzi Aslanovun, döyüşlərdə iştirak etdmiş xalqımızın igid oğullarının əziz xatirəsini dərin ehtiramla yad edir, müharibə veteranları ilə görüşür, onlarla söhbətləşir, bayram təbriklərini çatdırır. Veteranlar hər zaman dövlətimizin diqqət və qayğıları ilə əhatə olunurlar. Prezidentimiz onların sosial müdafiəsinin daha da möhkəmləndirilməsi istiqamətində sərəncamlar verir”.