AMEA-nın Azad Həmkarlar İttifaqının və Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə keçirilən Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş futbol, stolüstü tennis və şahmat yarışlarından ibarət Spartakiadanın bağlanış mərasimi olub.
Mərasimdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Akademiyanın tabeliyində olan və əhatə etdiyi elmi müəssisə və təşkilatların baş direktorları, eləcə də futbol, stolüstü tennis, şahmat komandaları və KİV nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən akademik İsa Həbibbəyli bildirib ki, müstəqil Azərbaycanın qurucusu, xalqımızın Ümummilli Lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Spartakiadanın keçirilməsi Akademiya üçün olduqca əhəmiyyətli hadisədir. Ulu Öndərin zəngin həyat və fəaliyyətinə, xilaskarlıq və quruculuq missiyasına alimlərimizin hörmət və ehtiramının müxtəlif tədbirlərlə ifadə olunduğunu deyib. AMEA rəhbəri, o cümlədən Ulu Öndərin həyat və fəaliyyətini sistemli, fundamental tədqiqatlarla əks etdirən 15 kitabın çap olunduğunu söyləyib.
Ulu Öndərə həsr olunmuş futbol, stolüstü tennis və şahmat yarışlarından ibarət Spartakiadaya qoşulmuş komandaların aktiv iştirak etdiyini deyən AMEA rəhbəri asudə vaxtın təşkilində əhəmiyyətli rol oynayan oyunların keçirilməsinə dəstəyin bundan sonra da veriləcəyini bildirib.
Daha sonra Spartakiadanın təltifolunma mərasimi keçirilib. Mükafatları AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli təqdim edib.