AHİK sədri Səttar Möhbalıyev “Şıx” sanatoriyasının yeni təmirdən çıxmış korpusunda yaradılan şəraitlə tanış olub

409

Mayın 5-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev “Şıx” sanatoriyasının yeni təmirdən çıxmış 80 çarpayılıq korpusunda yaradılan şəraitlə tanış olub.
Bildirilib ki, korpusda Şuşa şəhərindən olan məcburi köçkünlər məskunlaşmışdı. Dövlətimiz tərəfindən onlar yeni mənzillərlə təmin olunduqdan sonra korpusda təmir işlərinə başlanılıb. Hazırda bina müasir tələblərə uyğun bərpa edilib və yenidənqurma işləri həyata keçirilib.
AHİK sədri binanın ərazisini gəzib, əsaslı təmir edilmiş tibb məntəqəsinə, müalicə və yaşayış otaqlarına, yeməkxanaya, mətbəxə baxış keçirib. Həmçinin Səttar Möhbalıyev yeni tikilmiş hovuza, vanna şöbəsinə, SPA mərkəzinə və yeməkxanaya baş çəkib, xəstələrin müalicəsi və istirahəti üçün yaradılmış şəraitlə maraqlanıb.
Eləcə də Konfederasiya sədri sanatoriyanın digər korpuslarında da olub, hazırda orada müalicə olunan pasiyentlər ilə söhbətləşib, müalicələrinin gedişini öyrənib, rəy və təkliflərini dinləyib.

Qeyd edək ki, dayaq-hərəkət aparatının xəstəliklərinin müalicəsinə müsbət təsir göstərən “Şıx” sanatoriyası 180 çarpayı və hər cür şəraitli bir və ikinəfərlik nömrələrə malikdir. Pasiyentlər bura gələn kimi müayinə olunur və növbəti 15 gün ərzində tibbi nəzarət altında qalırlar. Sanatoriyanın xidmətlərinə naftalan terapiyası, parafin terapiyası və təbii palçıq vasitəsilə müalicə də daxildir. Buranın müalicə bazası kliniki-diaqnostik laboratoriya, funksional diaqnostika, müalicəvi bədən tərbiyəsi, masaj və müxtəlif profilli tibbi kabinetlərdən ibarətdir. Sanatoriyada sualtı duş-masaj, xüsusi şəkildə təchiz olunmuş hovuzlarda sualtı dartılma (hidrotraksiya) və velotrenajor vasitəsilə aşağı ətraf oynaqlarının işlənilməsi kimi balneoloji müalicə üsulları tətbiq olunur. Burada milli və Avropa mətbəxlərinin müxtəlif təamlarını təklif edən komfortlu yeməkxana fəaliyyət göstərir. Həmçinin qidalanma rejimində pəhriz menyusu da nəzərdə tutulub.