Tarixinin ən qüdrətli Azərbaycanının və onun ən möhtəşəm Zəfərinin müəllifi

474

11 aprel 2018-ci il – cənab İlham Əliyevin növbəti dəfə Prezident seçilməsindən beş il ötür. Beş il öncə xalqdan yenidən etimad mandatı alan dövlət başçımız qısa zaman ərzində elə genişmiqyaslı uğurlara imza atdı ki, bu dövrü Azərbaycan tarixinin ən möhtəşəm qürur səhifəsi kimi qiymətləndirilir.

Beş il öncə ölkəmizdə keçirilən sayca 8-ci rəsmi prezident seçkilərində 8 namizəd iştirak edirdi. Xalq Azərbaycanı zülmətdən işıqlı sabaha çıxaran, inkişaf konsepsiyasını müəyyənləşdirən Ulu Öndər Heydər Əliyevin layiqli varisinin yenidən prezident seçilməsi üçün mütəşəkkillik nümayiş etdirdi və cənab İlham Əliyev şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilərdə seçicilərin mütləq əksəriyyətinin səsini qazanmaqla alternativsiz Lider olduğunu bir daha təsdiqlədi.

 

Son 5 ilin mühüm uğurlu göstəriciləri

 

Bu bir həqiqətdir ki, Azərbaycan son 20 ildə misli görünməyən möhtəşəm uğurlar qazanıb. Əgər Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdıb ölkəni uçurumun qarşısından alıb, tənəzzüldən yeni inkişaf yoluna çıxarmaqla adını tariximizə xilaskar lider kimi yazdırdısa, Prezident İlham Əliyev bu xilaskarlıq strategiyasını davam etdirib həm tarixinin ən qüdrətli dövləti, həm də ikiəsrlik münaqişəyə, 30 illik müharibəyə Zəfərlə son qoyan qüdrətli sərkərdə kimi xalqın qəlbində əbədi heykəlini ucaltdı.

2018-ci ildən ötən 5 ilə nəzər yetirsək, Prezident İlham Əliyevin həyata keçirdiyi möhtəşəm iqtisadi və sosial islahatların, yeni inkişaf strategiyasının, qlobal miqyaslı layihələrin şahidi olarıq. Tarixə qısa ekskurs edib son 5 ildəki mühüm uğurlara xronoloji ardıcıllıqla nəzər yetirək:

– 2018-ci ildə yenidən Prezident seçilən İlham Əliyev həmin ili “dərin islahatlar ili” adlandıraraq sosial-iqtisadi və struktur islahatlarına başladı;

– Ən möhtəşəm layihələrdən biri – “Cənub qaz dəhlizi”nin açılış mərasimi oldu;

– Azsaylı kosmik dövlətlərdən olan Azərbaycanın sayca 3-cü “Azerspace-2” peyki orbitə buraxıldı;

– TANAP qaz kəməri istifadəyə verildi;

– Ələt Beynəlxalq Ticarət Limanı fəaliyyətə başladı;

– Naxçıvanda Günnüt döyüşlərində ordumuz böyük üstünlük əldə etdi;

– Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq prioritetləri sənədi paraflandı;

– 2019-cu ildə Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü keçirildi. Təşkilata sədrlik Azərbaycana keçdi.

– TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsi açıldı;

– “Şimal-2” elektrik stansiyası istismara verildi;

– Prezidentin böyük sosial islahatlar paketi qəbul edildi;

– Ölkə əhalisinin problemli kreditləri həll olundu;

– Azərbaycan əhalisinin sayı 10 milyon nəfərə çatdı;

– Dünya Bankının “Doing Business-2019” hesabatında Azərbaycan 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşdı. Bu sənədə əsasən ölkəmiz ən islahatçı 10 ölkə sırasında yer aldı;

– 2020-ci ilin fevral ayında VI çağırış Milli Məclisə seçkilər keçirildi;

– Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (İndiki adı Türk Dövlətləri Təşkilatı) COVID-19-a qarşı mübarizə ilə bağlı xüsusi sessiyası təşkil olundu;

– Prezident İlham Əliyevin təşəbbüsü ilə qlobal pandemiya ilə mübarizə istiqamətində BMT-nin xüsusi iclası çağırıldı;

– Tariximizin ən möhtəşəm Zəfəri qazanıldı. Prezident İlham Əliyev 30 illik münaqişəyə son qoyaraq adını Azərbaycan tarixinə Müzəffər Ali Baş Komandan, Qalib Sərkərdə kimi yazdırdı;

– 2021-ci ildə Prezidentin Fərmanı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradıldı;

– Dövlət başçısının sərəncamı ilə Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edildi;

– Prezident İlham Əliyevin “Zəfər yolu” adlandırdığı Füzuli-Şuşa avtomobil yolu istifadəyə verildi;

– Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalandı;

– Prezident İlham Əliyevə türk dünyasının Ali Ordeni təqdim olundu;

– 2022-ci ildə Böyük qayıdışa start verildi. Zəngilanın Ağalı kəndindən 86 ailə 30 ildən sonra yurdlarına döndü;

– Rumıniyada “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalandı. Sazişə əsasən Azərbaycan Qara dənizin altı ilə Avropaya enerji xətti çəkəcək;  – Qarabağ və Şərqi Zəngəzurda yeni sosial-iqtisadi infrastrukturlar tikilib istifadəyə verildi;

Bütün bunlar Prezident İlham Əliyevin təkcə ötən 5 illik zəngin siyasi fəaliyyətinin, həyata keçirdiyi müstəqil siyasətin, reallaşdırdığı qlobal layihələrin, apardığı sosial-iqtisadi islahatların, ordu quruculuğunun bəhrəsidir.

2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfər isə Ali Baş Komandan İlham Əliyevin prezidentlik dönəmində qazandığı nailiyyətlərin zirvəsi oldu. Bu böyük Qələbə ilə cənab İlham Əliyev Azərbaycanın hərbi və iqtisadi qüdrətini bir daha dünyaya nümayiş etdirmiş oldu.

 

Davamlı islahatlar və yeni inkişaf strategiyası

 

Beş il öncə aprelin 11-də keçirilən prezident seçkilərində qalib gələn cənab İlham Əliyev Milli Məclisdə keçirilən andiçmə mərasimində ona etimad mandatı verən xalqa təşəkkürünü bildirərək bundan sonra da siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayanacağını bəyan etdi.

Vədinə, sözünə sadiq olan Prezident kimi ölkə vətəndaşlarının sosial-iqtisadi durumunun, rifah halının daha da yaxşılaşdırılması istiqamətində mütərəqqi islahatların, sosial-iqtisadi layihələrin həyata keçiriləcəyini deyən cənab İlham Əliyev bununla da gələcək uğurların yol xəritəsini müəyyənləşdirdi. Dövlət başçısı bəyan etdi ki, növbəti illərdə görüləcək işlərlə bağlı çox aydın planlar və proqramlar var ki, bunlar Azərbaycanın sürətli inkişafına zəmanət verir. Məhz bu layihələrlə Azərbaycan daha da qüdrətli ölkəyə çevriləcək.

Əhalinin sosial problemlərinin həlli istiqamətində hər zaman mühüm qərarlar qəbul edən möhtərəm dövlət başçısının prezident seçkisindən sonra ilk imzaladığı fərman  şəhid ailələrinin sosial məsələlərinin həlli istiqamətində oldu. Fərmana əsasən 12 min şəhidin 18 mindən çox vərəsəsinə dövlət tərəfindən 11 min manat vəsait ödənildi.

Hər zaman xalqın yanında olan, problemi, qayğısı ilə maraqlanan Prezident həyata keçirdiyi siyasətlə mütləq əksəriyyətin inamını bir daha qazandı.

Humanizmi ilə nümunə göstərilən, bağışlamağı bacaran Azərbaycan Prezidenti 2018-ci ilin mayın 24-də məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzaladı. Sərəncam 634 nəfərə şamil edildi. Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 607 şəxs cəzanın çəkilməmiş hissəsindən azad olundu. 634 nəfərə verilən azadlıq yüzlərlə ailəyə bəxş edilən sevinc payı oldu. Xüsusi ilə qeyd etməliyik ki, Prezident İlham Əliyev əksər bayramlarda. əlamətdar günlərdə əfv sərəncamları imzalamaqla insanlara yeni həyat bəxş edir.

Azərbaycan Prezidentinin həyata keçirdiyi iqtisadi islahatların uğurlu nəticələri məhz sosial paketlərin qəbulunu şərtləndirdi. Dövlət başçısının hazırladığı sosial paketlər milyonlarla insanın pensiya, müavinət, təqaüd, əməkhaqqı, sosial yardım və digər sosial ödənişlərinin artımına real zəmin yaratdı.

İqtisadi islahatlarla yanaşı, Prezidentin siyasi, struktur islahatıarı isə daha çevik idarəetmə strukturunun yaradılması istiqamətində vacib rol oynadı. Məhz bu islahatlarla dövlət idarəetmə sistemində şəffaflığı təmin etdi, idarəetmənin yeni fəaliyyət üslubunu formalaşdırdı. Xüsusən də gənc kadrların mühüm vəzifələrə təyin edilməsi Prezidentin gənclərə etimadının göstəricisi kimi qiymətləndirilir. Dövlət başçısı hər zaman Azərbaycan gənclərinə güvənərək onlara öz dəstəyini əsirgəməyib. Ölkə gəncliyi də bütün zamanlarda Prezidentin yürütdüyü siyasətin təbliğatçısı kimi üzərilərinə düşən vəzifələri uğurla reallaşdırıb.

Ümumiyyətlə, bütün islahatlar zamanı Prezident İlham Əliyev düşünülmüş addımlar ataraq ilk növbədə xalqın və dövlətin maraqlarını, milli mənafeyi nəzərə almaqla qərarlar qəbul edir. Həmçinin cəmiyyətin islahatlara münasibətinə çox yüksək önəm verməklə xalqın fikri ilə hesablaşır, razılıq və narazılıqları diqqətə almaqla onları fəaliyyətində əsas götürür. Ona görə də xalq Prezidentin həyata keçirdiyi yenilikləri, dəyişiklikləri müsbət dəyərləndirərək ona öz dəstəyini nümayiş etdirir.

Struktur islahatlarına gəlincə isə Prezidentin həyata keçirdiyi yeni siyasi kurs idarəetmə sisteminin daha da təkmilləşdirilməsinə xidmət edir. Qısa zaman ərzində Prezident Administrasiyası, Nazirlər Kabineti, digər dövlət qurumları, yerli icra hakimiyyəti orqanlarında reallaşdırılan islahatlar adları çəkilən qurumların strukturlarının optimallaşdırılmasına xidmət etdi. Əlbəttə ki, bütün strukturlarda islahat aparıldığı üçün bu proses Ali Qanunverici orqandan da yan keçə bilməzdi. Milli Məclisə keçirilən seçkilər də bu islahatların tərkib hissəsi oldu.

2020-ci ilin fevral ayında keçirilən seçkilər VI çağırış Milli Məclis qarşısında da mühüm çağırışlar müəyyənləşdirdi. Milli Məclisin ilk iclasında çıxış edən Prezident İlham Əliyev parlamentin qarşısında olan çağırışları təhlil etdi və müvafiq tövsiyələrini verdi. Dövlət başçısı fəaliyyətdə əsas istiqamətlər kimi kəmiyyətə deyil, keyfiyyətə üstünlük verilməsini, müasir dövrün tələblərinə uyğun çalışmağı, mövcud qanunvericilik bazasını təhlil etməyi və təşəbbüskar olmağı göstərdi.

Parlament seçkilərindən sonra yeni tərkibdə formalaşan Milli Məclisin rəhbərliyinə müxalifət nümayəndəsinin seçilməsi də Azərbaycan hakimiyyətinin bu istiqamətdə həyata keçirdiyi genişmiqyaslı islahatların bundan sonra da davam etdiriləcəyinin göstəricisi idi. Bu, əlbəttə ki, ilk növbədə siyasi sistemin yeni konfiqurasiyasına yol açan islahatların tərkib hissəsi kimi qiymətləndirilməlidir.

 

İki düşmənlə savaş, böyük Zəfər və yeni inkişafın milli prioritetləri

 

2020-ci il dövlət idarəetmə sistemləri üçün həm də sınaq ili oldu. Çünki dünya indiyə qədər görünməyən qlobal böhranla üz-üzə gəldi. Əksər ölkələr vətəndaşların sağlamlığı və iqtisadiyyatın qorunması üçün mümkün olan bütün vasitələrdən istifadə etməyə çalışdı. Amma qlobal pandemiya böhranı dünya iqtisadiyyatını demək olar ki, çökdürdü.

Pandemiya ilə mübarizə tədbirlərinin, insan sağlamlığının qorunması istiqamətində atılan addımların istənilən ölkənin iqtisadiyytına göstərdiyi mənfi təsirlər özünü göstərdi. Təbii ki, bu durum dünyanın bir parçası olan Azərbaycandan da yan keçmədi. Ancaq buna baxmayaraq, siyasətinin mərkəzində hər zaman ölkə vətəndaşı dayanan Prezident İlham Əliyevin həyata keçirdiyi qabaqlayıcı tədbirlər ölkə iqtisadiyyatına o qədər də ciddi təsir etmədi. Böhran dövründə də vədinə sadiqliyini bir daha isbatlayan dövlət başçısı məhz pandemiya ilə mübarizə dövründə sosial paketlər təqdim etməklə vətəndaşının qayğısına qaldı. İşləməyən vətəndaşın maaşı dövlət tərəfindən ödənildi. Ölkədə heç bir sosial layihənin təxirə salınmaması, vətəndaşın sosial rifahının yaxşılaşdırılması istiqamətində önəmli qərarların qəbul edilməsi onu göstərdi ki, Azərbaycan dövləti cənab İlham Əliyevin söylədiyi kimi istənilən böhrandan qurtulmaq gücündədir. Məhz pandemiya dövründə 5 milyona yaxın insanın geniş sosial paketlə əhatə edilməsi, dövlət sektorunda çalışan və işsiz olan 900 min insanın əməkhaqqı ilə təmin edilməsi, 760 min sahibkara lazımi maliyyə dəstəyi göstərilməsi, 600 min insana hər ay 190 manatın ödənilməsi bunun real təsdiqidir.

Prezident İlham Əliyevin qlobal böhranla mübrizə istiqamətində gördüyü işlər Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən bir çox ölkələrə nümunə göstərildi. Qısa zamanda ölkədə maska istehsal edən zavod açıldı, modul tipli xəstəxanalar tikildi, ölkəyə vaksinlər gətirildi. Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi “vaksin millətçiliyinə” qarşı mübarizə apardı və dünyanın əksər ölkələri Azərbaycan Prezidentinin bu təşəbbüsünü dəstəklədi.

Dünyanı ağuşuna alan, yüz minlərlə insanın ölümünə səbəb olan gözəgərünməz düşmənlə mübarizənin davam etdiyi vaxtda 30 il müddətində torpaqlarımızı işğal altında saxlayan Ermənistanın cəbhədə növbəti təxribatlarına cavab olaraq Azərbaycan Ordusu genişmiqyaslı əməliyyatlara başladı. Ali Baş Komandan İlham Əliyevin “Dəmir yumruq” əməliyyatı ilə düşmənin ötən illər ərzində möhkəmləndirdiyi bütün hərbi istehkamları Azərbaycan Ordusu tərəfindən darmadağın edildi. Erməni əsgəri Azərbaycanın igid oğulları qarşısında duruş gətirə bilməyərək bayrağını, silahını atıb qaçmağa məcbur oldu.

Əlbəttə ki, bu savaş baş verməyə də bilərdi. Əgər Hayastan rəhbərliyi Azərbaycan Prezidentinin münaqişənin həlli ilə bağlı ortaya qoyduğu mövqe ilə razılaşsaydı, hər iki tərəf itki vermədən problem həll oluna bilərdi. Amma Hayastanın yeni baş naziri Nikol Paşinyanın beynəlxalq konfranslardakı iddialı çıxışları, “Qarabağ Ermənistandır” sərsəm fikrini səsləndirməsi və Şuşada yallı gedib danışıqlar prosesindən tamamən uzaqlaşması Azərbaycanın səbir kasasını daşırdı. Amma Nikol Paşinyan cəmi 44 günə əsl sərkərdənin qarşısında diz çökmək məcburiyyətində qaldı. Noyabrın 10-da üçtərəfli Bəyanat imzalandı. Bu sənədin bir bəndinə əsasən Hayastan silahlı birləşmələrinin Ağdamı, Laçını və Kəlbəcəri tərk etmələrinə vaxt verildi. Bu isə o demək idi ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev təkcə savaş meydanında deyil, siyasi-diplomatik gedişdə də Hayastana tarixinin ən ağır məğlubiyyətini yaşatdı.

Bu şanlı Qələbə ilə cənab İlham Əliyev yaratdığı ən qüdrətli Azərbaycanın həm də ən möhtəşəm Zəfərinin müəllifi kimi adını tariximizə yazdırdı. Yəni Azərbaycanın son 200 illik tarixində qazandığı ən böyük qələbənin baş memarı kimi cənab İlham Əliyev həm də xalqın 30 illik sağalmayan yarasına məlhəm oldu.

Prezident İlham Əliyevin Qalib Sərkərdə kimi Şuşaya ayaq basması və mədəniyyətimizin paytaxtında ucaltdığı Azərbaycan bayrağının Qarabağa düşən kölgəsi bütün dünya haylarına elə dağ çəkdi ki, hələ də onun yanğısını hiss etməkdədirlər.

Müzəffər Sərkərdə Şuşadan dünyaya səslənərək bəyan etdi ki, yasadığımız müasir dövrdə hüququn əsasları deyil, güc amili ən mühüm silahdır. Azərbaycan uzun illər beynəlxalq təşkilatların ədalətinə sığınsa da, heç bir nəticəsi olmadı və nəhayət, bu münaqişə öz gücü ilə həll edildi, dünya kimin hansı gücə sahib olduğuna şahidlik etdi.

 

Qarabağ və Şərqi Zəngəzurda misli görünməyən quruculuq, Böyük qayıdış

 

Möhtəşəm Zəfərdən sonra Cənubi Qafqazda yeni reallıqlar yarandı. Bu reallıqları düzgün dəyərləndirən Prezident İlham Əliyev bildirdi ki, bölgədə sabitliyin yeganə təminatı Hayastanla sülh müqaviləsinin imzalanmasıdır. Əks təqdirdə məğlub ölkə yenə də regionda bütün qlobal layihələrdən təcrid ediləcək.

Postmüharibə dövründə də Azərbaycan Prezidenti vəziyyəti doğru-düzgün analiz edərək yeni inkişaf starategiyası müəyyənləşdirdi. 2021-ci ilin fevral ayında “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”i təsdiqlədi və növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair 5 milli prioritet müəyyənləşdirildi – dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət, rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı, işğaldan azad olunmuş ərazilərə böyük qayıdış, təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi.

Sənəddə qeyd edilir ki, qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika     dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcək. Bu çərçivədə regionda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region iqtisadiyyatının ümumi arxitekturasının müəyyən edilməsində rolunu daha da möhkəmləndirəcək.

Beləliklə, 30 il düşmən tapdağında inləyən torpaqlarımızı “dəmir yumruq”la geri qaytaran İlham Əliyev Qarabağ və Şərqi Zəngəzuru dəmir iradə ilə yenidən qurmağa başladı. Bütün şəhərlərin baş planları təsdiq edildi və möhtəşəm layihələrin icrasına başlanıldı.

İşğaldan azad edilən ərazilərdə həyata keçirilən tikinti-quruculuq proseslərinə şəxsən nəzarət edən Prezident İlham Əliyev mütəmadi olaraq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına səfər edərək yeni-yeni obyektlərin təməlini qoydu, bəzilərinin açılışını etdi. 2021-ci ildə cənab İlham Əliyev azad edilmiş torpaqlara ümumilikdə 32 dəfə səfər etdi.

44 günlük müharibədə Azərbaycana böyük mənəvi dəstək olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla qalib sərkərdə İlham Əliyev Şuşa Bəyannaməsini imzaladılar. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzura 2 dəfə (Füzuliyə və Zəngilana) səfərdə olaraq qardaşı İlham Əliyevlə birgə müxtəlif obyektlərin açılış mərasimində iştirak etdi.

Savaşdan ötən iki il yarım müddətdə Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda yalnız öz iqtisadi qüdrətinə müasir yaşayış kompleksləri, modern yollar, körpülər, tunellər, hava limanları, istilik və elektrik stansiyaları, su xətləri, inzibati binalar, hotellər və digər sosial-iqtisadi obyektlər yaratdı. Prezidentin tapşırığı ilə Qarabağda və Şərqi Zəngəzurda başlayan yenidənqurma işlərinə ötən 3 il ərzində, yəni 2021-ci, 2022-ci və 2023-cü illərdə ümumilikdə 9,7 milyard manatdan artıq vəsait yönəldilib. 2022-ci ildə isə Prezident İlham Əliyev “Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük qayıdışa dair I Dövlət Proqramı”nı təsdiq etdi.

Bir danılmaz həqiqət də budur ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva bütün bu misli görünməyən layihələri reallaşdıran Prezident İlham Əliyevin ən böyük dəstəkçisi, ən yaxın silahdaşı kimi hər zaman yanında olub. Mehriban xanım Əliyeva birinci xanım kimi üzərinə düşən missiyanın məsuliyyətini dərindən dərk edərək, ölkə üçün taleyüklü məsələlərin həllində cənab İlham Əliyevlə birgə addımlayıb. Müharibədən sonra Azərbaycan xalqı işğaldan azad edilmiş torpaqlarımızın real vəziyyəti, erməni barbarlarının 30 ildə həyata keçirdikləri inanılmaz vəhşilikləri və eləcə də bu torpaqlarda reallaşan layihələri məhz Mehriban xanımın telefonunun kamerasından çəkilən görüntülərdən izləyib.

Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq işlərində, xüsusən də barbar hayların yox etmək istədikləri dini, mədəni abidələrimizin yenidən bərpasında Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun da əvəzsiz xidmətləri var. İşğaldan azad edilən ərazilərimizdə məscidlərimiz, mədəniyyət və dini abidələrimiz fond tərəfindən yenidən bərpa edilir və bütün bunlar tarixi keçmişimizin qorunub-saxlanmasında Mehriban xanım Əliyevanın müfəssəl işi və tariximizə, mədəniyyətimizə hörmətinin, ehtiramının bariz təcəssümüdür.

Qalib ölkənin alternativsiz lideri olan cənab İlham Əliyev yeni inkişaf strategiyası ilə Azərbaycanı Ulu Öndər Heydər Əliyevin görmək istədiyi, yəni dünyaya Günəş kimi doğan ölkəyə çevirərək daha möhtəşəm zəfərlərə, nailiyyətlərə doğru inamlı addımlar atmaqdadır. Qalib ölkənin qalib xalqı isə öz liderinin ərtafında sıx birləşməklə daim Prezidentin yanında olduğunu bəyan edir.

 

Səttar MÖHBALIYEV,
Milli Məclisin deputatı,
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri

“AZƏRBAYCAN” qəzeti  

11.04.2023-cü il