“Kurort” QSC Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbir keçirib

581

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan “Kurort” Qapalı Səhmdar Cəmiyyətinin “Abşeron” sanatoriyasında tədbir keçirilib.

Tədbirdə Səhmdar Cəmiyyətinin Təşkilat şöbəsinin müdiri Kübra Cabbarova Ümummilli Liderin həyat və siyasi fəaliyyətinin bəzi məqamlarından söz açıb.

İftixarla bildirib ki, bir neçə dəfə Heydər Əliyevlə göruşmək, şəxsən söhbət aparmaq şansı olub. Həmin söhbətlərdən aldığı təəssüratları indiyədək unuda bilmir.

Kübra xanım ötən əsrin 90-cı illərinin əvvəllərini xatırladıb. Bildirib ki, iqtisadi tənəzzülə, xaosa, maliyyə çətinliklərinə baxmayaraq, Heydər Əliyev bütün sahələrin bərpasını, inkişafını təmin etməyi bacardı.

AHİK sədrinin müavini, “Kurort” QSC-nin prezidenti Əbil Ağasıyev çıxışında deyib ki, biz bu gün müstəqil, azad, iqtisadi, hərbi cəhətdən güclü Azərbaycanın vətəndaşları olduğumuz üçün Ümummilli Lider Heydər Əliyevə və onun müzəffər davamçısı cənab İlham Əliyevə borcluyuq: “Bugünkü xoşbəxt günlərimiz Ulu Öndərin gərgin zəhmətinin, yuxusuz gecələrinin bəhrəsidir. O, xalqını çox sevirdi. Bütün şüurlu ömrünü sevimli xalqına sərf etmişdi. Təsadüfü deyildi ki, 2-ci dəfə xalqın təkidli tələb ilə hakimiyyətə gələndən sonra demişdi: “Mən ömrümün qalan hissəsini də xalqıma xidmətə həsr edəcəyəm”. Bir ömür bir xalqın əbədi yaşamasına bəs etdi. Biz bu gün həmin ömrün işığı ilə əbədi gələcəyə doğru inamla, İlhamla irəliləyirik”.

O vurğulayıb ki, 1969 ildən etibarən Azərbaycan ərazisində geniş miqyasda kurort – sanatoriya şəbəkəsinin yaradılmasına start verilib: “Bir çox Kurort müəssisələrimiz Ümumittfaq statusu aldı. Keçmiş SSRİ-nin müttəfiq respublikalarından hər il ölkəmizə minlərlə insan müalicəyə, istirahətə gəlirdi. Heydər Əliyevin hakimiyyətə 2-ci qayıdışından sonra da kurort sistemində dirçəliş başladı”.

Tədbirdə “Xidmət – İş” Həmkarlar İttifaqları Federasiyasının vitse-prezidenti Cəmaləddin İsmayılov, “Şıx” sanatoriyasının baş həkimi Gültəkin Süleymanova çıxışlar ediblər.

Tədbir bədii hissə ilə davam edib. Tanınmış müğənnilərin ifasında Ümummilli Liderin ən çox sevdiyi mahnılar səsləndirilib.

Sonda Heydər Əliyevin səhiyyə, mədəniyyət xadimləri, əmək kollektivləri, ayrı-ayrı sənət adamları ilə görüşündən bəhs edən videoçarx nümayiş etdirilib.