Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar aprelin 26-dan mayın 10-dək “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin struktur bölmələri və Heydər Əliyev Beynəlxalq aeroportunun ərazisində xidmət göstərən təşkilatlar arasında mini-futbol, qaçış (1000m), turnikdə dartınma, daşqaldırma, nərd və şahmat yarışlarının açılış mərasimi keçirilib.
Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə baş tutan yarışların açılış mərasimi Dövlət Himnimizin səsləndirilməsi ilə başlayıb.
Komitənin sədri Mübariz Əsədov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) sədrinin birinci müavini Hikmət Osmanov çıxış edərək idmançılara gərgin idman yarışında uğurlar arzulayıb, həmçinin Ulu Öndərin həyat və fəaliyyətindən, xalqımızın həyatında gördüyü işlərdən dövlət quruculuğu siyasətindən, xilaskarlıq missiyasından söz açıblar.
Milli Aviasiya Akademiyasının prorektoru Şəmsəddin Axundov Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevin adından yarış iştirakçılarını və qonaqları salamlayaraq onun təbriklərini catdırıb. Çıxışlardan sonra mini-futbol yarışlarına start verilib. İlk olaraq “Silk Way aviaşirkəti” MMC-nin mini-futbol komandası ilə “Azaloil” Yanacaq-Sürtkü Materialları idarəsinin komandası arasındakı yarış 11:1, Aviasiya Təhlükəsizlik Baş İdarəsi və “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi arasında qarşılaşma isə 12:1 hesabı ilə başa çatıb.