“Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda növbəti zona konfransı Şəkidə keçirilib

619

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi “Heydər Əliyev ili” ilə bağlı silsilə tədbirlərini davam etdirir. Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş növbəti zona konfransı Şəki şəhərində keçirilib. Şəki Heydər Əliyev Mərkəzində təşkil edilən konfransın mövzusu “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” olub.

Tədbirdə ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov, Şəki şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova, Şəki – Zaqatala Regional Təhsil İdarəsinin müdir müavini Günay Mahmudova, ATİAHİ-nin Ucar, Yevlax, Zərdab, Göyçay, Ağdaş, Şamaxı, Ağsu, Mingəçevir, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Şəki, Zaqatala, Balakən rayon komitələrinin sədrləri, həmkarlar ittifaqı fəalları iştirak edib.

Konfrans iştirakçıları əvvəlcə Ümummilli Liderin Şəki şəhər Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış abidəsi önünə tər çiçəklər qoymuşlar. Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ulu öndərin və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

İclasda çıxış edən ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə  bildirib ki, Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan edilib. Bununla əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və onun üzvü olan sahə həmkarlar ittifaqları da müvafiq tədbirlər planı tərtib etmiş və həyata keçirirlər. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi də “Heydər Əliyev İli” ilə bağlı tədbirlərin keçirilməsinə başlayıb. Zona konfransı da Respublika Komitəsinin silsilə tədbirlərindən biridir.

Sonra M.Cəfərzadə Azərbaycanda həmkarlar ittifaqlarının inkişafında ümummilli lider Heydər Əliyevin rolundan danışıb. Qeyd edib ki, Azərbaycanda bütün sahələrin, o cümlədən də həmkarlar ittifaqları institutunun davamlı inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün, Heydər Əliyevin bu sahədə olan ideyaları onun mənəvi-siyasi irsinin ən layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Daha sonra konfransda Şəki şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdir  müavini  Günay Mahmudova, ATİAHİ İsmayıllı  rayon komitəsinin sədri  Hafiz Kərimov, Qax rayonu 2 saylı tam orta  məktəb – liseyin  direktoru Aybəniz Məmmədova, Əməkdar müəllim, HİK veteranı Şəfaqət Rəsulov, Zaqatala rayonu üzrə Təhsil Sektorunun  metodisti  Rəcəb Əlizadə, Oğuz  rayonu üzrə Təhsil Sektorunun metodisti Günel Abdullayeva və başqaları çıxış ediblər.

Sonra ATİAHİ Şəki rayon komitəsinin Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar müəllim  arasında  keçirdiyi «Heydər  Əliyev mənim üçün kimdir?» və şagirdlər arasında keçirilmiş «Ürəklərdə yaşayan lider» inşa-yazı müsabiqəsində yer tutmuş qaliblər mükafatlandırılıb. Mükafatlandırma mərasimində çıxış edən ATİAHİ Şəki rayon komitəsinin sədri Ziyafət Xasıyeva bildirib ki, iştirakçılara təşəkkür edib və rayon komitəsinin bu kimi tədbirləri il ərzində davam etdirəcəyini bildirib.

Tədbirin sonunda şagirdlərin ifasında şeirlər, mahnılar dinlənilib, rəqs nömrələri nümayiş etdirilib.