Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə yeni sədr seçilib

2054

Martın 7-də Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin VI Plenumu keçirilib.

Plenumun gündəliyinə təşkilati məsələ daxil edilib.

Keçirilən səsvermənin nəticələri əsasında Müşfiq Əmirov Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, Rəşad Səfərov isə sədrin müavini seçilib.

İclasda iştirak edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev yeni rəhbərliyə gələcək işlərində uğurlar arzulayıb, bir sıra tövsiyələr verib, o cümlədən sahə həmkarlar ittifaqlarında mövcud olan nöqsanların aradan qaldırılmasını tapşırıb.

Bildirib ki, əmək münasibətlərinin tənzimlənməsi, işçilərin əmək hüquqlarının qorunması, onların sosial müdafiəsinin, asudə vaxtının təşkili, müəssisə rəhbərləri ilə işçilər arasında əmək münasibətlərinin normal məcrada qurulması, yarana biləcək ziddiyyətlərin aradan qaldırılması, işçilərin qanuni mənafelərinin qorunması istiqamətində səylər artırılmalıdır.

Səttar Möhbalıyev həmçinin imzalanan kollektiv müqavilənin şərtlərinə əməl edilməsini, buna nəzarətin həyata keçirilməsini və mütəmadi olaraq müzakirələrin aparılmasını, eləcə də yığılan üzvlük haqqından təyinatı üzrə düzgün istifadəni diqqətə çatdırıb.