Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
Təbrikdə deyilir:
“Dövlətimizin başçısı cənab İlham Əliyev başda olmaqla müzəffər Azərbaycan xalqını, o cümlədən həmkarlar ittifaqlarının hər bir üzvünü, Vətəndən uzaqlarda yaşayan soydaşlarımızı Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, xoş və firavan həyat, ölkəmizə sülh və əmin-amanlıq arzulayıram.
Novruz xalqımızın əsrlərdir qoruyub saxladığı, çətin sınaqlar qarşısında belə dəyərini itirmədiyi bir bayramdır və dostluq, mehribanlıq, bolluq, xeyirxahlıq, mərhəmət və həmrəylik rəmzi olaraq ildən-ilə sevilir.Bayram öz gəlişi ilə yurdumuza xeyir-bərəkət, elimizə yeni gün, ömrümüzə təravət, təbiətə isə təzə nəfəs gətirir.
Milli adət-ənənələrimizin, qədim bayramlarımızın ölkəmizdə tam bərqərar olması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Biz dərin minnətdarlıq hissi ilə xatırlayırıq ki, bayarmlarda Ulu Öndər şəxsən özü şəhərə çıxar, insanları təbrik edər, öz xeyir-duaları ilə hər kəsdə xoş əhval-ruhiyyə yaradardı.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Novruz bayramı ərəfəsində yüzlərlə ailəyə sevinc bəxş edir, ənənəvi olaraq imzalanan əfv Sərəncamı Azərbaycan dövlətinin humanizm siyasətinin təzahürüdür.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik.
Gəlişi ilə sevinc və şadlıq gətirən bahar bayramı qoy hər zaman dövlətimizə və xalqımıza yeni nailiyyətlər qazandırsın.
Dəyərli həmvətənlər, Novruz bayramı münasibətilə bir daha Sizi ürəkdən təbrik edir, ölkəmizə əbədi sülh və tərəqqi arzulayıram!”