Azərbaycan dünyada sülh və sabitlik naminə mühüm işlər görür

560

“Milli maraqlara əsaslanaraq tamamilə müstəqil, balanslaşdırılmış, bərabərhüquqlu tərəfdaşlıq prinsiplər üzərində qurulan Azərbaycanın xarici siyasi strategiyası beynəlxalq münasibətlər sistemində ölkəmizin mövqelərini möhkəmləndirir, nüfuzunu durmadan artırır. Əminliklə deyə bilərik ki, regionda əhəmiyyətli gücə çevrilən Azərbaycan qlobal müstəvidə də sülh və təhlükəsizliyə mühüm töhfələr verir, son dərəcə vacib təşəbbüslərlə çıxış edir. Bu baxımdan dünya dövlətləri ölkəmizlə ünsiyyətə, münasibətlərin qurulmasına və genişləndirilməsinə xüsusi önəm verirlər. Həmçinin hazırda qlobal gərginliyin artdığı, kəskin böhranın yaşandığı bir dönəmdə Azərbaycanın xilaskar missiyası, o cümlədən dünyanın enerji təhlükəsizliyinin təmin olunmasına verdiyi töhfələr beynəlxalq ekspertlər və siyasi xadimlər tərəfindən son zamanlar ən çox müzakirə edilən mövzulardandır”.

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

“Eləcə də Azərbaycan bu gün dünyanı narahat edən problemlərin müzakirə olunduğu mərkəz kimi tanınır. Hazırda paytaxt Bakıda Qoşulmama Hərəkatının Zirvə görüşünün ardından “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu keçirilir. Dövlətimizin başçısı cənab İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirin mövzusu bundan əvvəlkilər kimi kifayət qədər aktualdır. Forumda 4 Prezident, 2 Baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq prezident, 21 sabiq Baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumilikdə 61 ölkədən 360-dək nümayəndənin iştirakı bu platformaya ildən-ilə artan marağı göstərir.  Ötən forumlar kimi, inanırıq ki, builki Forum da bəşəriyyətin üzləşdiyi çətinliklərin dərindən araşdırılması, həlli yollarının müəyyən edilməsi və dünya ictimaiyyətinə çatdırılması baxımından əhəmiyyətli olacaq”, – Milli Məclisin deputatı bildirib.

“Forumun açılış mərasimində çıxışı zamanı Prezident İlham Əliyev dünyada baş verən proseslərə ölkəmizin yanaşmasını, qlobal böhran şəraitində atdığı addımları, pandemiya dövründə gördüyü işləri iştirakçıların diqqətində çatdırmaqla Azərbaycanın dünya üçün nə qədər vacib ölkə olduğunu bir daha sübut etdi. Həmçinin dövlətimizin başçısı Ermənistanın uzun illər davam etmiş işğal siyasətini, onun acı nəticələrini, eləcə də işğalı aradan qaldırmaq üçün Azərbaycanın danışıqlara sadiq qaldığını, bunun heç bir nəticə vermədiyini və müharibənin qaçılmaz olduğunu faktlarla göstərdi. Forum iştirakçıları nüfuzlu sabiq dövlət və hökumət başçıları, tanınmış beynəlxalq ekspertlər, zəngin düşüncəli insanlardır. Təbii ki, bu barədə onların məlumatlandırılması imkan verəcək ki, Azərbaycanın bölgədə müəllifi olduğu yeni reallıqlar, haqlı mövqeyi dünya ictimaiyyətinə çatsın”, – Səttar Möhbalıyev vurğulayıb.

AHİK sədri qeyd edib ki, ümumiyyətlə, dövlətimizin başçısı cənab İlham Əliyev hər zaman beynəlxalq tribunalardan səsləndirdiyi fikirlərlə, irəli sürdüyü təşəbbüslərlə dünya ölkələrini sülhə, sabitliyə, ədalətə çağırır.

Onun sözlərinə görə, Qoşulmama Hərakatının sədri olaraq Prezidentimizin gördüyü işlər dünyada Azərbaycanın müsbət imicini formalaşdırıb: “Çox da uzağa getməyək, elə pandemiya dövründə dünya miqyasında atdığı addımlar kifayət edir ki, Azərbaycan Prezidentinin ədalətli mövqeyini görəsən. O, öz ölkəsi ilə yanaşı, digər ölkələrin, o cümlədən bəşəriyyətin gələcəyi naminə də səylə çalışır”.