AHİK-in nümayəndəsi BMT-nin İqtisadi və Sosial Şurasının Qadınların Vəziyyəti üzrə Komissiyasının 67-ci sessiyasında iştirak edib

514

ABŞ-ın Nyu-York şəhərində BMT-nin İqtisadi və Sosial Şurasının Qadınların Vəziyyəti üzrə Komissiyasının 67-ci (UNCSW67) sessiyası keçirilib.

“Qadın və qızların səlahiyyətləndirilməsi və gender bərabərliyinə nail olunması üçün innovasiya və texnoloji dəyişikliklər və rəqəmsal dövrdə təhsil” mövzusunda keçirilən sessiyada Azərbaycan Həmkaralar İttifaqları Konfederasiyasının (AHİK) Beynəlxalq təşkilatlarla iş sektorunun müdiri Röya Qarayeva iştirak edib.

UNCSW67-də həmkarlar ittifaqları və mütərəqqi təşkilatlarla əlaqələrin qurulması, gender bərabərliyi üzrə beynəlxalq siyasətə təsir göstərilməsi üçün unikal imkanların yaradılması, 2023-cü ildə qadınların səlahiyyətlərinin artırılmasına nail olmaq üçün innovasiya və texnoloji dəyişiklik və rəqəmsal dövrdə təhsilin prioritetləri nəzərdən keçirilib. Həmçinin Komissiyanın 62-ci sessiyasının nəticələri, gender bərabərliyinə nail olmaq üçün yeni çağırışlar və imkanlar, eləcə də evdar qadınların səlahiyyətlərinin genişləndirilməsi məsələləri geniş müzakirə olunub.

R.Qarayeva aparılan müzakirələrdə yaxından iştirak edib, AHİK-in qadınlarla bağlı mövqeyi barədə məlumat verib, Azərbaycanda həmkarlar ittifaqları sıralarında qadınlara kişilərlə bərabər yaradılmış imkanlardan danışıb, rəy və təkliflərini səsləndirib.