İşçi qadınların vəziyyəti müzakirə olundu

579

Fevralın 20-də Belçikanın Brüssel şəhərində Pan Avropa Regional Şurasının (PARŞ) Qadınlar Komitəsinin sonuncu seçkilərdən sonra ilk iclası keçirilib.
Tədbiri giriş nitqi ilə açan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Beynəlxalq əlaqələr şöbəsinin beynəlxalq təşkilatlarla iş sektorunun müdiri, PARŞ-ın Qadınlar Komitəsinin prezidenti Röya Qarayeva müzakirəyə çıxarılacaq məsələlər, 2023-cü il və eləcə də növbəti 4 il üçün iş planının hazırlığı haqqında məlumat verdi. BHİK-in Baş katibinin müavini Ouen Tudor məruzə edərək həmkarlar ittifaqları sıralarında qadınların rolunun daha da gücləndirilməsi, qadın liderlərin hazırlanması, zərif cinsin nümayəndələrinin layiqli işlə təminatı, sosial ədalətdən bəhrələnmələri və sair məsələlərə toxundu. Qeyd etdi ki, biz COVID-19 pandemiyasına hazır deyildik. Bu bizim üçün gözlənilməz bir vəziyyət idi. Həll yolları tapana kimi xeyli vaxt itirdik. Lakin hələ də tam həllə nail olduğumuzdan arxayın deyilik. Günlərin birində pandemiya əvvəlki gücü, bəlkə də daha artıq güclə qayıda bilər. Ona görə də sayıqlığımızı itirməməliyik, bu cür hallara hazırlıqlı olmalıyıq. Biz gördük ki, pandemiya iqtisadiyyata ağlagəlməz dərəcədə ağır zərbələr vurur. İnsanlar kütləvi şəkildə işsiz qalır. İş yerlərinin bağlanmasından ən çox əziyyət çəkənlər isə qadınlar olur. Buna görə də BHİK-in V Dünya Qurultayında qəbul ediləcək yeni sosial müqaviləyə əvvəki illərdən daha artıq ehtiyacımız var.
O.Tudor hazırda həmkarlar ittifaqları qarşısında duran 6 məsələni diqqətə çatdırdı: daha yaxşı və daha çox iş yerlərinin mövcudluğu; təhlükəsiz və yaşıl iş yerləri; işçilər üçün daha güclü hüquqlar; sosial müdafiə və sosial müqavilə; hamı üçün eyni hüquqlar; sülh ilə təmin olunan dünya.
Dünya üzrə sülhün bərqərar edilməsinin önəmini vurğulayan O.Tudor yaxın günlərdə 1 ilinin tamam olacağı Ukraynadakı müharibə ilə bağlı təəssüf hissini bildirdi. Tezliklə bu müharibənin sonlanacağına, Ukraynada və eləcə də bütün dünyada sülhün bərqərar olacağına ümid bəslədiyini dedi.
İclasda BHİK-in Bərabərlik departamentinin direktoru Paula Simonetti tərəfindən BHİK-in hesabatı dinlənildi. O, BMT-nin Qadınların vəziyyəti ilə bağlı komissiyasının Nyu-Yorkda keçiriləcək iclası üçün gender əsaslı layihə proqramı hazırladıqlarını qeyd etdt. Dedi ki, tədbirdə BHİK-in qeydiyyatdan keçirdiyi iyirmidən çox təşkilatın nümayəndələri iştirak edəcək. Gender məsələləri ilə bağlı departamentin BƏT ilə də sıx əməkdaşlığı mövcuddur. Milli səviyyədə həmkarlar ittifaqı təşkilatları ilə əlaqələri gücləndirmək üçün də yeni tədbirlər hazırlamağı planlayırlar.
Paula Simonetti PARŞ Qadınlar Komitəsinin BHİK Qadınlar Komitəsində təmsilçiliyi ilə bağlı məsələyə də aydınlıq gətirdi: “PARŞ Qadınlar Komitəsi BHİK Qadınlar Komitəsində 6 yerə və prezidenti isə BHİK-in Qadınlar Komitəsinin vitse-prezidenti tituluna sahibdir”.
İştirakçılara 2023-cü ildə PARŞ-ın qarşısında duran məsələlər, keçiriləcək tədbirlər haqqında PARŞ-ın siyasi müşaviri Goda Neverauskaite məlumat verdi. O, BHİK-in martın 11-də keçiriləcək Baş Assambleyasından əvvəl PARŞ-ın Rəhbər Komitəsinin, eləcə də İcraiyyə Komitəsinin toplantılarının vacibliyini vurğuladı.
Avropa Həmkarlar İttifaqları Konfederasiyasının gender siyasəti üzrə müşaviri Aline Brüser ETUC qadınlar siyasətindən, BMT ilə birgə İstanbul Konvensiyasında nəzərdə tutulan işlərin həyata keçirilməsindən, 8 Mart-Beynəlxalq Qadınlar Günündə təşkil olunacaq nümayişlərdən söz açdı. Həmçinin bildirdi ki, yerlərdən məlumat toplamaq məqsədilə sorğu hazırlanır.
Günün ikinci yarısında PARŞ Qadınlar Komitəsinin üzvləri növbəti 4 il üçün İş planını müzakirə etdilər. İş planı əlavələrlə qəbul olundu.
İclasın sonunda PARŞ Qadınlar Komitəsinin üzvləri Ukraynadakı müharibənin bir ilinin tamam olması və 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə bəyannamə qəbul etdilər.