Azərbaycanın qüruru

504

Türkiyə Cümhuriyyətində baş verən zəlzələnin faciəvi nəticəsinin aradan qaldırılması üçün demək olar ki, bütün dünya səfərbər oldu. Amma bütün bu prosesdə Azərbaycan xalqının və Azərbaycan Prezidentinin göstərdiyi mərhəmət, qayğı, yardım, dəstək isə ən öndə oldu, nümunə yaratdı. Azərbaycanın hər bir rayonundan, kəndindən, məhəlləsindən qardaş ölkəyə  yardımlar göndərildi.

Amma bu məqamda xüsusi qeyd etməliyik ki, bu prosesdə də hər zaman olduğu kimi, qayğıya, köməyə ehtiyacı olanların yanına birinci yetişən, imdadına ən tez çatan Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın mərhəməti, fədakarlığı daha fərqli oldu. Mehriban xanım Əliyeva yenə də azərbaycanlı qardaşlığının, dostluğunun ən yüksək təcəssümünü nümayiş etdirdi. Məhz Mehriban xanım Əliyeva zəlzələ baş verən ilk anlardan etibarən bununla bağlı təşəbbüslə çıxış etdi və həm rəhbərlik etdiyi Heydər Əliyev Fondu, həm də xalq tərəfindən yardıma ehtiyacı olan qardaşlarımıza kütləvi kömək kampaniyasına başlanıldı.

Mərhəmət və xeyirxahlıq

Türkiyədə zəlzələdən zərərçəkənlərə humanitar yardımla bağlı etdiyi paylaşımda Mehriban xanım Əliyeva bildirdi ki, hər zaman birlik və həmrəylik nümayiş etdirərək bir-birinə kömək etməyə hazır olmaq, əl-ələ verərək çətinliklərdən və sınaqlardan birlikdə üzüağ çıxmaq Azərbaycan xalqının ən gözəl xüsusiyyətlərindən biridir. Qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələnin ilk saatlarından Türkiyə xalqına göstərdiyiniz dəstək xalqlarımız arasında qardaşlıq, dostluq münasibətlərinin, qarşılıqlı sevginin sarsılmazlığının, möhkəmliyinin, əbədiliyinin növbəti əyani sübutudur.

Köməyə ehtiyacı olanlara yardım kampaniyasına qoşulan hər bir soydaşımıza, təşkilata təşəkkür edən birinci xanım azərbaycanlı olduğuna görə qürur duyduğunu bəyan etdi: “Ölkəmizdə başlanılmış yardım kampaniyasına qoşulan hər bir soydaşımıza, yerli şirkət və təşkilatlara, xüsusilə yardım toplama məntəqələrində gecə-gündüz var gücü ilə işləyən könüllülərə, polislərə, bir sözlə, qardaş Türkiyə xalqının yanında olmağa çalışan hər kəsə minnətdaram! İnsansevərliyinizə, mərhəmətinizə və şəfqətinizə görə çox sağ olun! Azərbaycanlı olduğuma görə çox qürurluyam!”

Ümumiyyətlə, Mehriban Əliyevanın göstərişinə əsasən, fevralın 9-dan etibarən Heydər Əliyev Fondu Türkiyəyə bir neçə humanitar yardım təyyarələri göndərib. Bu yardımlar çərçivəsində zəlzələdən zərərçəkmiş şəxslərə müxtəlif dərman preparatları, tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər, qızdırıcısı olan çadırlar, generatorlar, istilik radiatorları, çöl üçün qızdırıcılar, dizel yanacaqlı kaloriferlər, axtarış-xilasetmə işlərinə dəstək məqsədilə ləvazimat və avadanlıqlar çatdırılıb.

Mübaliğəsiz demək olar ki, hər bir azərbaycanlı Mehriban xanım Əliyevanın mərhəmət, yardımsevər, qayğıkeşlik örnəyi olması ilə qürur hissi keçirir.

Ümumiyyətlə, Azərbaycanın birinci xanımı üçün bu qayğıkeşlik, humanistlik təkcə qardaş Türkiyədə baş verən zəlzələ ilə bağlı deyil, Heydər Əliyev Fondunun rəhbəri bəşəri hisslərlə yaşayır. Onun tolerantlıq prinsipinə və multikultural dəyərlərə əsaslanan tədbirləri – sistemli fəaliyyəti respublikamızın inzibati-coğrafi sərhədləri ilə məhdudlaşmır, bir çox ölkələri əhatə edir.

Ötən ilin avqust ayında Pakistanda baş vermiş təbii fəlakətin törətdiyi fəsadların aradan qaldırılmasına və yenidənqurma işlərinin həyata keçirilməsinə dəstək məqsədilə Heydər Əliyev Fondu tərəfindən dost ölkəyə edilən yardımlar, Vatikanda müqəddəs Pyotr Kilsəsinin Bazilikasındakı “Roma Papası I Leon ilə Hun imperatoru Atillanın görüşü” barelyefinin, “Müqəddəs Komodiliya” katakombalarındakı mavzoleyin, Fransanın Strasburq şəhərində Kafedral kilsəsinin, Parisdə Versal sarayının parkındakı abidələrin bərpası,  Fransada yerləşən məşhur Notr-Dam kilsəsinin təmir edilməsi bunu təsdiqləyən reallıqlardır.

Heç şübhəsiz ki, Mehriban xanım Əliyevanın bu missiyası, coğrafi sərhədləri aşan xoşməramlı fəaliyyəti beynəlxalq arenada, geniş qlobal platformada olduqca yüksək qiymətləndirilir, Azərbaycanın bəşər sivilizasiyasının mənəvi xəzinəsinin zənginləşməsinə vacib töhfəsi kimi dəyərləndirilir.

Qəhrəman qazilərə göstərilən qayğı

Bu gün Mehriban xanım Əliyeva Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynayır.  Həm ölkəmizdə, həm də Azərbaycandan kənarda reallaşdırdığı xoşməramlı layihələr Mehriban xanım Əliyevaya böyük sevgi, hörmət, ehtiram formalaşdırıb. Ölkəmizdə həyata keçirdiyi xeyirxahlıq və nəcibliyi ilə xalqın sevimlisinə çevrilən Birinci vitse-prezidentin fəaliyyəti dövlətə layiqli xidmət missiyasının bariz təcəssümüdür, desək yanılmarıq. Məhz bu xoşməramlı layihələr minlərlə insana yeni həyat, xoş günlər nəsib edib.

44 günlük Vətən müharibəsi zamanı sağlamlığını Vətən, torpaq yolunda qurban verərək bədəninin müxtəlif orqanlarını itirən igidlərimizin ən müasir protezlərlə təmin edilməsi prosesinə şəxsən nəzarət edən Mehriban xanım Əliyeva bu xoşməramlı missiyası ilə yüzlərlə qəhrəmana yeni həyat bəxş etmişdir. Döyüşlər zamanı yaralanmış hər bir əsgər və zabitlə görüşlər keçirilib, onlara fərdi yanaşma tətbiq olunub.

Protezə ehtiyacı olan hər bir hərbçinin həyat tərzi, məşğuliyyəti təhlil edilib və bundan sonra onların harat hərəkətləri üçün ən müasir, 4-cü nəsil protezlərlə təmin edilmələri üçün işə başlanılıb. Ümumiyyətlə, bu gün Azərbaycanın inkişaf etmiş səhiyyəsinin imkanları günü-gündən daha da yaxşılaşır. Döyüşlərdə yaralanan, bənəninin hansısa hissəsini itirən hərbçilərimizə elə müasir protezlər hazırlanır ki, onlar sanki heç biz xəsarət almayıblar və əvvəlki kimi hərəkətlərini davam etdirirlər.

Bütün bunlar da bir daha dövlətin hərbçilərimizə, qazilərimizə göstərdiyi qayğının bariz təcəssümüdür. Mehriban xanım Əliyeva da bu prosesdə  çox mühüm işlər görür, hərbçilərimizə, onların ailələrinə böyük sevinc bəxş edir.

Bir sözlə, Vətən müharibəsində əzalarını itirən hərbçilərimiz 4-cü, son nəsil protezlər vasitəsilə aktiv həyata dönüş imkanı əldə edir, hətta idman yarışlarında iştirak edə bilmək bacarığına sahib olurlar.

Qarabağ və Şərqi Zəngəzurda mədəni-dini abidələrin bərpası

44 günlük Vətən müharibəsində də qazanılmış qələbədən ötən 2 ildən artıq  vaxtda  Heydər Əliyev Fondu Qarabağ və Şərqi Zəngəzurun yenidənqurma bərpa prosesinə öz təhfəsini verib.

Şanli Zəfərdən sonra Mehriban xanım Əliyevanın gösərişi ilə Heydər Əliyev Fondu Qarabağın və Şərqi Zəngəzurda 30 il ərzində ermənilər tərəfindən darmadağın edilib, təhqir olunan mədəni, dini abidələrimizin yenidən bərpasına start verib. Bu baradə Birinci vitse-prezident 2020-ci il dekabrın 8-də rəsmi instaqram səhifəsində paylaşım edərək bəyanlamışdı ki, rəhbərlik etdiyi fondu bu xoşməramlı layihələrə start verir. Bu gün artıq bir çox layihələr başa çatıb, bəzilərində isə işlər davam etdirlir.

Bu, bir həqiqətdir ki, Ermənistanın torpaqlarımızı işğal altında saxladığı otuz il ərzində tarixi, dini, mədəniyyət abidələrimiz erməni vandalizminə məruz qalıb, dağıdılıb, təhqir edilib.

Heydər Əliyev Fondu Şuşada da quruculuq və bərpa işlərini gerçəkləşdirərək şəhərin bərpasına öz sanballı töhfələrini verir. Fond Şuşada  Saatlı, Yuxarı Gövhər ağa və Aşağı Gövhər ağa məscidlərinin, Ağdam Cümə məscidinin, Zəngilan məscidinin, Molla Pənah Vaqifin Muzey-Məqbərə Kompleksinin, Mehmandarovların malikanə kompleksinin, məşhur tarzən Sadıqcanın evinin və Şirin su hamamının təmir-bərpa işlərini həyata keçirir.

Fond tərəfindən bərpa edilən mədəni abidələrimiz bir daha Qarabağın qədim Azərbaycan torpağı olduğunu dünyaya bəyan edir və bu ərazilərə səfər edən minlərlə əcnəbi turistlər buna şahidlik etmiş olur.

Mehriban xanım Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondunun Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi bu layihələrə ən yüksək qiyməti Prezident İlham Əliyev verib. Dövlət başçısı bildirib ki, bütün bu işləri Heydər Əliyev Fondu öz imkanları hesabına görür və bu, fondun Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasına növbəti töhfəsidir. Bu, Vətən qarşısında yerinə yetirilən şərəfli borcdur.

Bundan başqa, Bakıda açıq səma altında Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi, Beynəlxalq Muğam Mərkəzi, Müasir İncəsənət Muzeyi, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Muzeyi, habelə Zirə Mədəniyyət Mərkəzi və digər müxtəif mədəniyyət ocaqları da Mehriban xanım Əliyevanın gəsərişi ilə tikilib, bərpa edlib və yenidən qurulub.

Bütün bunlar Mehriban xanım Əliyevanın Azərbaycanın mədəni dəyərlərinin qorunması istiqamətində həyata keçirdiyi işlərin davamıdır, Azərbaycan mədəniyyətinin inkişafına və təbliğatına xidmət göstərən xoşməramlı missiyadır.

Kimsəsizlərin hamisi, böyük dayaq

Bu bir həqiqətdir ki, Mehriban Əliyevanın rəhbərik etdiyi Heydər Əliyev Fondu yarandığı gündən Azərbaycanda və dünyada bir çox layihələr həyata keçirir. Fondun səhiyyə, elm və təhsil, sosial və mədəniyyət sahəsi üzrə reallaşdırdığı xeyriyyəçi layihələr xalq tərəfindən hər zaman təqdir edilir.

Bu layihələrin içərisində keçmiş şəhid ailələri, Qarabağ müharibəsi əlillərinin, keçmiş qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, kimsəsiz, internat məktəbində böyüyən uşaqlara diqqət və qayğı ilə bağlı məsələlər Mehriban xanım Əliyevanın fəaliyyətinin prioriteti olub. Hər zaman bu kateqoriyadan olan insanları diqqətdə saxlayan Mehriban xanım Əliyeva onlarla tez-tez görüş keçirir, problemlərini dinləyir və yerində həllinə çalışır.

Mehriban xanım Əliyeva həm də valideyn himayəsindən məhrum olan uşaqların sevimli anası, qayğıkeşi və sabahlarının ümid çırağıdır. Mənəvi dünyasının saflığı insanlara bağlılıq, xoş münasibət yaradır.  Onun mənəvi dünyasının zənginliyi ömür səhifəsinə yazılan ən ülvi hisslərdir.

Kimsəsizlərə dayaq olan Mehriban xanım Əliyeva onlara sanki ana qayğısı göstərir. Valideyin himayəsindən məhrum olmuş uşaqlar  18 yaşına çatdıqda onların müstəqil həyata başlamaları üçün əlverişli imkanlar yaradır. Məhz Mehriban xanım Əliyevanın göstərişi ilə uşaq evlərində böyüyüb ailə quran kimsəsiz gənclər mənzillərlə və işlə təmin olunurlar.

Humanizm və insanpərvərlik ənənələrinə sadiqlik

Etiraf etməliyik ki, Mehriban Əliyeva hələ deputatlıq fəaliyyəti dövründə də ölkə həyatının bütün sahələrində olan problemli məsələləri diqqətindən kənarda qoymayıb.

2005-2017-ci illərdə Milli Məclisin deputatı olarkən də Mehriban xanım Əliyevanın ölkənin ictimai-siyasi həyatında mühüm xidmətləri olub. Onun rəhbəri olduğu parlamentlərarası dostluq qrupları Azərbaycanın beynəlxalq əlaqələrinin inkişafında əvəzsiz rol oynayıb.

Parlamentin deputatı olarkən mütamadi olaraq seçiciləri ilə görüşən Mehriban xanım onların problemlərinin həlli istiqamətində tədbirlər görüb. Həmçinin birinci xanım parlamentdə xalqı maraqlarından mühüm qanunların qəbul olunmasında, ümumilikdə isə Azərbaycanın ictimai-siyasi, mədəni həyatında fəal rol oynayıb. Onun çoxistiqamətli xoşməramlı layihələri Azərbaycanın inkişafına öz töhfəsini verib və bu istiqamətdə nümunə formalaşdırıb.

Humanistliyi, qayğıkeşliyi ilə köməyə ehtiyacı olan insanların yanında olan Mehriban Əliyeva həm də böyük ürək sahibidir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ədalət, humanizm və insanpərvərlik ideallarına sadiq qalaraq Mehriban xanım Əliyeva deputat kimi Milli Məclisdə  4 amnistiya aktının (2007, 2009, 2013 və 2016-cı illərdə) qəbul edilməsi təşəbbüsü ilə çıxış edib.

2016-cı ildə Mehriban xanım Əliyeva böyük amnistiya aktının qəbulu ilə bağlı Milli Məclisdə keçirilən xüsusi iclasda çıxış edərək bildirmişdir ki, 2007-ci ildən başlayaraq Heydər Əliyev Fondunun təşəbbüsü ilə qəbul edilmiş amnistiya aktları əsasında 30 minə yaxın məhkum müxtəlif növ cəzalardan azad edilib. Mehriban xanım Əliyeva vurğulamışdır ki, Heydər Əliyev Fondu fəaliyyəti ilə həm ölkəmizdə, həm də xaricdə böyük hörmət və inam qazanmış bir təşkilatdır. Fond hər bir addımında, hər bir fəaliyyətində insanpərvərlik və humanizm ideyalarını rəhbər tutur, qayğı və yardıma ehtiyacı olan insanlara daim kömək etməyə çalışır. Təsadüfi deyil ki, bu gün fonda üz tutan insanlar bu məkanı son ümid yeri kimi qiymətləndirirlər.

Azadlığa çıxan məhkumlara yeni həyatlarında uğurlar diləyən Mehriban xanım Əliyeva demişdir: “Bu gün azadlıqdan məhrum olmuş minlərlə həmvətənimizin ən böyük ümidi azadlığa çıxmaq, ailələrinə qovuşmaq və normal həyat tərzini qurmaqdır. Onları bağışlamaq, onlara yeni şans vermək həyatlarında başqa yolu, cinayətə yer olmayan, qanunlara hörmətlə yanaşma prinsiplərinə əsaslanan yeni ömür yolunu vermək deməkdir. Cinayət törədən hər bir insan öz səhvini, təbii ki, dərk etməlidir və gələcəkdə bu səhvlərə yol verməməlidir. Eyni zamanda həm dövlətimiz, həm ictimaiyyətimiz, hər birimiz azadlığa çıxan insanlara onların normal həyat tərzini qurmasında yardım etməliyik”.

Bu səmimi fikirlər bir daha Mehriban xanım Əliyevanın qəlbinin böyüklüyünün, bağışlamaq, əfv etmək, yardım, kömək göstərmək kimi xoş əməllərə sadiqliyinin bariz təcəssümüdür.

Layiqli xidmət missiyası

Azərbaycanlı tarixinin ən qüdrətli dövlətinə çevirən Prezident İlham Əliyevin ölkımizin daha da yüksəlişi naminə həyata keçirdiyi bütün proseslərin, layihələrin rellaşmasında böyük əməyi olan Mehriban xanım Əliyeva dövlət başçımızın sadiq silahdaşıdır. Ümummilli Lider Heydər Əliyevin ideyalarının reallaşmasında cənab Prezidentin ən yaxın silahdaşı olan Mehriban Əliyevanın ictimai-siyasi fəaliyyətini xalq hər zaman yüksək qiymətləndirib. Məhz bu fəaliyyəti, həyata keçirdiyi çoxşaxəli mütərəqqi layihələri, istedad və bacarığı onun 2017-ci ildə ölkənin Birinci vitse-prezidenti təyin olunmasını şərtləndirdi.

Ölkə tarixində dərin islahatlar ili kimi yadda qalan 2016-cı ildə ümumxalq referendumu keçirildi. Ən islahatçı Prezidentin təşəbbüsü ilə keçirilən referendumda seçicilərin etimadı xalqın dövlət başçısına inamının əyani göstəricisi idi. Yəni xalq cənab Prezident İlham Əliyevin elan etdiyi islahatlar konsepsiyasına birmənalı dəstəyini nümayiş etdirdi.

Elə həmin ölkəmizdə ümumxalq referendumu keçirildi. Bu referendumnla Konstitusiyaya dəyişikliklər edildi, eyni zamanda yeni vitse-prezidentlik institutu yaradıldı. Xalqın mütləq əksəriyyəti bu dəyişkliyə öz dəstəyini nümayiş etdirdi və yeni islahatlar ölkədə yeni idarətmə mexanizminin formalaşmasına imkan yaratdı.

Birinci vitse-prezident vəzifəsinə məhz Mehriban xanım Əliyevanın təyin edilməsi isə təsadüfi olmadı. Ona görə ki, Mehriban Əliyevanın həm ölkı daxilində, həm də Azərbaycandan kənarda reallaşdırdığı xoşməramlı missiya, təmınnasız xeyriyyəçilik aksiyaları, təhsil, səhiyyə, mədəniyyət, incəsənət sahələrində həyata keçirdiyi layihələr və ümumən gördüyü bütün işlər aydın şəkildə göstərirdi ki, bu vəzifəyə ən layiq olan kimdir.

2017-ci il fevralın 21-də Prezident İlham Əliyevin sərəncamı ilə Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edildi. Həmin gün Prezidentin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında dövlət başçısı bildirdi ki, Mehriban Əliyeva uzun illərdir ölkəmizin ictimai-siyasi həyatında, mədəni həyatında mühüm və fəal rol oynayır. Çox peşəkar, bilikli, təcrübəli, prinsipial, eyni zamanda çox xeyirxah bir insandır və təsadüfi deyil ki, Azərbaycan xalqı ona çox böyük rəğbətlə, sevgi ilə yanaşır: “Bütün bu sadaladığım amilləri nəzərə alaraq mən bu qərara gəldim. Bu gün Mehriban Əliyevanın həyatında yeni bir dövr başlayır və əminəm ki, ölkəmizin inkişafında bundan sonra da öz dəyərli töhfəsini verəcək”.

Altı ildir ki, Mehriban xanım Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsində fəaliyyət göstərir və gördüyü işlərin, həyata keçirdiyi layihələrin, irəli sürdüyü təşəbbüslərin hər biri Azərbaycanın dünyada tanıdılmasına, mədəniyyətimizin inkişafına və vətəndaşları narahat edən problemlərin həllinə yönəlib. Yəni son 6 ildə Mehriban xanım Əliyevanın həyata keçirdiyi siyasətə nəzər yetirsək, əlbəttə ki, ölkəmiz, xalqımız adına çox böyük işlərin görüldüyünə şahidlik edərik.

Yüksək təşkilatçılıq, idarəçilik məharəti

Mehriban xanım Əliyevanın həmçinin yüksək təşkilaçtılıq bacarığı da hər kəsə bəllidir.  Ölkəmizdə keçirilmiş bir neçə mühüm beynəlxalq tədbirin təşkil olunmasında Mehriban Əliyevanın xüsusi rolu var.  2012-ci ildə “Eurovision” mahnı müsabiqəsinin yüksək səviyyədə keçirilməsi, 2015-ci ildə Birinci Avropa Oyunlarının, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçirilməsini nümunə kimi göstərmək olar. Bütün bunlar məhz  hır iki oyunların təşkilat komitəsinin rəhbəri Mehriban Əliyevanın fəaliyyəti nəticəsində reallaşıb. İki il yarım ərzində bu oyunları Yay Olimpiya Oyunları səviyyəsində keçirmək, əlbəttə ki, böyük nailiyyət idi. Birinci Avropa Oyunlarının tarixdə ən yüksək səviyyədə keçirilmiş mötəbər idman tədbiri kimi qalmasında Mehriban xanımın böyük əməyi var. Bunu təkcə Azərbaycan xalqı deyil, bütün dünya ictimaiyyəti söyləyir. Hər iki mühüm yarışdan sonra beynəlxalq idman ictimaiyyətinin nümayəndələrinin, idmançıların, məşqçilərin öz ölkələrində səsləndirdikləri fikirlər əsl həqiqəti əks etdirdi. Azərbaycan bu yarışlarda ortaya nümunə qoydu və bu yarışların təkcə idman yarışı deyil, həmrəylik bayramlarına çevrildiyi vurğulandı. Azərbaycan Şərqlə, Qərb arasında oynadığı mənəvi körpü rolunu daha da möhkəmləndirdi.

Göründüyü kimi onun siyasi fəaliyyətinin kökündə xeyirxahlıq, nəcib əməllər, xoş niyyət var.

Hər zaman həssas əhali qruplarına qayğı ilə yanaşan Mehriban xanım Əliyeva onları heç zaman diqqətdən kənarda qoymur və sosial ehtiyaclarının ödənilməsi istiqamətində real addımlar atır. Bütün milli bayramlarda,  əlamətdar günlərdə Heydər Əliyev Fondu tərəfindən bu kateqoriyadan olan insanlara, ailələrə sovqatlar göndərilir.

Mehriban xanım Əliyevanın bu əvəzolunmaz fəaliyyətini, həyata keçirdiyi uğurlu missiyanı xalqımız hər zaman təqdir edib, Prezident İlham Əliyev isə çox yüksək qiymətləndirib. Dövlət başçısı 29 iyun 2015-ci il tarixli sərəncamı ilə Mehriban xanım Əliyevanı Azərbaycanın ən ali dövlət mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif edib.

Əlbəttə ki, bu, Mehriban xanım Əliyevanın əvəzedilməz xoşməramlı missiyasına, Azərbaycanın işıqlı gələcəyi naminə həyata keçirdiyi xalqın sevgisinin izharıdır. Əminliklə deyə bilərik ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Prezident İlham Əliyevlə birgə xalqımızın xoşbəxtliyi, firəvan həyatı, dövlətimizin yüksəlişi, daha da qüdrətlənməsi istiqamətində möhtəşəm layihələr həyata keçirəcəklər.

 

Səttar MÖHBALIYEV,
Milli Məclisin deputatı,
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri

“Azərbaycan” qəzeti 21.02.2023