AHİK-in 30 illiyi ilə əlaqədar Bakı şəhərində zona konfransı təşkil olunub

773

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaranmasının 30 illik yubileyi ilə əlaqədar “AHİK 30: Həmkarlar hərəkatının tarixi və gələcək perspektivlərə bir baxış” mövzusunda növbəti konfrans Bakı şəhərində keçirilib. ATİAHİ Nəsimi rayon komitəsinin ev sahibliyi ilə təşkil edilmiş konfransda ATİAHİ Respublika Komitəsinin sədri müavini Mirzə Cəfərzadə, Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov, ATİAHİ Nəsimi, Qaradağ, Səbail, Yasamal, Binəqədi, Nizami, Xətai, Nərimanov, Pirallahı, Xəzər, Sabunçu, Suraxanı, Şuşa, Zəngilan rayon komitələrinin sədrləri və həmkarlar ittifaqı fəalları iştirak edib.

Azərbaycanın Dövlət Himinin səsləndirilməsi ilə başlayan konfransda əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilib.

Konfransda ATİAHİ Respublika Komitəsinin Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov məlumat verərək bildirib ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaranmasının 30 illik yubileyi ilə əlaqədar Gəncə, Şəki, Sumqayıt şəhərlərində konfranslar təşkil edilib. Bakı şəhərində keçirilən konfransla bu tədbirlərə yekun vurulur. “AHİK 30: Həmkarlar hərəkatının tarixi və gələcək perspektivlərə bir baxış” mövzusunda keçirilən bu konfranslar respublika üzrə bütün rayon komitələrini əhatə etmiş və AHİK-in 30 illik yubileyi münasibətilə 250 nəfərdən artıq həmkarlar ittifaqı fəalı ATİAHİ Respublika Komitəsinin Fəxri Fərmanı ilə mükafatlandırılıb.

Sonra ATİAHİ Respublika Komitəsi sədrinin müavini M.Cəfərzadə məruzə ilə çıxış edərək Azərbaycanda həmkarlar ittifaqı hərəkatının yaranması və keçdiyi tarixi inkişaf yolundan danışıb. “5 fevral 1993-cü ildə keçirilən təsis qurultayında Azərbaycan Həmkarlar İttifaqları Şurası özünü buraxaraq səlahiyyətlərini konfederativ tipli Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına ötürdü. Bu təşkilatın yaranması ilə həmkarlar ittifaqlarının fəaliyyətində inzibati-amirlik metodlarına son qoyuldu, sahə həmkarlar ittifaqlarının səlahiyyətləri özlərinə qaytarıldı” deyən M.Cəfərzadə qeyd edib ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın tələbi əsasında yenidən ölkə rəhbərliyinə gəlməsi ilə bütün sahələrdə olduğu kimi, ictimai təşkilatların, o cümlədən həmkarlar ittifaqlarının da həyatında köklü dəyişikliklər baş verdi, ictimai proseslərə səlahiyyətləri çərçivəsində müdaxilə etmək imkanları artdı. Ulu Öndərin demokratik yöndə inkişaf edən vətəndaş cəmiyyətinə verdiyi dəyərin əlaməti olaraq 1994-cü ildə Ulu Öndərin şəxsi təşəbbüsü və nəzarəti altında keçmiş postsovet məkanında ilk dəfə olaraq Azərbaycanda “Həmkarlar ittifaqları haqqında” qanun qəbul edildi. Bununla da təşkilatın fəaliyyəti genişləndi, nüfuzu özünə qaytarıldı, üzvlərin sayı artmağa başladı, qarşısında ictimai təşkilat kimi sərbəst və müstəqil imkanlar açıldı.

Məruzəçi əlavə edib ki, 2003-cü ildə cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə həmkarlar ittifaqlarının qarşısında yeni imkanların açıldı. Dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bərqərar olan demokratik mühit, insan hüquq və azadlıqlarına ali münasibət, vətəndaş cəmiyyətinin inkişafına göstərilən yüksək dəstək AHİK-in də sərbəst və müstəqil fəaliyyətinə geniş imkanlar açdı: “Fəxarətlə deyə bilərik ki, Ulu öndərin tövsiyələrinə uyğun olaraq, bu gün həmkarlar ittifaqları əmək prosesinə cəlb olunmuş Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəçisi kimi ölkəmizdə fəaliyyət göstərən bütün müəssisələrdə, o cümlədən xarici sərmayə ilə işləyən təşkilatlarda, transmilli kampaniyalarda iş şəraitinin müasir standartlara uyğunlaşdırılması, sosial problemlərin həlli və əmək hüquqlarının təmin olunması sahəsində yeni metod və vasitələrdən istifadə edərək daha ardıcıl və məqsədyönlü fəaliyyət göstərir. Həmçinin əmək münasibətlərinin tənzimlənməsi, işçilərin əmək hüquqlarının qorunması, onların sosial müdafiəsinin, asudə vaxtının təşkili, müəssisə rəhbərləri ilə işçilər arasında əmək münasibətlərinin normal məcrada qurulması, yarana biləcək ziddiyyətlərin aradan qaldırılması, işçilərin qanuni mənafelərinin qorunması istiqamətində fəal iş aparılır”.

Sonra konfransda ATİAHİ Nəsimi rayon komitəsinin sədri Reyhan Ocaqova, Qaradağ rayon komitəsinin sədri Zümrüd Rzayeva, Xəzər rayon komitəsinin sədri Həzərxan Əbilov və başqaları çıxış edərək AHİK-in keçdiyi inkişaf yolundan, həmkarlar ittifaqı üzvlərinin əmək, sosial, iqtisadi hüquqları və qanuni mənafelərinin müdafiəsi ilə bağlı görülən işlərdən danışıblar.

Tədbirin sonunda AHİK-in 30 illik yubileyi ilə əlaqədar həmkarlar ittifaqı fəallarına Fəxri Fərmanlar təqdim olunub.