Respublika Komitəsinin V Məclisinin gündəliyi keçirilib

588

Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin V Məclisinin gündəliyində duran əsas məsələ belə adlanırdı:

“Postmüharibə dövründə şəhid ailələrinin, müharibə əlillərinin və müharibə iştirakçılarının sosial təminatına Səhiyyə işçiləri həmkarlar ittifaqının dəstəyi”

Tədbiri giriş sözü ilə açan Respublika Komitəsinin sədri Emin Əfəndiyev əvvəlcə Vətən müharibəsində Ordumuzun Ali Baş Komandan İlham Əliyevin komandanlığı altında apardığı döyüşlərdə göstərdiyi qəhrəmanlıqlar barədə qısa məlumat verdi. Dedi ki, dövlətimiz torpaqlarımızın bütövlüyü uğrunda canını, sağlamlığını fəda edən igidlərin fədakarlığını yüksək qiymətləndirir, qazandıqları qələbəni əbədiləşdirmək üçün böyük işlər görür. Respublika Prezidenti cənab İlham Əliyevin 2 dekabr 2020-ci il sərəncamı ilə 27 sentyabr «Anım günü» elan olundu. Həmin ayın 3-də daha bir sərəncamla noyabrın 8-i Şuşanın geri alındığı gün «Zəfər Günü» kimi təsis edildi. Minlərlə döyüşçü orden, medallarla, fəxri adlarla təltif edildi. Müharibə iştirakçılarına, müharibə əlillərinə, şəhid ailələrinə geniş miqyasda sosial dəstək tədbirləri həyata keçirildi. 93 min şəxsə Prezident təqaüdü, sosial müavinət, pensiya qismində sosial ödəniş təyin olundu. Ödəniş alanlardan 7979 nəfəri şəhid ailəsi üzvü, 2935 nəfəri müharibə əlili, 81856 nəfəri isə müharibə veteranıdı. Şəhid ailəsi üzvlərinə, müharibə əlillərinə 3850 mənzil və fərdi yaşayış evi, 764 nəfər müharibə əlilinə isə minik avtomobili verilib. Həmçinin şəhid ailəsi üzvləri, müharibə iştirakşıları, erməni terrorundan zərər çəkən dinc əhali də daxil olmaqla, 11 min şəxsin aktiv məşğulluq proqramına, o cümlədən 6500 şəxs özünüməşğulluq proqramına cəlb edilib. 2366 şəxs işlə təmin olunub, onlardan 1973 nəfəri müharibə əlili, qalanları isə şəhid ailələrinin üzvləridir. Dövlət dəstəyi ilə yanaşı, şəhid ailələrinin, müharibə əlillərinin və müharibə iştirakçılarının sosial rifahının yaxşılaşdırılması, sağlamlığının qorunması istiqamətində Heydər Əliyev Fondu tərəfindən də müstəsna işlər görülür. Belə ki, Fondun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə döyüşlərdə yaralanmış əsgər və zabitlər yüksək texnalogiyalı protezlərlə təmin olunub, ehtiyacı olan yaralılar dünyanın ən nüfuzlu xəstəxanalarına müalicəyə göndəriliblər.

Emin müəllim AHİK-in Vətən müharibəsi iştirakçılarına, şəhid ailələrinə dəstəyindən də danışdı. Bildirdi ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən 2021-ci ilin martın 17-də 3900, həmin ilin mayın 8-də 4000 və 2022-ci ilin martın 16-da 4065, noyabrın 5-də Zəfər günü ilə əlaqədar 5500 şəhid, qazi ailəsi üçün respublikanın 76 şəhər və rayonuna ərzaq dolu avtomobil karvanı yola salınıb. Həmçinin Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasına orada yaşayan şəhid ailələri və qazi ailələrinə sovqat göndərilməsi üçün maliyyə vəsaiti ayrılıb. AHİK və onun üzv təşkilatları tərəfindən Vətən müharibəsi və sonrakı dövrdə 10 milyon manatdan artıq vəsait xərclənib.202 şəhidin 346 övladı 18 yaşına çatanadək himayəyə götürülüb. Ötən il AHİK tərəfindən 27 şəxs özünüməşğulluq proqramına cəlb olunmaqla onlar üçün kiçik ailə təsərrüfatı yaradılıb, həmin şəxslərdən 14-ü şəhid ailəsi üzvü və müharibə iştirakçılarıdır. Bundan başqa 2022-ci ilin sentyabrın 13-14-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən genişmiqyaslı təxribatın qarşısını alarkən həlak olmuş 18 şəhidin 32 övladı himayəyə götürülüb. Belə ki, bir uşağı olan ailəyə uşaq 18 yaşına çatanadək hər ay 100 manat, iki və daha çox uşağı olan ailəyə uşaqları 18 yaşına çatanadək 200 manat məbləğində vəsait ödəniləcək. AHİK və onun üzv təşkilatları tərəfindən bu istiqamətdə görülən işlər davam etdirilir. Gündəlikdə duran məsələ ilə əlaqədar geniş məruzə ilə Respublika Komitəsi sədrinin müavini Cavid Məmmədov çıxış etdi. Qürurla qeyd etdi ki, Vətən müharibəsinin ilk günlərindən müsəlləh əsgərə çevrilmiş tibb işçiləri, onların həmkarlar ittifaqı ordumuzun yanında olmuş, qələbəmizə öz töhfələrini verməyi vətəndaş borcu bilmişlər. Döyüş səngərlərində, hospitallarda tibb işçiləri yüzlərlə hərbçimizin həyatını xilas etmiş, gecə-gündüz, yorulmadan vəzifə borcunu ləyaqətlə yerinə yetirmişlər. Sahə həmkarlar ittifaqı əməkdaşları «hər şey cəbhə, hər şey qələbə üçün» şüarı altında fəaliyyət göstərmişlər. Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin əməkdaşları sutkalıq növbə cədvəli əsasında fəaliyyət göstərmiş, gündəlik görülən işlər barədə məlumatlar üzv təşkilatlardan toplanılmış, ehtiyacı olan təşkilatlara maliyyə yardımı edilmişdir. Vətən müharibəsi və postmüharibə dövründə Respublika Komitəsi və üzv təşkilatlar tərəfindən dəstək fondlarına və tədbirlərinə ümumilikdə 4 milyon manatdan artıq vəsait xərclənmişdir.

Vətən müharibəsi dövründə Respublika Komitəsi tərəfindən Goranboy, Yevlax, Beyləqan, Ağcabədi, Füzuli, Xocavənd, Tərtər, Bərdə, Ağdam, Şəmkir və Mingəçevir daxil olmaqla, cəbhəyanı 16 şəhər və rayon mərkəzi xəstəxanalarına təxminən 20 min manatlıq tibbi vasitə ianə edilmişdir. Müharibədən sonrakı dövrdə Respublika Komitəsi tərəfindən ailəsində şəhid, müharibə əlili və müharibə iştirakçıları olan səhiyyə işçiləri haqqında məlumat toplanılmışdır. Toplanan məlumatlara əsasən üzvlərimizdən 365 nəfəri şəhid ailəsi üzvü, 92 nəfəri müharibə əlili, 518 nəfəri isə müharibə iştirakçısıdır.

Məclislərarası müddətdə üzv təşkilatları tərəfindən bu qrupdan olan üzvlərimizə maddi və ərzaq yardımları göstərilmiş, bayramlarda hədiyyələr və Fəxri fərmanlar verilmişdir.

Respublika Komitəsi tərəfindən ilk növbədə sahə üzrə çalışan həmkarlar ittifaqı üzvü olan şəhid ailələrinin, müharibə əlilləri və müharibə iştirakçılarının sağlamlığının qorunmasının təşkili, sanatoriya-kurort və istirahət ocaqlarına güzəştli və ya pulsuz yollayışlarla təmin olunması tövsiyə edilmişdir. Üzv təşkilatlar tərəfindən şəhid ailələri, müharibə əlilləri və müharibə iştirakçılarına 2021-ci ildə 55 min168 manat dəyərində 66 nəfərlik, 2022-ci ildə 72 min 181 manat dəyərində 153 nəfərlik, ümumilikdə 127 min 349 manat dəyərində 219 nəfərlik yollayış verilmişdir. Bunlardan şəhid ailələrinə 11 min 160 manat dəyərində 17 nəfərlik, müharibə əlillərinə 1020 manat dəyərində 6 nəfərlik yollayış pulsuz verilmişdir.

“Məşğulluq Proqramı”na əsasən rayon həmkarlar ittifaqı şuralarının dəsətyi ilə Yevlax rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsdə  1 şəhid aləsi üzvü və Yardımlıda 4, Qazaxda 1, Qəbələ RMX-də 1 nəfər müharibə əlili ilə əmək müqaviləsi bağlanmışdır. Şəhid ailələri, müharibə əlilləri və müharibə iştirakçıları tərəfindən Respublika Komitəsi və üzv təşkilatlara daxil olmuş ərizə və müraciətlərə həssaslıqla yanaşılmış, imkan daxilində həllinə lazımi köməklik göstərilmişdir. Ehtiyac olan hallarda ərizə və müraciətlərin yerində araşdırılması üçün Komitənin mütəxəssisləri müvafiq müəssisələrə ezam olunmuşdur. Məruzənin sonunda deyildi ki, Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi və üzv təşkilatları tərəfindən şəhid ailələrinə, müharibə əlillərinə və müharibə iştirakçılarına qayğı və diqqət göstərilməsi davam etdiriləcək və bu kateqoriyadan olan şəxslərin sosial təminat proqramlarına dəstək tədbirləri mütəmadi olaraq həyata keçiriləcək.

Sonda müvafiq qərar qəbul olundu. Məclisin işində AHİK-in sədr müavini Cavanşir Alxasov da iştirak etdi.

 

Əlavə:

  1. SİHİ RK tərəfindən II Qarabağ Müharibəsi şəhidi həkim stomatoloq – Salmanov Taryel Allahverdi oğlunun azyaşlı övladı, Gəncə şəhəri SİHİ Şurası tərəfindən şəhid – İbrahimzadə Bayram Hüseyn oğlunun 2 az yaşlı övladı və Suraxanı rayon SİHİ Şurası tərəfindən isə həkim pediatrın oğlu – şəhid Hüseynov Orxan Bəhmən oğlunun 2 azyaşlı övladı 18 yaşına çatana kimi himayəyə götürülmüşdür.
  2.  Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin V Məclisində 2-ci məsələ olaraq “Dəstək və Həmrəylik üzrə” komissiya yaradıldı.