“Azərsu” ASC-də Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə keçirilən spartakiadanın təntənəli açılış

1000

Yanvarın 23-də “Azərsu” ASC-də Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar keçiriləcək spartakiadanın təntənəli açılış mərasimi olub. Tədbirdə “Azərsu” Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Akif Məmmədov, ASC-nin sədr müavini İlqar Tağıyev çıxış ediblər.

Bildirilib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan  olmasının 100 illik yubileyi münasibətilə, ölkəmizin hər yerində olduğu kimi, “Azərsu” Açıq Səhmdar Cəmiyyətində böyük hazırlıq işləri gedir. Çox sayda tədbirlərin keçirilməsi nəzərdə tutulub. Bu məqsədlə ASC-nin nəzdində yubiley Komissiyası yaradılıb, Tədbirlər Planı təsdiq edilib. Tədbirlər Planına uyğun olaraq Ulu Öndərin su təsərrüfatı sektorunda tarixi xidmətləri mövzusunda konfransların keçirilməsi, filmin, məqalələrin, xüsusi bülletenin və kataloqun hazırlanması, media nümayəndələrinin Sutəmizləyici Qurğular Kompleksinə səfəri, spartakiada tipli yarışların, ağacəkmə və qanvermə aksiyalarının, rəsm sərgisi və poeziya gecəsinin keçirilməsi planlaşdırılıb.

Qeyd olunub ki, hazırda spartakiadanın başlanması ilə yubiley tədbirlərinə start verilir və spartakiadada Cəmiyyətin aparatında və tabeli qurumlarında çalışan 388 nəfər əməkdaş iştirak edəcək. Minifutbol, tennis, şahmat, dama, nərd, domino və ağırlıqqaldırma üzrə yarışlarda qalib gələn əməkdaşlar diplom, medal və kuboklarla təltif olunacaqlar.