Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib

367

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib. Tədbir AMEA Azad Həmkarlar İttifaqı, MEK-in və  YAP Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə baş tutub.

Öncə MEK-in foyesində Ulu Öndərin büstü önünə tər gül dəstələri düzülüb, dahi rəhbərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan MEK-in baş direktoru Məmməd Əliyev Prezident İlham Əliyevin 2023-cü ilin ölkədə “Heydər Əliyev İli” elan edilməsi haqqında imzaladığı Sərəncamı xatırladaraq lektoriyanın məhz bu ilin çərçivəsində keçirildiyini diqqətə çatdırıb. Baş direktor qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin hər sahəyə olduğu kimi elmə, təhsilə, kitabxanaya, kitaba qayğısı heç zaman diqqətdən kənarda qalmamışdır: “Mərkəzi Elmi Kitabxananın yeni binası Prezident İlham Əliyevin 2011-ci il 29 aprel tarixli Sərəncamına əsasən tikilib. Bu, Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin həmin sahəyə olan qayğısının nəticəsidir”.

AMEA Azad Həmkarlar İttifaqının sədri Habil Qurbanov bildirib ki, Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir: “Ulu Öndər Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Ulu Öndərin idarəetmə fəlsəfəsinin başlıca ideya-siyasi istiqaməti xalqın milli özünüifadəsinin bütün forma və vasitələrinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi və milli şüurun yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi ilə səciyyələnmişdir”.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Ulu öndərin siyasi fəaliyyəti ilə bağlı geniş məruzəsi zamanı ölkənin bugünki inkişafının təməlinin məhz 1969-1982-ci illərdə Heydər Əliyev tərəfindən qoyulduğunu, Ulu öndərin parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı gələcəyə aparan yolları müəyyən etdiyini vurğulayıb. Sonda Ulu öndərin zəngin siyasi irsini özündə əks etdirən nəşrlərdən ibarət sərgiyə baxış keçirilib.